Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
London Universitet Kollecinin (UCL) rəhbərlik etdiyi tədqiqat qrupu siçanların görmə qabığındakı tək-tək neyronların aktivlik göstəricilərindən istifadə edərək, heyvanların baxdığı videoçaxhları yüksək dəqiqliklə yenidən bərpa etməyi bacarıblar. "eLife" jurnalında dərc olunan bu qabaqcıl texnologiya neyrobioloqlara beynimizin vizual informasiyanı hansı mexanizmlərlə emal etdiyini daha dərindən anlamağa imkan verəcək.
Son illərdə alimlər funksional MRT (fMRT) cihazlarının köməyi ilə insan beynindəki vizual məlumatları piksel səviyyəsinə qədər deşifrə etməyə çalışsalar da, London tədqiqatçıları tamamilə fərqli və daha dəqiq bir metod tətbiq ediblər. Onlar bütöv beyin zonalarının ümumi qan dövranını deyil, siçanların görmə qabığındakı tək-tək hüceyrələrin (neyronların) fərdi reaksiyalarını qeydə alıblar. Bu yanaşma beynin vizual mənzərələri necə canlandırdığına daha detallı baxış təmin edir.
Doktor Bauer və həmkarları bu layihədə "Sensorium 2023" müsabiqəsi üçün hazırlanmış dinamik neyron kodlaşdırma modelindən yararlanıblar. Həmin model heyvanın öz hərəkətlərini və bəbəyinin diametrini nəzərə alaraq, nümayiş etdirilən filmlər əsasında fərdi neyronların aktivliyini qabaqcadan təxmin edir. UCL komandası neyronların təxmini aktivliyini mikroskopik kalsium vizuallaşdırılması vasitəsilə ölçülən real aktivliklə müqayisə edərək alqoritmi təkmilləşdirib. Nəticədə süni intellekt tamamilə boş ekrandan başlayaraq, pikselləri tədricən elə tənzimləyib ki, yekun video heyvanın real vaxtda gördüyü təsvirlə tamamilə üst-üstə düşüb.
Modelin təlimi başa çatdıqdan sonra tədqiqatçılar siçan üçün tamamilə yeni olan beyin aktivliyi məlumatları əsasında 10 saniyəlik bir videoçarxı sıfırdan bərpa ediblər. Təcrübələr göstərib ki, analizə daha çox fərdi neyronun göstəricisi əlavə olunduqca, bərpa edilən videonun keyfiyyəti və dəqiqliyi bir o qədər yüksəlir. Elmi heyət gələcəkdə bu texnikadan istifadə edərək, beynin vizual qavrayışının niyə bəzən təhrif olunduğunu və real dünyadan fərqləndiyini araşdırmağı planlaşdırır.
Hazırladı:
Arzu ƏLİYEVA
XQ

