II MƏQALƏ
Azərbaycançılıqda “xalq fəziləti”
Ulu öndər Heydər Əliyevin azərbaycançılıq məfkurəsi əsasında akademik İsa Həbibbəyli “Azərbaycan xalqı” anlayışını azərbaycançılığın əsas prinsiplərindən biri kimi təqdim edir. Heydər Əliyev liderliyinin konseptual kodlarının dərk edilməsi baxımından çox prinsipial yanaşmadır. Məsələ fundamental dəyər səviyyəsində, ümumiyyətlə, “xalq” məfhumunun bütövlükdə, türk qövmünün və xüsusi olaraq Azərbaycan toplumunun şüuru ilə həyat fəlsəfəsinin vəhdətində obrazlaşması və predmetləşməsi kontekstində çox dərindir! Diqqət yönəldilən həmin özəlliyin “konseptual dəyəri”nin nəzəri prinsip kimi məzmunlaşdırılması, əlbəttə, faydalı olduğu qədər də mürəkkəb idraki prosesdir.
Burada onu nəzərə almaq vacibdir ki, ümumiyyətlə, Heydər Əliyevin liderlik fəaliyyəti mahiyyətcə adekvat dərk edilməli kodlar üzərində qurulmuşdur. Bunun başlıca səbəblərinin həm liderliyin təbiəti, həm də Ulu öndərin Azərbaycan üçün yaranmış tarixi-siyasi və geosiyasi situasiyanın ciddi ziddiyyətliliyini çox dərindən dərk etməsi olduğunu düşünürük. Bu müddəaların fonunda “xalq” anlayışının azərbaycançılığın əsas prinsiplərindən biri olaraq aşağıdakı kimi mənalandırılması çox maraqlıdır:
“1. Azərbaycan xalqı müstəqil Azərbaycan dövlətinin yaradıcısı, sahibi, daşıyıcısı və qoruyucusudur.
2. Azərbaycan xalqı – tarixən və mənşə etibarilə Azərbaycanda yaşayıb formalaşan, ölkəni qoruyub saxlayan və inkişaf etdirən əsas hərəkətverici qüvvədir.
3. Sədaqətli olmaq, bütövlük, Vətən və torpaq sevgisi Azərbaycan xalqının xarakteridir”.
Bu üç aspektin ortaq semantik sahəsində əmələ gələn fəzilətli yeni mənanı müəyyənləşdirək.
Birinci müddəa (“Azərbaycan xalqı müstəqil Azərbaycan dövlətinin yaradıcısı, sahibi, daşıyıcısı və qoruyucusudur”) Azərbaycan Respublikasının 1995-ci il Konstitusiyasında hüquqi təsbit edilmişdir. Bu mənada, “xalq suverenliyi” anlayışının “dövlət suverenliyi” anlamının bünövrəsində durması konseptual aspektdə siyasi-hüquqi sərhədləri aşır. Məhz bu böyük məna genişlənməsinin mənbəyi Heydər Əliyevin azərbaycançılıq məfkurəsində “Azərbaycan xalqı” anlayışına verdiyi məzmundadır.
İkinci müddəa (“Azərbaycan xalqı – tarixən və mənşə etibarilə Azərbaycanda yaşayıb formalaşan, ölkəni qoruyub saxlayan və inkişaf etdirən əsas hərəkətverici qüvvədir”) tarixi-mədəni təşəkkül müstəvisində Azərbaycan xalqının mövcudolma və təkamületmə fəlsəfəsinin baza özəlliyini ifadə edir. Burada ayrıca, tarixi birgəyaşam və mədəniyyət təməlində ölkənin qoruyub saxlanılması və inkişaf etdirilməsinin əsas hərəkətverici qüvvəsinin xalq olmasının prinsip səviyyəsində anlamı olduqca aktual və önəmlidir.
