AMEA Naxçıvan Bölməsində “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş II elmi konfrans keçirilib. Bu haqda AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən “Xalq” qəzetinə məlumat verilib.
Bölmənin sədri, akademik İsmayıl Hacıyev “Azərbaycanın tarixi inkişaf yolunda mühüm mərhələ: Konstitusiya və Suverenlik ili” mövzusunda məruzə edərək Azərbaycanın dövlətçilik ənənələrinin formalaşması, Konstitusiyanın qəbul edilməsi, müasir hüquqi-siyasi sistemin qurulması və ölkənin suveren inkişaf xəttinin müəyyənləşməsi proseslərini geniş şəkildə təhlil edib. Məruzədə 2024-cü il 28 dekabr tarixli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, Azərbaycanın müxtəlif tarixi dövrlərdə ərazi bütövlüyü məsələləri, Batum sülh müqaviləsi, Səfəvilər dövründə və Azərbaycan Xalq Cümhuriyyəti zamanı ölkənin sərhədləri, eləcə də BMT-nin 1993-cü ildə qəbul etdiyi dörd qətnamə ilə bağlı məsələləri diqqətə çatdırıb.
Akademik, həmçinin ATƏT-in Azərbaycanla bağlı fəaliyyətinə, 1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərində ölkəmizə qarşı irəli sürülmüş ərazi iddialarına, Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışına və dövlət idarəçiliyində həyata keçirdiyi mühüm islahatlara toxunub. Ulu Öndərin daxili və xarici siyasətdə qətiyyətli dövlət xadimi kimi rolunun güclənməsini, Prezident İlham Əliyevin 1993-2003-cü illər dövrünü “sabitlik və inkişaf illəri” kimi səciyyələndirməsini vurğulayan İsmayıl Hacıyev çıxışında həmçinin Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfərdən, aparılan Antiterror tədbirlərindən, Laçın dəhlizi istiqamətində baş verən proseslərdən və Azərbaycanın regional diplomatiyasında mühüm yer tutan Vaşinqton görüşündən bəhs edib.
Plenar iclasda AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Vəli Baxşəliyev “Bülövqaya keramikasının tipoloji xüsusiyyətləri və mədəni mənsubiyyəti” mövzusunda apardığı geniş tədqiqatlardan danışıb, Bülövqayada iki ildən artıq müddətdə arxeoloji araşdırmaların həyata keçirildiyini bildirib. Alim ərazidə 600-dən çox boyalı keramika nümunəsinin aşkar edildiyini, bu materialların Dalmatəpə və Ubeyd mədəniyyətləri ilə əlaqəsini izah edib. Dalmatəpə mədəniyyətində qırmızı boyalı naxışsız və basma naxışlı keramikanın əsas fərqləndirici xüsusiyyət kimi diqqət çəkdiyini vurğulayan Vəli Baxşəliyev, Ubeyd mədəniyyətinə dair müxtəlif xarici nəşrlərdə işıq üzü görmüş məqalələrindən də söz açıb. Alim, həmçinin Sioni mədəniyyətinin bölgə üçün əhəmiyyətinə toxunub.
Plenar iclasın ardınca konfrans işini bölmələr üzrə davam etdirib. Bölmələrdə qədim mədəniyyətlərin yayılma arealı, maddi-mədəniyyət nümunələrinin tipləri, onların regionun tarixində oynadığı rol və Naxçıvanın qədim sivilizasiyalarla əlaqələri elmi faktlar əsasında təhlil edilib.
Konfrans, ümumilikdə, Naxçıvanın tarixi, arxeoloji irsi və etnoqrafik ənənələrinin elmi müstəvidə araşdırılması baxımından xüsusi əhəmiyyət daşıyan platforma kimi qiymətləndirilib. Konfransda səsləndirilən məruzələr müasir Azərbaycan tarixşünaslığına, regionşünaslığa və arxeoloji tədqiqatlara mühüm töhfələr verib.


.jpeg)