ABŞ-ın böyük bulud xidməti provayderi Cloudflare baş verən genişmiqyaslı nasazlığın səbəbini açıqlayıb. Şirkətin mətbuat xidmətindən “Kommersant”a bildirilib ki, problem təhlükəli trafikə nəzarət üçün avtomatik yaradılan konfiqurasiya faylındakı nasazlıqla bağlı olub.
Məlumata görə, həmin faylın həcmi gözləniləndən artıq olub və bu da Cloudflare-in bir sıra xidmətlərinin trafikini emal edən proqram təminatında xətanın baş verməsinə gətirib çıxarıb.
Cloudflare nümayəndələri vurğulayıblar ki, “baş verənlərin kiberhücum və ya zərərli fəaliyyətlə bağlı olduğuna dair heç bir sübut yoxdur”. Şirkət, həmçinin qeyd edib ki, nasazlıqdan sonra yaranan təbii trafik sıçrayışı səbəbindən bəzi xidmətlərin qısamüddətli problemlərlə üzləşməsi mümkündür. Bununla belə, bütün xidmətlərin bir neçə saat ərzində tam bərpa olunacağı gözlənilir.
Bu gün baş vermiş nasazlıq nəticəsində dünyanın müxtəlif yerlərində bir sıra saytlar fəaliyyətini dayandırıb. Onların arasında musiqi servisi Spotify, sosial şəbəkə X (keçmiş Twitter), oyun platformaları League of Legends, Valorant və Faceit də olub. Bəzi istifadəçilər isə neyroşəbəkə modeli ChatGPT-də fasilələrlə qarşılaşdıqlarını bildiriblər. Cloudflare axşam saatlarında problemin aradan qaldırıldığını açıqlayıb.
S.ELAY
XQ

