Gəncə: Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan seminar

post-img

AMEA-nın Gəncə Bölməsində 31 Mart-Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan seminar keçirilib.

Tədbirin açılışında AMEA-nın Rəyasət Heyətinin üzvü, Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev 31 Mart-Azərbaycanlıların Soyqırımı Gününün tariximizin ən qanlı səhifələrindən biri olduğunu bildirib. O qeyd edib ki, bu hadisə 1918-ci ildə millətimizin yenicə formalaşmağa başlayan müstəqillik ideyasını boğmaq, azərbaycanlıları qətlə yetirməklə onların əzəli torpaqlarına sahib çıxmaq və bu coğrafiyada etnik tərkibi öz siyasi planlarına uyğun şəkildə dəyişdirmək məqsədilə bolşevik-daşnak alyansı tərəfindən qabaqcadan düşünülmüş terror aktı olub.

Akademik Fuad Əliyev vurğulayıb ki, millətimizin qan yaddaşının ən ağır və ibrətamiz səhifələrindən olan 31 Mart hadisələrinə əsl siyasi-hüquqi qiymət Ulu Öndər Heydər Əliyev tərəfindən verilib. O xatırladıb ki, Ümummilli Liderin 1998-ci il martın 26-da imzaladığı fərmanla həmin tarix Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunmağa başlanıb.

Akademik Fuad Əliyev həmçinin qeyd edib ki, dövlətçiliyimizin qorunması və ona qarşı məkrli planların qarşısının alınması baxımından Heydər Əliyevin müəyyənləşdirdiyi strateji xəttin davamının ən yüksək təzahürü ölkə rəhbəri, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqımızın həmrəyliyi nəticəsində 44 günlük Vətən müharibəsində qazanılmış möhtəşəm Zəfər olub.

Seminarda Bölmənin Diyarşünaslıq İnstitutunun Tarix şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Nərgiz Rəsulova geniş məruzə ilə çıxış edib. O, erməni millətçiliyinin qədim dövrlərdən başlayaraq, xüsusilə son 150 ildə yüksək təşkilatlanma səviyyəsində siyasi mahiyyət kəsb etmiş tarixindən bəhs edib.

Məruzəçi bildirib ki, məkrli və qeyri-insani əməllərdən çəkinməyən, vəhşi basqınlar və planlı terrorçuluq yolu ilə özgə torpaqlarını qəsb etməyə çalışan “erməni hərəkatı” Anadolu, Qafqaz və digər coğrafiyalarda əmin-amanlığa və inkişafa daim əngəl törədən təhlükəli bir ideologiyaya çevrilib.

O, həmçinin 1905-ci, 1917–1918-ci, 1948–1952-ci, eləcə də 1988–1993-cü illərdə ermənilərin xalqımıza qarşı qəsbkarlıq və terror əməllərini sistemli şəkildə həyata keçirdiklərinə diqqət çəkib. Nərgiz Rəsulova unutqanlığı milli təhlükəsizliyimiz üçün təhdid kimi dəyərləndirib və 31 mart tarixinin Azərbaycanlıların Soyqırımı Günü kimi rəsmiləşdirilməsinin millətimizin tarixin dərslərindən lazımi nəticə çıxarması, düşmənlərimizin niyyətlərinə qarşı hər zaman ayıq-sayıq olması zərurətindən irəli gəldiyini qeyd edib.

Çıxış ətrafında fikir mübadiləsi aparılıb.

Seminarı yekunlaşdıran AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev bildirib ki, çıxış və onun ətrafında aparılan müzakirələr elmi yanaşma əsasında qurulub və tədbirdə səsləndirilən fikirlər mövzu üzrə gələcək tədqiqatlar üçün faydalı olacaq.

Hamlet Qasımov
XQ-nin Gəncəbasar müxbiri













Qan yaddaşı