Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Əvvəllər "Maxar Intelligence" adı ilə tanınan "Vantor" şirkəti Yerin yüksək dəqiqlikli və operativ şəkildə yenilənən üçölçülü (3D) təsvirlərini yaratmaq üçün nəzərdə tutulmuş "WorldView 3D" məhsul xəttini təqdim edib. Şirkət rəsmilərinin bildirdiyinə görə, bu yeni sistem sifarişçilərə planetin aktual 3D mənzərəsini sözün əsl mənasında "bir düyməyə basmaqla" əldə etmək imkanı verir.
"WorldView 3D" texnologiyası özündə iki əsas məhsulu birləşdirir. Birincisi, "WorldView 3D Rapid" proqramıdır ki, bu da peyklər üçün tapşırıqları planlaşdırmağa və 24 saat ərzində 50 santimetrə qədər dəqiqliklə yenilənmiş 3D xəritələr almağa şərait yaradır. İkincisi isə "WorldView 3D High Definition (HD)" sistemidir; bu məhsul vizual görüntüləri daha yüksək detallarla — 15 santimetrə qədər ayırdetmə dəqiqliyi ilə emal edir. Beləliklə, yeni sistem həm təcili operativ tapşırıqları, həm də yüksək dəqiqlik tələb edən kartoqrafiya ehtiyaclarını tam qarşılayır.
Tədqiqatçıların qeyd etdiyinə görə, "Rapid" rejimi xüsusilə hərbi analitiklər və operativ qruplar üçün əvəzedilməzdir. Belə ki, bu sistem kəşfiyyat təyyarələri və ya dronlardan istifadə etmədən ərazinin ən son mənzərəsini anında görməyə imkan yaradır. Mülki sahədə isə bu texnologiyadan təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, mühüm infrastruktur obyektlərinin monitorinqində və avtonom idarəetmə sistemlərinin naviqasiyasında geniş istifadə olunacaq.
Bu yeni kosmik məlumatlar əsasında işləyən ən mühüm layihələrdən biri də "Raptor" sistemidir. Proqram GPS siqnalı itən və ya bloklanan şəraitdə dronların relyefə uyğun olaraq öz istiqamətini təyin etməsinə xidmət edir. Dronlar ətraf mühit dəyişsə belə, peykdən gələn 3D xəritə vasitəsilə yollarını asanlıqla tapa bilirlər. Şirkətin hesabatına görə, artıq Yerin 100 milyon kvadratkilometrdən çox sahəsinin üçölçülü modeli bazaya daxil edilib. Yeni məlumat emalı alqoritmləri sayəsində modelin yenilənməsi üçün peykin ərazidən cəmi bir dəfə keçməsi kifayət edir.
Hazırladı:
Arzu ƏLİYEVA
XQ

