Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il “ 30 ” iyun tarixli 204 nömrəli Qərarı ilə təsdiq edilmişdir.
1. Ümumi müddəalar
1.1. Bu Qayda “Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 45.4-cü maddəsinin ikinci cümləsinə uyğun olaraq hazırlanmışdır və mədəniyyət sahəsində layihələrin (bundan sonra – layihə) qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin (bundan sonra – müsabiqə) keçirilməsi qaydasını müəyyən edir.
1.2. Layihələrin qrant maliyyələşdirilməsi mədəniyyət xidmətlərinin, habelə mədəni və yaradıcı sənaye sahələrinin inkişafına və keyfiyyətinin artırılmasına yönəldilmiş innovativ fəaliyyət və tədqiqatların stimullaşdırılması, mədəniyyət müəssisələrinin infrastrukturunun inkişaf etdirilməsi, eləcə də mədəniyyət sahəsində maarifləndirilmə məqsədilə “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
1.3. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi (bundan sonra – Donor) qrant müsabiqələrinin keçirilməsi zamanı öz fəaliyyətini əməkdaşlıq, qarşılıqlı məsuliyyət və hesabatlılıq prinsipləri əsasında qurur. Donorla münasibətlərində qrant alan resipiyent sayılır.
1.4. Qeyri-hökumət təşkilatlarına münasibətdə dövlət büdcəsindən ayrılan vəsait hesabına qrant maliyyələşdirilməsi üzrə müsabiqələrin təşkili və keçirilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 26 avqust tarixli 292 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası” ilə tənzimlənir.
1.5. Qrantın ayrılması üçün Donor tərəfindən ildə bir dəfədən az olmamaqla müsabiqə keçirilir.
1.6. Bu Qaydada istifadə olunan anlayışlar Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə edir.
2. Müsabiqənin təşkili və keçirilməsi
2.1. Hər bir müsabiqənin keçirilməsi müddəti (başlanması və bitməsi vaxtı), əhatə etdiyi mövzular və müsabiqə şərtləri müsabiqəni həyata keçirən Donor tərəfindən təsdiq edilir.
2.2. Təqvim ili ərzində keçirilən müsabiqələr çərçivəsində resipiyent tərəfindən təqdim edilən yalnız bir layihənin Donor tərəfindən maliyyələşdirilməsinə yol verilir.
2.3. Digər qurumlar tərəfindən tam maliyyələşdirilmiş, icrası davam edən və ya başa çatmış layihələrin Donor tərəfindən əlavə və ya təkrar maliyyələşdirilməsinə yol verilmir.
2.4. Müsabiqənin keçirilməsi barədə elan layihələrin təqdim edilməsi üçün müəyyənləşdirilmiş son tarixdən ən azı 30 (otuz) gün əvvəl Donorun rəsmi internet saytında və sosial media platformalarında yerləşdirilir, həmçinin bu barədə media vasitəsilə ictimaiyyətə məlumat verilir.
2.5. Ərizə və təklif olunan layihə (bundan sonra – layihə təklifi) elektron poçt vasitəsilə və ya elektron məlumat daşıyıcısında poçt vasitəsilə təqdim edilir. Layihə müsabiqəyə Donorun hər bir müsabiqə üçün müəyyənləşdirdiyi müddət çərçivəsində təqdim olunur.
2.6. Donora aşağıdakı sənədlər təqdim olunur:
2.6.1. ərizəçi fiziki şəxs olduqda, şəxsiyyətini təsdiq edən sənədin surəti;
2.6.2. ərizəçi hüquqi şəxs olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışının və nizamnaməsinin surəti;
2.6.3. layihənin icra planı;
2.6.4. layihənin icrasına cəlb ediləcək şəxslərin tərcümeyi-halı və işinin təsviri;
2.6.5. layihənin xərclər smetası.
2.7. Müsabiqəyə təqdim olunan layihə təklifi, layihənin icra planı və xərclər smetası Donor tərəfindən müəyyən edilən formaya uyğun tərtib edilməlidir. Ərizə və layihə təklifinin müvafiq forması Donorun rəsmi internet səhifəsində yerləşdirilir.
2.8. Bu Qaydanın 2.6.1-ci və 2.6.2-ci yarımbəndlərində nəzərdə tutulan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.
2.9. Texniki ekspertiza mərhələsinə yalnız bu Qaydanın 2.6-cı bəndində nəzərdə tutulan sənədlərlə birlikdə təqdim olunmuş layihələr buraxılır.
