İllinoys Universitetində “Xocalı: Həqiqət, yaddaş və gələcək nəsillər” adlı beynəlxalq konfrans keçirilib

post-img

ABŞ-nin İllinoys Universitetinin Urbana-Şampeyn kampusunda “Xocalı: həqiqət, yaddaş və gələcək nəsillər” adlı elmi-maarifləndirici konfrans keçirilib.

İllinoys Universitetinin Azərbaycanlı Tələbələr Assosiasiyası tərəfindən təşkil olunan tədbir Amerika Orta Qərb ştatları üzrə Azərbaycan Mərkəzi (Azerbaijan Center of Midwest America - ACMA) və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutub. 

Əvvəlcə Azərbaycan və ABŞ-nin Dövlət Himnləri səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

İllinoys Universitetinin Azərbaycanlı Tələbələr Assosiasiyasının nümayəndəsi Riyad Babayev açılış nitqi ilə qonaqları salamlayıb. 

Daha sonra ACMA-nın həmtəsisçisi Mehriban Məmmədova çıxış edib. O, təşkilatın hər il bu səpgidə maarifləndirici tədbirlər keçirdiyini, ötən il oxşar konfransın Çikaqo şəhərinin Harper Kollecində təşkil olunduğunu xatırladıb. 

ACMA-nın təsisçisi və tədbirin təşkilatçılarından biri Fərid Məmmədov Xocalı faciəsinin unudulmamasının, tarixi həqiqətlərin təbliğinin və dezinformasiyaya qarşı maarifləndirmənin vacibliyin qeyd edib.

Konfrans Riyad Babayevin moderatoru olduğu panel müzakirələr ilə davam edib.  

Panel müzakirələrində Azərbaycanın ABŞ-dəki Səfirliyinin müşaviri Vüsalə Mehdiyeva humanitar dəyərlərin qorunmasının, mülki əhalinin müdafiəsinin və gənc nəsillərin bu kimi faciələr barədə məlumatlandırılmasının əhəmiyyətini vurğulayıb.

Tələbə məruzəçi Nəzrin Məmmədova Xocalı faciəsinin tarixi aspektləri və gələcək nəsillərin tarixi yaddaşı qoruma məsuliyyəti barədə təqdimat edib. Təqdimat çərçivəsində Xocalı şahidinin videomüraciəti də nümayiş olunub. 

Beynəlxalq təhlükəsizlik üzrə ekspert Əli Məmmədov 1990-cı illərin əvvəllərində regiondakı vəziyyət, münaqişənin geosiyasi fonu və silahlı münaqişələrin mülki əhaliyə təsiri barədə geniş məruzə ilə çıxış edib.

Hüquq üzrə ekspert Səmayə Həbibova beynəlxalq humanitar hüquq normaları, müharibə cinayətləri üzrə məsuliyyət və mülki şəxslərin qorunması prinsipləri barədə hüquqi yanaşmanı təqdim edib. O, hadisələrin sənədləşdirilməsinin və akademik tədqiqatların qlobal məlumatlılığın artırılmasında rolunu vurğulayıb.

Tədbirdə pakistanlı jurnalist, geosiyasi analitik Malik Ayyub Sumbalın ermənilərin işğalçılıq siyasətindən bəhs edən “Tovuzdan Qarabağa" (“Tovuz to Karabakh”) kitabı xarici ekspert və professorlara hədiyyə edilib. Eyni zamanda, Azərbaycanın milli dəyərlərini əks etdirən xüsusi guşə yaradılıb.

Qeyd edək ki, Amerika Orta Qərb ştatları üzrə Azərbaycan Mərkəzi (ACMA) Azərbaycanın tarixi və mədəniyyətinin tanıdılması, eyni zamanda icmalararası dialoqun təşviqi istiqamətində fəaliyyət göstərir.

XQ







Qan yaddaşı