10 min illik yaddaş: texnologiya tarixində dönüş nöqtəsi

post-img

Rəqəmsal əsrdə bəşəriyyətin qarşısında duran ən mühüm suallardan biri məlumatın taleyidir: biz yaratdığımız bilikləri min illər boyu necə qoruyacağıq? ABŞ-ın texnologiya nəhəngi Microsoft bu suala cavab olaraq “Project Silica” adlı layihə çərçivəsində şüşə əsaslı uzunömürlü yaddaş sistemini təqdim edib. Tədqiqatın nəticələri nüfuzlu Nature jurnalında dərc olunub.

Layihənin mahiyyəti sadə, lakin texnoloji baxımdan son dərəcə mürəkkəb ideyaya əsaslanır: məlumat femtosaniyəlik lazer impulsları vasitəsilə borosilikat şüşənin daxilində mikroskopik struktur dəyişiklikləri şəklində “yazılır”. Hər lazer impulsu təxminən 100 × 100 × 2000 nanometr ölçülü sahədə şüşənin sındırma əmsalını dəyişir. Bu dəyişikliklər sonradan optik sistem və xüsusi alqoritmlər vasitəsilə oxunaraq rəqəmsal informasiyaya çevrilir.

Alimlərin hesablamalarına görə, bu üsulla yazılmış məlumatlar 10 min il ərzində oxunaqlı qala bilər. Üstəlik, şüşə daşıyıcı 290°C temperaturda belə məlumatı itirmir. Ən önəmlisi isə odur ki, yazıldıqdan sonra məlumatın saxlanması üçün enerji tələb olunmur. Bu, müasir server mərkəzlərinin fasiləsiz enerji asılılığı fonunda inqilabi üstünlük sayılır.

Tarix boyu insanlıq müxtəlif informasiya daşıyıcılarından istifadə edib: gil lövhələr, papirus, kağız, maqnit lentlər, sərt disklər və yarımkeçirici yaddaş qurğuları. Lakin onların hər biri zamanın və fiziki aşınmanın təsirinə məruz qalır. Məsələn, sərt disklərin hər on ildən bir yenidən yazılması tövsiyə olunur. Alternativ yanaşmalar – DNT və ya almaz əsaslı yaddaş – mövcud olsa da, onlar ya baha, ya da texnoloji baxımdan mürəkkəbdir.

Şüşə isə həm ucuz, həm də geniş yayılmış materialdır. Borosilikat şüşə artıq məişət qablarında və laborator avadanlıqlarda istifadə olunur. Digər layihələrdə tətbiq edilən kvars şüşədən fərqli olaraq, burada əlçatan və sənaye baxımından real materialdan istifadə edilib. Lazer şüası şüşədə boşluq yaratmır, əksinə, onun optik xüsusiyyətlərini dəyişir. Bu dəyişikliklər yüksək dəqiqlikli mikroskop və proqram təminatı ilə oxunur.

Hazırkı sistem saniyədə 65,9 meqabit yazı sürətinə malikdir. Bu göstərici maqnit lentdən hələ geri qalsa da, mühəndislər lazer şüalarının sayını artırmaqla sürəti yüksəltməyi planlaşdırırlar. Artıq tam avtomatlaşdırılmış arxiv sistemi qurulub və filmlərin, musiqilərin, hətta kompüter oyunlarının elementlərinin şüşə lövhələrdə saxlanması nümayiş etdirilib. Yazı sıxlığı kub millimetrə 1,59 giqabitə çatır və 301 qatlı strukturda təşkil olunur.

Hələlik layihənin kommersiyalaşdırılması ilə bağlı rəsmi plan açıqlanmayıb. Lakin tədqiqatçılar əmindirlər ki, böyük həcmli arxivlərin – milli kitabxanaların, dövlət sənədlərinin, elmi məlumat bazalarının – minilliklər boyu qorunması üçün ən real namizədlərdən biri məhz şüşə texnologiyasıdır.

Əgər bu yanaşma sənaye miqyasında tətbiq olunarsa, insanlıq ilk dəfə olaraq biliklərini minilliklər boyu dəyişməz şəkildə saxlamaq imkanı qazana bilər. Bu isə rəqəmsal sivilizasiyanın gələcəyini müəyyən edə biləcək strateji addım kimi qiymətləndirilir.

Hazırladı:

S.ELAY

XQ

Maraqlı