2.10. Müsabiqəyə təqdim edilən layihələr Azərbaycan dilində tərtib edilməlidir.
2.11. Müsabiqəyə təqdim olunmuş layihə təkliflərinin icra müddəti 3 (üç) aydan az, 10 (on) aydan çox olmamalıdır.
2.12. Müsabiqə çərçivəsində maliyyələşdirilmiş və icrası başa çatmamış layihələrin resipiyentlərinin yeni müsabiqədə iştirakına yol verilmir.
2.13. Siyasi, dini, xeyriyyə fəaliyyətini, xaricdə təhsili, humanitar yardımı və gəlirin artırılmasını nəzərdə tutan layihə təkliflərinə baxılmır.
2.14. Layihəsinin icrası başa çatmış, lakin layihənin icrası ilə bağlı hesabatları yeni müsabiqə çərçivəsində layihələrin qəbulu üçün müəyyən edilmiş son tarixədək Donora təqdim etməmiş şəxslərin müraciətlərinə baxılmır.
2.15. Azərbaycan Respublikasının Konstitusiyasına və digər normativ hüquqi aktlara, habelə bu Qaydaya zidd olan layihələrin müsabiqəyə təqdim olunmasına yol verilmir.
3. Layihələrin ekspertizası və qiymətləndirilməsi
3.1. Müsabiqəyə təqdim olunan layihələrin ekspertizası iki mərhələdə həyata keçirilir:
3.1.1. texniki ekspertiza;
3.1.2. məzmun ekspertizası.
3.2. Təqdim edilmiş layihələrin müsabiqə şərtlərinə uyğunluğunun və texniki baxımdan tamlığının yoxlanılması məqsədilə Donor tərəfindən tərkibi 3 (üç) nəfərdən az, 9 (doqquz) nəfərdən çox olmayan Donorun əməkdaşlarından və sahə üzrə mütəxəssislərdən ibarət Ekspert Qrupu yaradılır. Ekspert Qrupunun iclasları onun üzvlərinin yarıdan çoxu, 3 (üç) nəfər olduqda isə Ekspert Qrupunun sədri daxil olmaqla 2 (iki) üzvü iştirak etdikdə baş tutmuş hesab olunur. Ekspert Qrupunun iclaslarında qərarlar açıq səsvermə yolu ilə iclasda iştirak edən üzvlərin sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər olduqda, Ekspert Qrupunun sədri həlledici səsə malikdir.
3.3. Donor tərəfindən layihələrin təqdim edilməsi üçün müəyyənləşdirilmiş son tarixdən etibarən 1 (bir) ay müddətində Ekspert Qrupu tərəfindən layihələrin texniki ekspertizası həyata keçirilir və texniki ekspertiza zamanı aşağıdakı məsələlər həll olunur:
3.3.1. müsabiqəyə təqdim edilmiş layihələrin və əlavə olunmuş sənədlərin bu Qaydaya və müsabiqə üzrə müəyyən olunan mövzulara uyğunluğu müəyyən edilir;
3.3.2. təkrar və ya təqdim olunmuş oxşar layihələr müəyyən edilir;
3.3.3. layihəni təqdim etmiş şəxsin Donor tərəfindən qrant verilməsi ilə əvvəl icra etdiyi layihələrin hesabatlılıq vəziyyəti araşdırılır.
3.4. Hər bir layihəyə dair aparılmış texniki ekspertizanın nəticələri barədə arayış hazırlanır. Bu Qaydaya və müsabiqə üzrə müəyyən olunan mövzularda qeyd olunan tələblərə uyğun gəlməyən layihələr istisna olmaqla, digər layihələr məzmun ekspertizasının keçirilməsi məqsədilə anonimləşdirilir.
3.5. Layihələrin məzmun ekspertizasının aparılması üçün Donor tərəfindən Müsabiqə Komissiyası yaradılır. Müsabiqə Komissiyasının üzvləri Donor tərəfindən mədəniyyət sahəsində ixtisaslaşmış ekspertlərdən və Donorun əməkdaşları sırasından təyin edilir. Müsabiqə Komissiyasının üzvləri haqqında məlumatlar resipiyentlərə açıqlanmır.
3.6. Müsabiqə Komissiyası 3 (üç) nəfərdən az, 9 (doqquz) nəfərdən çox olmayan tərkibdə formalaşdırılır və fəaliyyət göstərir. Hər bir layihənin məzmun ekspertizası Müsabiqə Komissiyasının 3 (üç) üzvü (biri müstəqil ekspert, digərləri isə layihənin qiymətləndirilməsi sahəsində bilik və bacarıqlara malik Donorun əməkdaşları olmaqla) tərəfindən həyata keçirilir. Müsabiqə Komissiyasının iclasları onun üzvlərinin yarıdan çoxu, 3 (üç) nəfər olduqda isə Komissiyanın sədri daxil olmaqla 2 (iki) üzvü iştirak etdikdə baş tutmuş hesab olunur. Müsabiqə Komissiyasının iclaslarında qərarlar açıq səsvermə yolu və iclasda iştirak edən üzvlərin sadə səs çoxluğu ilə qəbul edilir. Səslərin sayı bərabər olduqda, Müsabiqə Komissiyasının sədri həlledici səsə malikdir.
