Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) müəllimləri “Qonağınız müəllimlərinizdir” layihəsi çərçivəsində tələbələrin ailələrinə ziyarətlərini davam etdirirlər.
Layihə çərçivəsində Aİİ-nin dekanı, dos. Elnurə Əzizova, İslamşünaslıq kafedrasının müəllimləri – dos. Rəşad Mustafa və f.f.d. Faiq Əhmədzadə Bakının Sabunçu rayonunun Zabrat və Pirşağı qəsəbələrində, Abşeron rayonunun Məmmədli qəsəbəsində, həmçinin Xəzər rayonunun Mərdəkan qəsəbəsində yaşayan I kurs tələbələrindən bəzilərinin ailələrini ziyarət ediblər.
Görüş zamanı valideynlərə İnstitutda tələbələrin hərtərəfli inkişafı üçün yaradılmış elm və tədris mühiti, onların peşəkar və intellektual bacarıqlarının artırılmasına yönəlmiş təlimlər, seminarlar və müxtəlif layihələr barədə məlumat verilib. Eyni zamanda, tələbələrin ilk tədris ili ərzində göstərdikləri akademik nəticələr, onların elmi və yaradıcı fəaliyyətə cəlb olunmaları, gələcək perspektivləri haqqında valideynlərlə fikir mübadiləsi aparılıb.
Valideynlər də öz növbəsində, göstərilən diqqət və qayğını yüksək qiymətləndirərək, övladlarının təhsil aldıqları mühitdən məmnun olduqlarını bildiriblər. Onlar gənclərin milli-mənəvi dəyərlərə bağlı, savadlı və cəmiyyətə faydalı mütəxəssislər kimi formalaşması üçün təhsil müəssisəsi ilə əməkdaşlığa hazır olduqlarını qeyd ediblər.
Qeyd edək ki, “Qonağınız müəllimlərinizdir” layihəsinin məqsədi tələbələrin akademik göstəricilərinin yüksəldilməsi, müasir dövrün tələblərinə uyğun dinşünas və islamşünas mütəxəssislərin hazırlanması üçün ailə və təhsil müəssisəsi arasında əməkdaşlığın daha da gücləndirilməsidir.
XQ


.jpeg)
.jpeg)
.jpeg)