Çayçılığa dəstək aksiyası el şənliyinə çevrilib
1930-cu illərin əvvəllərində respublikamızda ilk dəfə Lənkəran rayonunda çayın sənaye məqsədilə intensiv inkişafına başlanılıb. O illərdə İstisu qəsəbəsində 50 hektar sahədə plantasiya salınıb. Uzun illər yerli əhalinin əsas məşğuliyyəti çayçılıq olub.
Sahibkar Araz Yaqubov 21 il əvvvəl qəsəbədə “Yaşıl çay” fermer təsərrüfatı yaradıb. Təsərrüfatın 61 hektar çay plantasiyası, iki emal müəssisəsi, istirahət mərkəzi var. Müəssisədə müasir texnologiyaların tətbiqi ilə buraxılan “Lənkəran çayı” ölkəmizin hüdudlarından uzaqlarda da yüksək keyfiyyəti ilə fərqlənir. Təsərrüfat bölgə və respublika səviyyəli bir sıra tədbirlərə də ev sahibliyi edir. Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ərəfəsində paytaxt Bakı və respublikamızın bütün bölgələrini təmsil edən gənclərin iştirakı ilə “Çayımızın adı var!” adlı marafon keçirilib.
Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin rəisi Teymur Babazadə marafonun xalqımızın milli dəyərlərini, zəngin çayçılıq ənənələrini təbliğ etmək, regionun mədəni irsini gənclərə aşılamaq və çayçılıq şöhrətini artırmaq məqsədilə keçirildiyini bildirib.
Sahibkar Araz Yaqubov qonaqları təsərrüfatın çay plantasiyaları, emal sexləri, müxtəlif çeşiddə buraxılan məhsulları ilə tanış edib. Sonra mövsümün ilk yığımına start verilib. Gənclərin iştirakı ilə sahələrdən 61,3 kiloqram yaşıl çay dərilib.
Ucar Gənclər Evinin könüllüsü Nəzrin Baxışova birinci, Lənkəran Regional “ASAN xidmət” mərkəzinin könüllüsü Dinarə Məmmədova ikinci, Beyləqan Gənclər Evinin könüllüsü Elmira Qəhrəmanlı üçüncü yerə layiq görülüb. Qaliblərə təşəkkürnamə və hədiyyələr təqdim edilib.
Bakıdan gəlmiş incəsənət ustalarının, “Nənələr” folklor ansamblının üzvləri və nəvələrinin, Astara rayonunun “Əvəsor" xalq folklor və cənub bölgəsinin digər xalq yaradıcılığı kollektivlərinin ifasında musiqi nömrələri səslənib, rəqslər nümayiş olunub. Milli musiqimizin ahəngdar ritmləri çaysevərlərdə xoş ovqat, qəsəbədə bayram əhvali-ruhiyyəsi yaradıb.
Əlisəfa HƏSƏNOV,
XQ-nin bölgə müxbiri

