Kainatdakı ulduz sistemlərinin çoxu həyat üçün uyğun deyil

post-img

Alimlər uzun illərdir ki, Yerdənkənar həyat axtarışında ümidlərini qırmızı cırtdan ulduzlara bağlayıblar. Çünki onlar kainatda ən çox rast gəlinən və ən uzunömürlü ulduzlardır. Lakin bu ulduzların bir ciddi problemi var - güclü alışmalar və radiasiya partlayışları. ABŞ-ın Kolumbiya Universitetindən astrofizik Devid Kipping bu ulduzların xüsusiyyətlərini öyrənərək belə nəticəyə gəlib ki, onların ətrafında mürəkkəb canlıların yaşaması demək olar ki, mümkün deyil.

Qırmızı cırtdanlar kainatdakı ulduzların təxminən 75 faizini təşkil edir. Onlar Günəşdən bir neçə dəfə kiçikdir və çox az enerji sərf etdikləri üçün milyard illərlə parlayırlar. Hətta indiyədək yaranmış heç bir qırmızı cırtdan hələ təkamülünün əsas mərhələsini başa vurmayıb.

Hazırda tanınan 6 mindən çox ekzoplanetin əksəriyyəti məhz qırmızı cırtdanların orbitində yerləşir. Bu sistemlər çox sıxdır: məsələn, yeddi Yerə bənzər planetdən ibarət TRAPPIST-1 sistemi tamamilə Merkuri orbitinin içərisinə sığa bilərdi.

Amma bu ulduzların güclü radiasiya alışmaları o qədər təsirlidir ki, Günəşin alışmaları onların yanında zəif görünür. Belə partlayışlar planetin səthində yaranmış həyatı tamamilə məhv edə və atmosferi yox edə bilər.

Devid Kipping bu məlumatları nəzərdən keçirərək “qırmızı səma paradoksu” adlanan suala cavab tapmağa çalışıb: əgər kainatdakı ulduzların çoxu qırmızı cırtdanlardırsa, bəs niyə biz Günəş kimi nadir bir ulduzun ətrafında yaşayırıq?

Alim Bayes statistik metodu ilə iki fərziyyəni müqayisə edib. Birinciyə görə, qırmızı cırtdanlar mürəkkəb həyat formaları üçün yararsızdır. İkinci fərziyyə isə bildirir ki, məsələ ulduzda yox, planetlərin daxili proseslərindədir - yəni həyat üçün imkan pəncərəsi çox qısadır.

Araşdırma göstərib ki, ikinci fikir bizim Günəş sistemində olduğumuzu izah etmir. Nəticəyə əsasən, həyat yalnız müəyyən kütləyə malik ulduzların sistemlərində yaranır.

Kippingin sözlərinə görə, bu, “Günəş hegemoniyası” deməkdir - yəni həyat axtarışı yalnız Günəş kimi ulduzlarda mənalıdır. Belə ulduzlar kainatdakı ulduzların cəmi 10 faizini təşkil edir.

Hazırladı:

S.ELAY

XQ

Maraqlı