3.7. Texniki ekspertizanın nəticələri barədə arayış hazırlanan tarixdən 10 (on) iş günü müddətində layihələrin məzmun ekspertizası keçirilir və məzmun ekspertizası zamanı aşağıdakı məsələlər həll olunur:
3.7.1. layihə təklifinin prioritet sahələrə uyğunluğunun müəyyən edilməsi;
3.7.2. ictimai əhəmiyyətliliyi, səmərəli və real olması, habelə davamlılıq amillərinin qiymətləndirilməsi;
3.7.3. layihə təkliflərinin büdcəsinin araşdırılması.
3.8. Məzmun ekspertizası mərhələsinə keçmiş layihələr Müsabiqə Komissiyası tərəfindən 100 ballıq şkala ilə aşağıdakı meyarlar əsasında qiymətləndirilir:
3.8.1. uyğunluq – layihənin müsabiqənin elanında qeyd edilən prioritet sahələrə uyğunluğu – 5 bal;
3.8.2. orijinallıq – layihənin digər layihə təkliflərindən fərqli olması – 5 bal;
3.8.3. problemin vacibliyi – layihədə qaldırılan problemin aktuallığı və əsaslandırılması – 10 bal;
3.8.4. məqsəd və vəzifələrin dəqiqliyi – layihənin məqsədinin konkretliyi və problemin həllinə uyğunluğu, layihənin vəzifələrinin aydın təsvir olunması və qoyulan məqsədə çatmağa yönəldilməsi – 10 bal;
3.8.5. faydalılıq – mədəniyyət sahəsinin inkişafına verəcəyi töhfə və mövcud problemin həllinə zəmin yaratması – 20 bal;
3.8.6. davamlılıq – qazanılan müsbət təcrübənin geniş miqyasda yayılmasının və digər mədəniyyət müəssisələrində tətbiqinin mümkünlüyü – 10 bal;
3.8.7. fəaliyyət planı – layihə çərçivəsində görüləcək işlərin reallığı, aydın təsvir olunması, ardıcıllığı, qaldırılan problemin həllinə, qoyulan məqsəd və vəzifələrə çatmağa yönəldilməsi – 10 bal;
3.8.8. monitorinq və qiymətləndirilmə – layihənin monitorinq və qiymətləndirmə metodologiyalarının effektivliyi – 10 bal;
3.8.9. maliyyə səmərəliliyi – layihənin smetasının görüləcək işlərə uyğunluğu – 20 bal.
3.9. Bu mərhələ nəticəsində ümumilikdə 50 baldan aşağı bal toplamış layihələr üzrə Donor qrant verilməsindən imtina edilməsi barədə qərar qəbul edir.
3.10. Məzmun ekspertizası mərhələsindən keçən layihələr barədə Müsabiqə Komissiyasının rəyi Donora təqdim olunur.
3.11. Texniki ekspertizanın nəticələrinə dair arayış və Müsabiqə Komissiyasının rəyi əsasında Donor 10 (on) iş günü müddətində qrantın verilməsi və ya verilməsindən imtina edilməsi barədə qərar qəbul edir.
3.12. Qrant verilməsi barədə qərarda resipiyent haqqında məlumatlar, layihənin adı, layihənin məbləği, icra müddəti və müsabiqənin adı qeyd olunur.
3.13. Müsabiqə qaliblərinin siyahısı Donorun rəsmi internet səhifəsində dərc edilir və onlara qrant müqaviləsinin imzalanması tarixi müəyyən edilərək 5 (beş) gün müddətində yazılı dəvətlər göndərilir.
3.14. Qrant verilməsindən imtina edilməsi barədə qərarda imtinanın səbəbləri göstərilir və 3 (üç) iş günü müddətində iştirakçıya təqdim edilir.
