Kəlbəcərdə bal festivalı

post-img

Dağlar diyarının ölkəyə şirin töhfəsi

Dünən Kəlbəcər rayonunun mərkəzində IDEA İctimai Birliyinin təşəbbüsü, Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyi, Kənd Təsərrüfatı Nazirliyi, “Aqrar Tədarük və Təchizat” ASC və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə Kəlbəcər Bal Festivalı öz işinə başlayıb.

İşğaldan azad olunmuş ərazilərdə yaylaq mövsümünün başa çatmasına və Azərbaycan balının brendləşdirilərək dünya bazarına çıxarılmasına həsr olunan festivalda ölkəmizin müxtəlif bölgələrindən tanınmış arıçılar, o cümlədən IDEA İctimai Birliyinin dəstək verdiyi gənc arıçılar iştirak edərək müxtəlif arıçılıq məhsullarını sərgiləyirlər.

Festival iştirakçısı, rayonun Çay Qılınclı kəndinin arıçı fermeri Elnur Babayev fermerlərin artıq üç ildir ki, təsərrüfatlarını Kəlbəcər yaylaqlarına gətirdiklərini bildirib. Bal festivalına çıxarılan arıçılıq məhsullarının ixrac potensialının yüksək olduğunu bildirən fermer deyib ki, hava şəraitindən asılı olaraq burada daha çox məhsul əldə etmək mümkündür. O, istehsal etdikləri arıçılıq məhsullarının bazar qiymətləri və keyfiyyəti ilə bağlı məlumat verərkən deyib ki, bu gün bazara çıxardıqları balın 1 kiloqramı 40 manatdan başlayaraq 100 manata kimi təklif olunur. Alınan sifarişlərə uyğun olaraq məhsulları əmtəə nişanı ilə qablaşdırdığını bildirən fermerin əsas hədəfi isə istehsal etdiyi məhsulları xarici bazarlara çıxarmaqdır.

Lənkəranlı sahibkar Səyavuş Yaqubov isə festivalda arıçılıq məhsulları ilə yanaşı, bu sahədə istifadə olunan avadanlıqları da təqdim edib. Fermerin hazırladığı “Supermatr” avadanlığı iştirakçıların xüsusi marağına səbəb olub. Təsərrüfat sahibinin sözlərinə görə, gənəyə qarşı dərmanlama işinin aparılması üçün mükəmməl vasitə olan bu avadanlıq arıların kimyəvi deyil, təbii vasitələrlə dezinfeksiyasına imkan verir. KOBİA-nın 2-ci qrant müsabiqəsinin qalibi olan arıçı layihə hesabına ərsəyə gətirdiyi bu avadanlıqları 40-dan çox təsərrüfata ianə etdiyini bildirib.

Azərbaycanın zəngin təbiətə malik bölgələrindən olan Kəlbəcər rayonunda arıçılığın inkişaf etdirilməsi üçün əlverişli şərait mövcuddur. Rayonun dağlıq relyefi, nadir və çoxçeşidli flora örtüyü, eləcə də yüksək dağ çaylarının ətrafında formalaşan əlverişli mikroiqlim burada istehsal olunan balın həm dad, həm keyfiyyət, həm də müalicəvi xüsusiyyətlərinə müsbət təsir göstərən əsas amillərdir.

Məhz bu səbəbdəndir ki, arıçılıq Kəlbəcər əhalisinin əsas məşğulluq sahələrindən biri kimi nəsildən-nəslə ötürülərək qorunub saxlanılıb. Rayonun erməni işğalından azad olunmasından sonra təsərrüfat sahibləri bu zəngin ənənəni davam etdirməyi, son dərəcə gəlirli sahə sayılan arıçılığın əvvəlki şöhrətini qaytarmağı qərara alıblar. Dövlətin bu sahəyə göstərdiyi diqqət və qayğı da onların karına gəlib. Məhz bu diqqətin nəticəsi olaraq cari ilin yayında şəhərin mərkəzində “Balland-Kəlbəcər balı, arı və arıçılıq məhsulları mağazası” fəaliyyətə başlayıb.

Avqustun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev rayona səfəri çərçivəsində “Balland-Kəlbəcər balı, arı və arıçılıq məhsulları mağazası”nın açılışında iştirak edib. Mağazada min bir dərdin dərmanı olan bal, propolis, arı südü, çiçək tozu, mum və digər təbii məhsullar təqdim olunur. Yaxın vaxtlarda həmin məhsulların “Made in Azerbaijan” brendi ilə beynəlxalq bazarlara çıxarılması və onlayn satış platformasının yaradılması planlaşdırılır. Mağaza yalnız satış məkanı deyil, həm də Kəlbəcər balının tanıdılması, arıçılıq məhsullarının brendləşdirilməsi və bu sahənin inkişafı üçün platforma funksiyasını daşıyır.

Qeyd edək ki, bu layihə təkcə arıçılığın inkişafı baxımından deyil, eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə sosial-iqtisadi dirçəlişin təmin olunması, ekoloji cəhətdən təmiz məhsulların istehsalı və regionun kənd təsərrüfatı potensialının gücləndirilməsi baxımından da mühüm əhəmiyyətə malikdir.

Yeri gəlmişkən, 2024-cü ildə Azərbaycanda 30 min 601 təsərrüfatda mövcud olan 579 min arı ailəsindən 5 min 166,3 ton bal, 132,1 ton mum, 8,5 ton vərəmum, 16,8 ton güləm və 239,3 kiloqram arı südü əldə olunub. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, il ərzində balın 1 kiloqramının orta satış qiyməti 28,6 manat təşkil edib. Bununla yanaşı, mühüm növ arıçılıq məhsullarından olan mum 16,5 manat, vərəmum 109,7 manat, güləm 140,9 manat, arı südünün 1 qramı isə 7 manata təklif olunub.

2023-cü illə müqayisədə 2024-cü ildə arı ailələrinin sayı 3,1 faiz, mum istehsalı 23,5 faiz, vərəmum istehsalı 43 faiz, arı südü istehsalı 14,9 faiz, arıçılıqla məşğul olan təsərrüfatların hər birinə orta hesabla düşən arı ailələrinin sayı 2,4 faiz azalsa da bal istehsalı 13,5 faiz, güləm istehsalı 88,8 faiz artıb.

Mirbağır YAQUBZADƏ
XQ

İqtisadiyyat