Ürəyi hər zaman Vətən eşqi ilə döyünürdü
Azərbaycan xalqı öz təbiəti, xarakteri etibarilə həmişə mülayim və sülhsevər olmuşdur. Xalqımız yalnız öz doğma yurdunu, doğma torpağını qorumuş, lazım gələndə canını belə bu yolda qurban verməkdən çəkinməmişdir. Əsr-əsr, qərinə-qərinə igid ərənlər, kişi qeyrətli qadınlar meydana çıxmış, Azərbaycana solmaz şöhrətlər qazandırmış, onu qəhrəmanlar diyarı kimi tanıtmışdır. 44 günlük müharibə bir daha göstərdi ki, Azərbaycanda vətən hamı üçün müqəddəsdir və bu müqəddəsliyin uğrunda canından keçməyə hazır olan oğul və qızlarımız çoxdur. Birinci Qarabağ savaşı da yüzlərlə milli qəhrəman yetirmişdir ki, bunlardan biri də Kərim Kərimovdur.
Kərimov Kərim Məhəmməd oğlu 2 iyul 1971-ci ildə Şərur rayonunun Qarahəsənli kəndində dünyaya göz açmışdır. Orta məktəbi bitirdikdən sonra Tümenə getmiş və Ali Hərbi Mühəndis-Komandirlər Məktəbinə qəbul olunmuşdur. Siyasi və hərbi hazırlıq əlaçısı idi. Ürəyi hər zaman Vətən eşqi ilə döyünürdü.Qarabağda hadisələr şiddətlənəndə onunla təhsil alan 15 nəfər azərbaycanlı kursantı ətrafına toplayıb deyir: “Uşaqlar, bu gün Vətənimizin ağır günüdür. Ölkənin hərbi mütəxəssislərə böyük ehtiyacı var. Əgər biz günahsız insanların Qarabağda axıdılan qanına biganə qalsaq, onda torpaq bizi bağışlamaz”. Beləliklə, Tümen Ali Hərbi Mühəndis-Komandirlər Məktəbinin son kursunda təhsil alan tələbələr Azərbaycana qayıdıb, təhsillərini Bakı Ali Birləşmiş Komandirlər Məktəbində davam etdirirlər. Onlar Biləcəridə təlim keçdikdən sonra, aprelin 15-də Goranboy rayonuna yola düşürlər. İlk gündən “Tümendən gələn zabit” kimi tanınan 21 yaşlı K. Kərimov istehkamçılar bölməsinə komandir təyin olundu. O, verilən bütün tapşırıqları itki vermədən, layiqincə yerinə yetirirdi.
1992-ci il mayın 1-də Tap-Qaraqoyunlu kəndi ətrafında minalanmış sahələrin zərərsizləşdirilməsi əməliyyatı başlanmışdı. Əməliyyat zamanı bir nəfər əsgərimiz yaralanmışdı. Döyüşçüyə birinci qrup qan lazım olanda ilk dəfə Kərim özü qan verir. Mayın 5-də Kərim bir neçə döyüş yoldaşı ilə birlikdə quldurlar yuvası Talış təpəsinə qalxır. Onların döyüş hünəri sayəsində 40 nəfərə yaxın erməni qulduru məhv edilir. Bölmə döyüşə-döyüşə yüksəkliyi ələ keçirir. Səhər saat 5 radələrində Talış kəndindən baş qaldıran düşmən güclü hərbi texnikanın köməyilə onları mühasirəyə salır. Şiddətli döyüş başlanır. Kərim öz avtomatını yoldaşına verib, qumbaraatanla hücuma keçir. Düşmənin bir döyüş maşını vurulur. İkinci maşına atəş açılanda artıq Kərim yaralanmışdı. O, əsir düşməmək üçün odlu siqnal fişəngini sinəsinə sıxır. Erməni quldurları Kərimin və onun bir neçə döyüş yoldaşının cəsədlərini götürüb aradan çıxırlar.
İyunun 12-də kəndlərin erməni silahlı quldur dəstələrindən təmizlənməsi əməliyyatı başlanır. Qısa müddət ərzində 14 kənd geri alınır. Ayın 16-da səhər saat 12-də Talış kəndinin azad olunması barədə əmr veriləndə Kərimin atası və əmisi də döyüşlərə qoşulurlar. Milli Ordumuzun tutduğu iki erməninin köməyi nəticəsində Kərimin fermanın yanında basdırılmış cəsədi tapılır. Onun cəsədi Gəncə aeroportuna gətirilib Naxçıvana yola salınır. 1992-ci il mayın 5-də Goranboy döyüşlərində qəhrəmancasına şəhid olmuş Kərim Kərimov iyunun 17-də doğma kəndi Qarahəsənlidə torpağa tapşırılır.