Üçüncü müddəa Azərbaycan xalqının toplumsal mövcudluq forması kimi kollektiv dünyaduyumu və xarakterinin başlıca xüsusiyyətlərini ifadə edir – “sədaqətli olmaq, bütövlük, Vətən və torpaq sevgisi Azərbaycan xalqının xarakteridir”.
Ortaq məntiqi və semantik kod
Bunlardan üç müddəanın azərbaycançılığın prinsiplərinin tezisləri qismində ortaq semantik mənzərəsi aydınlaşır: xalq hüquqi, siyasi, ideoloji və mənəvi-mədəni aspektlərdə azərbaycançılığa hər tarixi dönəmdə məzmun verən başlıca hərəkətverici qüvvədir. Bu anlamda azərbaycançılıq burada yaşayan hər bir etno-mədəni mənsubluğun ölkəni, cəmiyyəti və dövləti qorumalı olan ümumi ideyası, fəaliyyət prinsipi və məfkurəsidir! Çünki onların hər biri ayrılıqda və bir yerdə kollektiv mədəniyyətin, bütöv ölkənin, müstəqil dövlətin yaradıcısı, daşıyıcısı və sahibidirlər.
Buradan azərbaycançılığın prinsipial tərkib hissəsi anlamında xalq anlayışından Vətən anlayışına keçid əhəmiyyətlidir. Bütövlükdə, “xalq-Vətən” tandeminin azərbaycançılıq çərçivəsində dərki vacibdir. Çünki həmin anlam Ulu öndərin Vətən anlayışının konseptual bazasını təşkil edir. Onu vurğulayaq ki, istənilən qövm üçün xalqdan Vətənə məntiqi və semantik “keçid”in adekvat konseptual əxzi sadə iş deyildir. Bu anlayışıların hər biri ayrılıqda kollektiv şüurun əsas atributları sırasındadır. Toplum öz “xalqlığı”nı doğru dərk etməyəndə mütləq yolundan sapır.
Vətən anlayışı isə özündə mədəniyyət, adət-ənənə, müəyyən coğrafi məkanda yaşama taleyi ilə yanaşı, dövlətçiliyi də ehtiva edir. “Vətən sağ olsun!” kəlamının mənası bu baxımdan çox dərin və əhatəlidir.
Demək mümkündürmü ki, “Vətəni xalq yaradır, lakin bundan öncə Vətən ola biləcək məkan xalqı yaradır?”. Heydər Əliyevin liderlik fəlsəfəsi prizmasında xalq-vətən birliyinin özəllikləri aydın görünür. Ulu öndərin fəaliyyətində Azərbaycan ziyalılığını, yazıçıları, şairləri, filosofları, mədəniyyət xadimlərini aktiv müdafiə etməsi, onları qoruması və himayə etməsi təsadüfi deyildi. Heydər Əliyev çox müxtəlif kontekstlərdə ifadə edirdi ki, Azərbaycan xalqının formalaşmasında yaradıcı (elmi, siyasi, mədəniyyət üzrə və s.) adamların töhfəsi böyükdür.
Bu anlamda xalqın həm özünə, həm də yaşadığı Vətənə münasibətinin formalaşmasında ziyalılıq aparıcı yer tutur. Vətəni xalq həmin üsulla öncə öz daxilində, mənəviyyatında, mədəniyyətində, Vətən duyumunda “yaradır”, sonra isə praktiki yaşam fəlsəfəsinə proyeksiyalayır. Azərbaycançılıq prizmasında Vətən anlayışı vətəndaşın yaşadığı ölkənin vahid coğrafi, mənəvi, mədəni, ideya obrazını formalaşdırması ilə sıx bağlıdır. Bu anlamda xalqın kollektiv mövcudat olaraq “Vətəni yaratması” ayrıca tədqiq edilməli məsələdir.
