Bakıda Türk Dövlətləri Təşkilatına üzv olan dövlətlərin Qızıl Aypara Şəbəkəsinin rəhbərlərinin iclası keçirilib.
Açılış mərasimində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslanov qeyd edib ki, Azərbaycan Türk birliyinə sədaqətini sözlə deyil, əməli işləri ilə nümayiş etdirir. “Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycan TDT-nin əsas geosiyasi və iqtisadi dayaqlarından birinə çevrilib. Təşkilata üzv dövlətlərin Qızıl Aypara cəmiyyətlərinin rəhbərləri tərəfindən “Qırmızı Şəbəkə” platformasının yaradılması haqqında memorandumun imzalanması, vahid humanitar reaksiya mexanizmlərinin formalaşdırılmasına doğru atılan mühüm addımdır. Biz əməkdaşlığımızı daha da gücləndirmək niyyətindəyik.”, - deyə N.Aslanov əlavə edib.
Azərbaycanın xarici işlər nazirinin müavini Samir Şərifov bildirib ki, regionda və beynəlxalq arenada cərəyan edən geosiyasi transformasiyalar fonunda TDT-nin birgə strateji düşüncə və ortaq fəaliyyətinə əsaslanan mexanizmlərin qurulması heç vaxt olmadığı qədər önəm kəsb etməkdədir. “Qısa müddət ərzində əsaslı inkişaf yolu keçmiş TDT-də hazırda 40-dan artıq sahə üzrə müxtəlif əməkdaşlıq formatları mövcuddur. Türk Qırmızı Şəbəkəsi TDT məkanında humanitar həmrəyliyin gücləndirilməsi, fövqəladə hallara çevik reaksiya verilməsi və koordinasiyanın təmin olunması məqsədilə formalaşdırılıb", - deyə S.Şərifov vurğulayıb.
TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev qeyd edib ki, bu sahədə əsas nailiyyətlərdən biri mülki müdafiə mexanizminin formalaşdırılmasıdır. “Mexanizm fövqəladə hallarda çevik və effektiv reaksiya vermək imkanlarımızı daha da gücləndirir. Biz, eyni zamanda, bir çox beynəlxalq təşkilatlarla əməkdaşlıq edirik və bu, gələcək fəaliyyətimizə yeni töhfələr verəcək. Mövcud geosiyasi vəziyyətdə sülh və sabitlik daha da həssas xarakter daşıyır. Üstəlik, iqlim dəyişikliyinin dağıdıcı təsirləri artıq daha açıq şəkildə hiss olunur. Bu şəraitdə “Qırmızı Şəbəkə” platformasının fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir”, - deyə Baş katib vurğulayıb.
Türkiyənin Qızıl Aypara Cəmiyyətinin sədri Fatma Meriç Yılmazın sözlərinə görə, birgə təlimlər təşkil edilə, xüsusi mübadilə proqramları həyata keçirilə, sənədli təlim modulları hazırlana və rəqəmsal həllər tətbiq edilə bilər. Bu, əməliyyat potensialını artırmaqla yanaşı, həm də institusional əlaqələri daha da gücləndirəcək. Qırğızıstan Qızıl Aypara Cəmiyyətinin və Türk Qırmızı Şəbəkəsinin prezidenti Çingiz Cakipov isə “Qırmızı Şəbəkə” platformasının yaradılmasının olduqca vacib olduğuna diqqət çəkib.
Sonra iclasda 2025-ci il üzrə fəaliyyətlərin yekun icmalı aparılıb, həmçinin 2026-cı il üçün strateji istiqamətlər müəyyənləşdirilib.
Sonda Türk Qızıl Aypara Şəbəkəsi Bəyannaməsi imzalanıb.
Onu da bildirək ki, ötən il Bişkekdə keçirilən görüş zamanı Türk dövlətlərinin Qızıl Aypara cəmiyyətlərinin qərarı ilə “Qırmızı Şəbəkə” platforması təsis olunub və sədrlik Qırğızıstan Qızıl Aypara Cəmiyyəti tərəfindən həyata keçirilib. Bu il təşkil edilən növbəti görüşdə isə sədrlik Azərbaycan Qızıl Aypara Cəmiyyətinə keçib.
XQ

