AMEA-nın Lənkəran Regional Elm Mərkəzi və şəhər icra hakimiyyətinin təşkilatçılığı ilə “AMEA-nın 80 illiyinə həsr olunmuş: regionun görkəmli alimləri” adlı elmi seminar keçirilib.
Lənkərandakı Heydər Əliyev Mərkəzində təşkil olunan seminarda ilk söz alan şəhər icra hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ülviyyə Əliyeva Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyinin keçirilməsi ilə əlaqədar 18 mart 2025-ci ildə imzaladığı sərəncamın əhəmiyyətini vurğulayıb, dövlətimizin inkişafına, azərbaycançılıq ideologiyasına töhfələr vermiş görkəmli alimlərin həyat və elmi fəaliyyətinə həsr olunan elmi seminarın işinə uğurlar arzulayıb.
Lənkəran REM-in direktoru Mehman Əliyev giriş nitqində deyib ki, Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyi ilə əlaqədar Mərkəz silsilə tədbirlər həyata keçirir. Bu tədbir isə bölgənin və ölkənin 4 böyük aliminə – Azərbaycan dilçiliyinin görkəmli nümayəndəsi, tanınmış türkoloq, şərqşünas, pedaqoq, Əməkdar müəllim, filologiya elmləri doktoru, professor Mirzə Rəhimova, urologiya sahəsində dünya şöhrətli alim, Əməkdar elm xadimi, tibb elmləri doktoru, AMEA-nın müxbir üzvü Sudeyf İmamverdiyevə, ictimai-siyasi xadim, pedaqoq, Əməkdar müəllim, hüquq elmləri doktoru, professor İbrahim Quliyevə və Milli Məclisin deputatı, tibb elmləri doktoru Rəşad Mahmudova həsr olunub. Bu alimləri birləşdirən ortaq simvolik nöqtələr vətəndaşlıq təfəkkürü, azərbaycançılıq məfkurəsi və ulu öndər Heydər Əliyev məktəbinin ən etibarlı müdavimləri olmaları, onun yolunun layiqli davamçısı, Prezident İlham Əliyevin xarici və daxili siyasətini ardıcıl dəstəkləmələridir.
Məruzələrdən əvvəl hər dörd alimin həyat və elmi fəaliyyətini əks etdirən videoçarxlar nümayiş olunub. Sonra Lənkəran REM-in əməkdaşı Səfail Qurbanovun “Professor Mirzə Rəhimovun dilçilik görüşləri”, biologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Hüseynovanın “Təbabətdə öz məktəbini yaradan cərrah-uroloq Sudeyf İmamverdiyev”, şöbə müdiri Sərraf Talıbovun “Professor İbrahim Quliyevin ictimai-siyasi və elmi fəaliyyəti” və Mərkəzin əməkdaşı Fəranə Mikayılovanın “Dünya şöhrətli ürək-damar cərrahı Rəşad Mahmudovun tibb elminə gətirdiyi yeniliklər” mövzularında məruzələri dinlənilib. Görkəmli alimlərin elmimizə verdikləri töhfələrdən, ictimai-siyasi fəaliyyətlərindən ətraflı bəhs olunub.
Mirzə Rəhimovun qızı, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universiteti Bakı filialının bioloji, humanitar və İctimai elmlər şöbəsinin müdiri, dosent Dürdanə Rəhimzadə AMEA-nın yubileyinə təbriklərini çatdırıb, atası ilə bağlı xatirələrini danışıb, keçən il onun 95 yaşının layiqincə qeyd edildiyini söyləyib və minnətdarlığını bildirib.
Məşhur “91”lərdən olan, YAP Veteranlar Şurasının üzvü Sudeyf İmamverdiyev, hüquq elmləri doktoru, professor İbrahim Quliyev və Milli Məclisin deputatı, məşhur ürək-damar cərrahı, tibb elmləri doktoru Rəşad Mahmudov ürək sözlərini minnətdarlıqla dilə gətiriblər.
Tədbirdə Lənkəranın ictimaiyyət, elm, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin nümayəndələri, Lənkəran Dövlət Universiteti və Lənkəran Tibb Kollecinin tələbələri iştirak ediblər.
Ə.ƏLİYEV
XQ