Anamın əlləri tez-tez yuxuma girir. Bəlkə də sağlığında anam yerdə mütəkkəyə söykənib oturanda başımı onun dizləri üstə qoymağı çox sevdiyimdən idi, nədi, bilmirəm…
Əyilmiş barmaqları saçlarımda gəzərdi.
– Can bala, sənin də saçlarına dən düşərmiş, nə olub?
Mən də gülümsəyərdim.
– Heç nə olmayıb, ay ana…
Anamın əlləri həmişə sızıldayardı. Baxırdım ki, yavaş-yavaş barmaqları da əyilir. Amma yadımdadır, o əllər bir gün də işdən qalmadı. Hamıdan tez oyanıb həyəti süpürən də o idi, çörəyi bişirən də, paltarı yuyan da, axşam hamımız yatandan sonra mətbəxi yığışdıran da.
Bütün bunları xatırladıqca bir sual məni düşündürür: görəsən, o əllər nə vaxt ağrıyırdı? Biz məktəbdə olanda? İşdə olanda? Yoxsa gecə hamı yatandan sonra? Çünki mən bir dəfə də olsun onun “əlim ağrıyır” dediyini xatırlamıram.
Əslində, bu hissi yalnız böyüdükcə anlayırsan. Uşaq olanda fikir vermirsən. Elə bilirsən, ana yorulmur. Ana xəstələnmir. Ana həmişə var. Sən böyüyəndə anlayırsan ki, evdə ən çox işləyən, ən az dincələn, amma bunu heç vaxt dilinə gətirməyən adam elə anan imiş.
İllər keçsə də, bəzi xatirələr dəyişmir. İndi yuxuma girəndə yenə o əlləri görürəm. Əllər əvvəlki kimidir. Nə ağrı var, nə də əyilmiş barmaqlar. Yenə saçımı sığallayır.
Mən isə yuxunun içində də bilirəm ki, o əllər çox yorulub.
…İnsan anasını itirəndə təkcə bir adamı itirmir axı. O bir cüt əl itirir. Bu düşüncə ilə böyük şairimiz Rəsul Rzanın sətirləri yadıma düşür:
Bu gecə yuxu gördüm.
Gördüm, çörək dadı kimi
tanış bir otaq.
Tavandan nənni asılıb.
Nənnidə bir uşaq.
Anamın əlləri yırğalayır nənnini…
Bu misralar insanı daha dərindən düşündürür. Kaş uşaqlar analarının əllərinə bir az gec yox, elə vaxtında baxa biləydilər. O əyilmiş barmaqların hərəsi bir ömrün izidir. Hər qırışın altında bir gecə yuxusuzluğu, bir narahatlıq, bir övlad qayğısı yatır.
İndi isə zamanın necə keçdiyini daha yaxşı hiss edirəm. Hərdən saçımın ağ tellərinə toxunuram. Yadıma anamın o sözü düşür:
– Can bala, sənin də saçlarına dən düşüb…
O vaxt gülüb keçmişdim. İndi anlayıram… Saçı ağardan illər deyilmiş. Adamın yoxluğu imiş…
Bu yoxluq hissi məni tez-tez bir yerə aparır. Vaxtaşırı İmamzadəyə gedirəm. Deyəsən, özüm də bilmədən adət eləmişəm. Ora çatan kimi əlimi dərhal baş daşının üstünə qoyuram. Bilmirəm niyə… Bəlkə də elə bilirəm o mərmər baş daşının soyuqluğunun altında anamın əllərinin istisi qalıb və tez toxundurmasam uçub gedəcək…
Amma reallıq başqadır. Onu da bilirəm ki, insan bu soyuq məzar daşına nə qədər əl gəzdirsə də, ana əlini tapa bilməyəcək.
Bax onda başa düşürəm ki, darıxdığım anamın özü yox… O əlləridir.
İndi o əllər yoxdur.
Mən isə hərdən uşaq kimi başımı qoymağa bir diz, saçımı tumarlamağa bir cüt əl axtarıram…
Və bu hiss heç vaxt dəyişmir. Adam böyüyür, vəzifə sahibi olur, saçına dən düşür… Amma anasını itirəndən sonra ürəyinin bir yerində başını dizinə qoymaq istəyən o balaca uşaq heç vaxt böyümür.
Hamlet QASIMOV,
Əməkdar jurnalist