Azərbaycan Respublikası Prezidentinin 11 sentyabr 1992-ci il tarixli fərmanı ilə Kərimov Kərim Məhəmməd oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür. Qarahəsənli kəndində onun büstü qoyulmuşdur. Goranboy və Şərur rayonlarında adına məktəb və küçə vardır.
Belə qəhrəmanlar heç vaxt ölmür, ölümləri ilə ölümsüzlüyə qovuşurlar. Onlar həmişə bizim qəlbimizdə, qan yaddaşımızdadırlar. Qəhrəmanlar mənsub olduğu xalqın, dövlətin və bəşəriyyətin rifahı üçün əlindən gələni edən, bu yolda canından keçməyə hazır olan insanlardır.
Bu gün Kərimin ruhu şaddır. 44 günlük Vətən müharibəsində sanlı qələbə qazanılmaqla Azərbaycan ərazi bütövlüyünü bərpa etdi. Odur ki, Qarabağımızda üçrəngli Azərbaycan bayrağı vüqarla dalğalanır.
Qəhrəmanlıq nümunəsi
Qənbərov Ramiz Bulud oğlu 2 iyul 1962-ci ildə qədim Şuşa şəhərində doğulmuşdur. 1979-cu ildə Hacıyev adına 4 saylı Şuşa şəhər orta məktəbini bitirdikdən sonra Kolxozlararası Tikinti İdarəsində əmək fəaliyyətinə başlamışdır. 1980-ci ildə hərbi xidmətə çağırılmışdır. 1982-ci ildə ordudan tərxis olunur və doğma Şuşaya qayıdır. Əmək fəaliyyətinə fəhləlikdən başlasayan Ramiz sonradan çalışdığı idarəyə mühəndis təyin edilir. 1986-cı ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna daxil olur, işləyə-işləyə ali təhsilini davam etdirir.
Ramiz 1988-ci ildə Xalq Hərəkatına qoşulur və erməni təcavüzünə qarşı ilk mübarizə aparanlardan biri olur. Ramizin qəlbinə bu müqəddəs fıkir hakim kəsilmişdi; Millət! Vətən! Torpaq! Azadlıq! Elə bu məqsədlə Moskvada Azərbaycan həqiqətlərinin dünya xalqlarına çatdırılmasında fəal iştirak edir, imperiyanın ədalətsiz qərarlarına qarşı çıxaraq öz haqq səsini ucaldırdı. Bəzən haqsız təzyiqlərə, təqiblərə məruz qalsa da, yolundan dönmür, ölümün gözünə belə dik baxırdı.
O, Azərbaycana qarşı erməni təcavüzünün ilk illərindən torpaqlarımızın müdafiəsinə qalxanların ön sıralarında idi. R.Qəmbərov 1992-ci ildə könüllülərdən ibarət batalyon yaradır və özü də həmin batalyona başçılıq edir. Cəsur döyüşçü batalyonu ilə Şuşa şəhərinin, eləcə də Kərkicahan, Kosalar, Nəbilər, Qaybalı, Malıbəyli, Quşçular, Göytala kəndlərinin müdafiəsində mərdliklə vuruşur, quldur yuvalarının darmadağın edilməsində əsl qəhrəmanlıq nümunələri göstərirdi.
Erməni yaraqlıları 29 aprel 1992-ci ildə Kosalar və Kərkicahan kəndləri yaxınlığındakı postlara hücuma keçirlər. R. Qənbərov batalyonu ilə köməyə gedir. Düşmənin dörd postu ələ keçirilmişdi. Axırıncı post uğrunda mübarizə gedirdi. Düşmən xeyli itki versə də, geri çəkilmək istəmirdi. Ramiz yaraqlıların mövqeyini öyrənmək üçün irəli atılır. Artıq igid komandir ermənilərin hədəfində idi. Bu qeyri-bərabər döyüşdə atılan güllələrdən biri igid komandiri ağır yaralayır. Bir gün sonra, 1992-ci il aprelin 30-da o, gözlərini əbədi yumur.
Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Qənbərov Ramiz Bulud oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.Şuşa şəhərirində dəfn edilib. Bakı şəhərindəki küçələrdən biri onun adını daşıyır.
Müşfiq MİRZƏ
XQ


