Gəncə Şəhər İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının birgə təşkilatçılığı ilə “31 Mart – Unudulmayan tarix” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Milli Məclisin deputatı Pərvin Kərimzadə, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, ziyalılar, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.
Əvvəlcə soyqırımı qurbanlarının və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonra 1918-ci ilin mart-aprel aylarında daşnak-bolşevik silahlı dəstələri tərəfindən törədilmiş kütləvi qırğınlardan bəhs edən sənədli film nümayiş etdirilib.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxışında bildirib ki, 1918-ci ilin mart hadisələri xalqımızın yaddaşında silinməz iz buraxmış ağır faciədir və bu tarixi həqiqətlərin beynəlxalq səviyyədə tanıdılması mühüm əhəmiyyət kəsb edir.
Milli Məclisin deputatı Pərvin Kərimzadə azərbaycanlılara qarşı törədilmiş soyqırımı və deportasiya siyasətinin ağır nəticələrindən danışaraq vurğulayıb ki, xalqımız bu faciələri heç vaxt unutmur, qurbanların xatirəsini daim dərin ehtiramla yad edir.
YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov qeyd edib ki, xalqımızın uzun illər gözlədiyi tarixi ədalət Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad etməsi ilə bərpa olunub.
Gəncə Dövlət Universitetinin Sosial fənlər kafedrasının müdiri, dosent Cavid Bağırzadə, Azərbaycan Dövlət Aqrar Universitetinin İctimai fənlər kafedrasının müəllimi, dosent Sevda Abdullayeva və digər çıxış edənlər öz nitqlərində soyqırımı həqiqətlərinin ictimaiyyətə çatdırılmasının, tarixi yaddaşın qorunmasının və gənc nəslin bu həqiqətlər ruhunda maarifləndirilməsinin vacibliyini qeyd ediblər.
Hamlet Qasımov
XQ-nin Gəncəbasar müxbiri