3.15. Müsabiqənin keçirilməsi və nəticələri ilə bağlı yaranan mübahisəli məsələlərə baxılması üçün Donor tərəfindən biri müstəqil ekspert, digərləri Donorun əməkdaşları olmaqla 3 (üç) nəfər üzvdən ibarət tərkibdə Apellyasiya Komissiyası yaradılır. Apellyasiya Komissiyasının iclasları üzvləri tam tərkibdə iştirak etdikdə baş tutmuş hesab olunur. Apellyasiya Komissiyasının iclaslarında qərarlar açıq səsvermə yolu və üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı Apellyasiya Komissiyası üzvlərinin bitərəf qalmasına icazə verilmir. Müsabiqə Komissiyasının üzvləri və ya əvvəllər üzvü olmuş şəxslər Apellyasiya Komissiyasının üzvü ola bilməzlər.
3.16. Müsabiqə iştirakçıları nəticələr dərc edildiyi tarixdən 10 (on) iş günü müddətində müsabiqənin nəticəsindən Apellyasiya Komissiyasına şikayət verə bilərlər. Apellyasiya Komissiyası 15 (on beş) gün müddətində şikayətə baxıb qərar qəbul edir.
3.17. Qrant verilməsi və ya qrant verilməsindən imtina edilməsi barədə qərardan inzibati qaydada və məhkəmə qaydasında şikayət verilə bilər.
4. Layihələrin maliyyələşdirilməsi
4.1. Qrant verilməsi barədə qərar qəbul edilmiş layihələrlə bağlı Donorla resipiyent arasında müsabiqəyə təqdim olunmuş layihəyə qrant verilməsi barədə müqavilə bağlanılır. Qrant müqaviləsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin, “Qrant haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qaydanın tələbləri nəzərə alınmaqla Donor tərəfindən hazırlanır, tərəflərə və qeydiyyat orqanına təqdim olunması üçün eyni hüquqi qüvvəyə malik olan 3 (üç) nüsxədə imzalanır.
4.2. Müqavilədə tərəflərin öhdəlikləri, hüquq və vəzifələri, müsabiqənin adı, layihənin məqsədi, qısa məzmunu, həll olunması nəzərdə tutulan məsələlər, icra mərhələləri və müddəti, gözlənilən nəticələr və tətbiq imkanları, layihəyə verilən qrantın həcmi və qaydası, layihə üzrə ayrılan qrant vəsaitindən sub-qrantların ayrılıb-ayrılmayacağı barədə qeyd, habelə layihə üzrə ayrılan qrant vəsaiti tam xərclənmədikdə qalıq məbləğdən istifadə qaydası, hesabatların təqdim edilməsi müddəti və layihənin icrasına dair monitorinq qaydaları öz əksini tapır.
4.3. Qrant müqaviləsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 5 iyun tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”nın 1.3-cü bəndinə uyğun olaraq qeydə alınır.
4.4. Donorun müəyyən etdiyi müddətdə qrant müqaviləsini üzrlü səbəb olmadan imzalamamış müsabiqə iştirakçıları qrantdan imtina etmiş hesab olunurlar.
4.5. Layihənin icra müddətindən və icra planından asılı olaraq maliyyələşdirilmə birdəfəlik və ya mərhələlər üzrə həyata keçirilir.
5. Layihələrin monitorinqi və hesabatı
5.1. Donor maliyyələşdirdiyi layihələrin icrasına və verdiyi qrantın təyinatı üzrə istifadə edilməsinə nəzarəti həyata keçirir.
5.2. Donor nəzarətin həyata keçirilməsini təmin etmək məqsədilə maliyyələşdirdiyi layihələr üzrə hesabatlar (aralıq və yekun) tələb etmək, layihənin icrası ilə bağlı monitorinqlər keçirmək və qiymətləndirmə aparmaq hüququna malikdir.
5.3. Monitorinqin səmərəli aparılması üçün resipiyent tərəfindən şərait yaradılır, layihənin icra vaxtı və keçiriləcəyi məkan haqqında Donora əvvəlcədən məlumat verilir.
5.4. Donor qrant şəklində ayrılmış maliyyə vəsaitinin təyinatı üzrə xərclənmədiyini aşkar etdiyi hallarda, maliyyələşdirilməni dayandırır və ayrılmış vəsaitin qaytarılması ilə bağlı tədbirlər görür.
5.5. Resipiyentlər layihələrin icrasının yekunu ilə bağlı tələb edilən maliyyə və təsviri hesabatları müsabiqə şərtləri ilə müəyyən edilmiş forma və qaydada layihələrin icrası başa çatdıqdan sonra 20 (iyirmi) iş günündən gec olmayaraq təsdiqləyici sənədlərlə birlikdə Donora təqdim edirlər.
5.6. Donor hesabatların yoxlanılması zamanı layihənin icrası və nəticələri barədə daha ətraflı məlumat əldə etmək üçün resipiyentdən əlavə məlumat və (və ya) sənədlər tələb etmək hüququna malikdir.