Xalq-Vətən vəhdəti prinsip kimi
Heydər Əliyevin liderliyində xalq-vətən vəhdətinin azərbaycançılıq prinsiplərinin fonunda ortaq məntiqi və semantik kod qismində ayrıca əhəmiyyət kəsb etdiyi yuxarıda vurğuladığımız məqamlardan görünür. Bu, prinsip səviyyəsində isə akademik İ.Həbibbəylinin ifadə etdiyi istiqamətlərin semantik, məntiqi və praktiki-funksional aspektlərdə sintezində əksini tapa bilər. Konkret olaraq:
“1. Azərbaycançılıq – ölkədə hüquqi-demokratik dövlətin daşıyıcısı olan Azərbaycan xalqının dövlətçilik ideologiyasının ana xəttidir.
2. Azərbaycançılıq – Azərbaycanı özünə Vətən hesab edən bütün xalqları birləşdirən ideologiyadır.
3. Azərbaycançılıq – dünya azərbaycanlılarının milli-mənəvi birliyinin rəmzidir” müddəalarında xalq-vətən məntiqi və semantik keçidi ifadəsini tapmışdır. Buradan praktiki-funksional müstəvidə onların reallaşmasının elmi izahına keçmək mümkündür”.
Birincisi, azərbaycançılıq Azərbaycan xalqının dövlətçilik ideologiyasının ana xətti kimi onun (xalqın) hüquqi-demokratik dövlətin daşıyıcısı olmasının mənəvi, əxlaqi, mədəni və ideya bünövrəsini təşkil edir.
İkincisi, azərbaycançılığın hüquqi-demokratik dövlətin daşıyıcısı olması üçün fərdi və kollektiv səviyyələrdə “Vətən” anlayışının inklüzivliyi ilə legitimliyi bir-birini tamamlamalıdır. Yəni “Vətən” elə məzmunda dərk edilməlidir ki, toplumun hər bir fərdi və kəsimi üçün qəbul edilən olsun və eyni zamanda, bu ideyanın reallaşmasında kollektiv fəallıq təmin edilsin.
Bir nümunə göstərək. Türk qövmündə, o cümlədən Azərbaycan toplumunda “Torpaq uğrunda şəhid olan varsa, Vətəndir” deyimi mövcuddur. Bu ideya türklərin Vətəni anlayış olaraq ərazi, torpaq, coğrafi məfhum kimi anlamının semantik hüdudlarından çıxararaq, geniş mənəvi, əxlaqi, mədəni, ideoloji kontekstdə mənalandırmağa imkan yaradır.
Bu mənada, azərbaycançılığı yuxarıda vurğuladığımız kimi, həm də “dünya azərbaycanlılarının milli-mənəvi birliyinin rəmzi” kimi qavramağımız hər bir azərbaycanlının dünyanın hansı coğrafiyasında olmasından asılı olmayaraq “Azərbaycan Vətənimdir” ideyasını öz mənliyində, mənəviyyatında, əxlaqında, düşüncəsində və həyat tərzində saxlamalı olmasına səslənişdir. Burada Ulu öndərin bir fikrini xatırlamaq zəruridir.
Heydər Əliyev çıxışlarının birində vurğulamışdır ki, Azərbaycan xalqı ən çətin dönəmlərdə belə müstəqil Azərbaycan Respublikasının (Azərbaycan Demokratik Respublikası nəzərdə tutulur) üçrəngli bayrağını gizli surətdə saxlamış və onu qorumuşdur. O bayraq milyonların qəlbində saxlanmışdır. Halbuki siyasi olaraq, Azərbaycanın şimal hissəsi sovetlərin, cənubu isə İranın tərkibində idi. Deməli, Azərbaycançılıq prinsip səviyyəsində coğrafi, mənəvi, mədəni, əxlaqi və ideya aspektlərinin vəhdətində formalaşan çoxmənalı fenomendir.
Beləliklə, ulu öndər Heydər Əliyevin liderlik nümunəsində “Azərbaycan xalqı” anlayışı azərbaycançılığın təməl müəyyən-
edici məfhumlarından biri kimi yer tutur. Bu məqam azərbaycançılığın 7 prinsiplərindən 2-cisində vurğulanmış tezislərin semantikası və məzmunundan aydın görünür. Onların mənaca sintezi Ulu öndərin “Hamımızın bir Vətəni var. Bu, Azərbaycandır!” və “Vətən birdir, hamı Vətən uğrunda çalışmalıdır!” kəlamının dərk edilməsinə yardımçı ola bilər!
