Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk dünyası həftəsi” çərçivəsində Mədəniyyət Nazirliyi, Bakı Dövlət Universiteti (BDU), TÜRKSOY, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Əl-Fərabi adına Qazax Milli Universiteti və Türk Dil Qurumunun təşkilatçılığı ilə “Türk dilləri, ədəbiyyatları və tarixlərinin tədrisi müasir çağırışlar kontekstində” mövzusunda Beynəlxalq elmi konfrans öz işini bölmə iclasları ilə davam etdirib.
Konfransın “Birinci Türkoloji Qurultayın elmi-mədəni irsi: tədqiqi və tədrisi” adlı bölmə iclasında Türk dünyasının ortaq tarixi, dil siyasəti və mədəni inteqrasiyası istiqamətində 18 məruzə dinlənilib. Məruzələrdə Qurultayın Azərbaycanda keçirilmə səbəbləri izah olunub, Azərbaycan ziyalılarının bu mötəbər tədbirin təşkilində və ideoloji xəttinin müəyyənləşməsindəki aparıcı rolu təhlil olunub. Qurultayın türk xalqlarının elmi və mədəni cəhətdən yaxınlaşmasının institusional başlanğıcı olduğu vurğulanıb, ortaq inteqrasiya modelinin tarixi mərhələləri izah edilib. Bildirilib ki, 1926-cı ildə əsası qoyulan ortaq dil, əlifba və mədəniyyət hədəfləri bu gün Türk Dövlətləri Təşkilatının rəqəmsal və elmi inteqrasiya strategiyalarında özünün ən yüksək mərhələsinə çatıb. Türkologiya sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi, ortaq dərsliklərin hazırlanması və birgə elmi layihələrin həyata keçirilməsi vacibdir.
“Birinci Türkoloji Qurultayda dil quruculuğu: Öyrənilməsi və tədrisi” adlı ikinci panel iclasında 17 məruzə dinlənilib. Məruzələrdə Birinci Türkoloji Qurultayın dil quruculuğu sahəsindəki tarixi rolu, ortaq türk ədəbi dili ideyası, Azərbaycan dilinin orfoqrafiya məsələləri, əlifba islahatları, termin yaradıcılığı, qrammatika, dil tədrisi, Türk Akademiyasının nəşrləri, milli kimlik və dil siyasəti kimi mövzular geniş şəkildə müzakirə olunub. Bununla yanaşı, qurultayın elmi-mədəni irsi, türk dillərinin inkişafına təsiri və müasir türkoloji araşdırmalar üçün əhəmiyyəti alimlərin məruzələrində elmi baxımdan təhlil edilərək iştirakçıların diqqətinə çatdırılıb.
“Türk xalqlarının mədəniyyəti, tarixi və onların tədrisi məsələləri” adlı üçüncü bölmədə 15-dək məruzə dinlənilib. Məruzələrdə türk xalqlarının tarixi və mədəni irsi, ümumtürk terminologiyası, Altay və Ural-Altay nəzəriyyələri, qədim türk leksikası, Azərbaycan və özbək türkcəsinin dil xüsusiyyətləri, sintaksis və leksik norma məsələləri, türk xalqlarının tarixi və sivilizasiyasının tədrisi, etnolinqvistik problemlər, müasir yanaşmalar, həmçinin Birinci Türkoloji Qurultayın türk xalqlarının tarixinin və mədəniyyətinin öyrənilməsi və tədrisinə təsiri elmi müstəvidə müzakirə olunub. Bölmədə həm dilçilik, həm tarix, həm də mədəniyyətşünaslıq istiqamətlərini əhatə edən məruzələr Türk dünyasının ortaq elmi-mədəni irsinin öyrənilməsi baxımından mühüm əhəmiyyət kəsb edib.


.jpg)








