"Erebus" vulkanının unikal qızıl tozunun sirri

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Antarktidadakı Ross adasında, coğrafi Cənub qütbündən təxminən 1350 kilometr məsafədə yerləşən dünyanın en cənub fəal vulkanı "Erebus" elm dünyasını heyrətləndirməkdə davam edir. Alimlər bu vulkanın püskürmə qazlarında və ətrafa yaydığı hissəciklərdə daxili strukturu və kənarları dəqiq formalaşmış miniatür qızıl kristalları aşkar ediblər. Artıq 30 ildir ki, bu unikal zərrəciklərin hansı mexanizmlə yarandığı elmi dairələrdə müəmmalı sual olaraq qalır.

"Erebus" vulkanının kraterində daimi olaraq qaynayan nəhəng lava gölü mövcuddur. Otuz il əvvəl tədqiqatçılar müəyyən ediblər ki, bu vulkan hər gün atmosferə təxminən 80 qrama yaxın mikroskopik təmiz qızıl tozu buraxır. Güclü antarktika küləkləri isə bu qiymətli tozu kraterdən min kilometrlərlə uzaq məsafələrə yayır. Əslində vulkanik qazların tərkibində qızıl izlərinə rast gəlinməsi geologiyada yeni hadisə deyil; oxşar faktlar Kilauea, Etna və El-Çiçon vulkanlarında da qeydə alınıb. Adətən bu metal öz-özünə buxarlanmır (çünki qızılın qaynama temperaturu vulkan daxili istilikdən qat-qat yüksəkdir) xlor və ya kükürdlə birləşərək qaynar qaz axınları vasitəsilə xaricə daşınır.

Lakin "Erebus"u digərlərindən fərqləndirən əsas cəhət tapılan maddənin formasıdır. Krater ətrafındakı qardan, lava gölü üzərindəki qazlardan və atmosferdən götürülən nümunələrdə qızılın sadəcə kimyəvi izləri deyil, ölçüsü 60 mikrometrə çatan dəqiq formalı həqiqi kristalları aşkarlanıb. Seyrək qaz mühitində qızıl atomlarının bu dərəcədə səliqəli və həndəsi strukturlu kristallara necə çevrilməsi elm adamları üçün əsl möcüzə təsiri bağışlayır.

Hazırda mütəxəssislər bu fenomenlə bağlı iki əsas fərziyyə irəli sürürlər. Birinci versiyaya görə, qızıl lavadan xlorlu birləşmələr şəklində ayrılır və qazlar soyuduqca kristallaşaraq buzun üzərinə çökür. İkinci iddiaya əsasən isə kristalların ilkin formalaşması birbaşa lava gölünün səthindəki bərkimiş qabıq qatında baş verir və sonradan qaynar hava axını onları yuxarıya doğru qaldırır. Lakin irəli sürülən fərziyyələrin heç biri bu regional möcüzəni tam elmi əsaslarla izah edə bilmir. Görünən odur ki, "Erebus" vulkanında maqmanın xüsusi kimyəvi tərkibi, daxili temperatur və unikal geoloji şərait birləşərək Antarktida qarlarını hər gün qızıl zərrəcikləri ilə "bəzəyən" nadir bir təbii laboratoriya yaradıb.

Hazırladı:
Arzu ƏLİYEVA
XQ

Maraqlı