Buradan azərbaycançılıq prinsiplərindən biri kimi “Azərbaycan dövlətçiliyi” anlayışına məntiqi və semantik keçid edə bilərik.
Azərbaycan dövlətçiliyi prinsipi
Azərbaycan dövlətçiliyinin azərbacançılığın prinsiplərindən biri kimi məzmunu və funksiyasının bünövrəsində ümummilli lider Heydər Əliyevin aşağıdakı məşhur kəlamı dayanır: “Müstəqil Azərbaycan dövlətinin ideya əsası Azərbaycançılıqdır!” Əslində bu qısa tezisdə Heydər Əliyev liderliyinin mühüm kodlarından biri ifadə olunmuşdur.
Onun başlıca mənası belədir: “Azərbaycan dövləti” ifadəsini ideya kimi adekvat dərk etmək üçün azərbaycançılığı xalq-Vətən vəhdəti fonunda ideya olaraq anlamaq və qəbul etmək gərəkdir. Burada “müstəqil Azərbaycan dövləti” tezisinin nə üçün azərbaycançılığın 7 əsas prinsiplərindən biri kimi müəyyən edilməsi məsələsi də aydınlaşır. Belə ki, Ulu öndərin liderliyində müstəqil və uğurlu Azərbaycan dövlətinin qurulması strateji mənası olan məqsəddir. Buna görə də Heydər Əliyevin liderliyinin kodları sırasında müstəqil Azərbaycan dövlətinin qurulması, gücləndirilməsi və onun əbədi olması fəaliyyətin başlanğıcı və strateji yekunu kimi xüsusi yer tutması təbiidir.
Aydındır ki, vurğulanan kontekstdə müstəqil dövlət quruculuğu çoxaspektli dinamik proses olaraq dərk edilməlidir. Lakin Azərbaycançılığın dövlət ideyasının əsası kimi çıxış etməsi “müstəqil dövlət” anlayışına xüsusi məna verir. Bu çox əhəmiyyətli məqamı tədqiq etmək bir zərurətdir. Çünki Heydər Əliyevin liderlik kodunda “müstəqillyin təmini–müstəqil dövlət-güclü dövlət” ümumi “triadası” yalnız konseptual əhəmiyyət daşımır, həm də praktiki realllaşma anlamına malikdir.
Son 300 ilin acı dövlətçilik təcrübəsini dərindən öyrənib, perspektivi olan nəticə çıxarmaq üçün bu, çox lazımdır. Nəzərə alaq ki, Heydər Əliyev daim ifadə etdiyi fikirləri həm də səsləniş olaraq bəyan edirdi, çünki həm dövlətçilik tariximizi incəliklərinə qədər dərin, həm də müasir mərhələdə davamlı müstəqil ola biləcək güclü dövləti necə qurmağın fəlsəfəsini, geosiyasətini, siyasətini və diplomatik üsullarını çox gözəl bilirdi.
Vurğulanan məqamların fonunda 3-cü prinsipin aşağıdakı alttezislərinin təhlili vacibdir. Orada yazılmışdır:
“1. Azərbaycan dövləti – Azərbaycan xalqının öz tarixi ərazisində çoxəsrlik ənənələri olan, ölkənin ərazi bütövlüyünü yaşadan və qoruyub möhkəmləndirən idarəetmə sistemidir.
2. Güclü dövlət, demokratik prinsiplər, milli sərvət, iqtisadi inkişaf və hərbi qüd-rət Azərbaycan Respublikasının hərtərəfli inkişafının əsasıdır”.
(ardı var)
Füzuli QURBANOV,
XQ-nin analitiki,
fəlsəfə elmləri doktoru

