Fransa isə bu mundialda rəqib tanımır
2026-cı il futbol üzrə Dünya çempionatının pley-off mərhələsi davam edir. İyunun 30-u axşam və iyulun 1-i gecə 1/16 finalın daha 3 komandası bəlli oldu. Norveç Kot-d'İvuarı 2:1, Fransa İsveçi 3:0 və Meksika Ekvadoru 2:0 məğlub edərək növbəti mərhələyə vəsiqəni təmin ediblər.
Bundan əvvəl mundialı tərk edən milli komandalardan da xəbərlər var: Niderlandın baş məşqçisi Ronald Kumanı istefa verib, Özbəkistan Prezidenti milli komandaya dəstəyə çağırıb və İranın gözlənilən opponenti peyda olub.
Erlinq Halland atasını və ölkəsini sevindirir
Norveç 1/16 finalda Kot-d'İvuarla oyuna qrup mərhələsinin son oyununda Fransaya 1:4 hesablı ağır məğlubiyyətdən sonra çıxmışdı. Doğrudur, skandinaviyalılar bu məğlubiyyəti əsas heyətlə deyil, ikinci heyətlə oynayarkən yaşadılar. Stale Solbakken bunun düşünülmüş bir addım olduğunu bildirmiş, ulduz hücumçu Erlinq Halland isə bundan heç də narahat olmadığını söyləmişdi. Seneqal və İraqa qarşı oyunların hər birində dubl edən vikinqlərin hücum lideri oyundan əvvəl bu performansını davam etdirməyə hazır olduğunu da gizlətməyib.
Əslində, norveçlilərin belə strateji addımı onların bu turnirdə daha çox irəliləmək niyyətlərini təsdiqləyir. Amma onlar əvvəlcə sübut etməli idilər ki, qurban verdikləri bu matç əbəs deyildi və Kot-d'İvuar səddini aşmaq naminə atılan bir addım idi. Belə də oldu və onlar buna nail oldular - Norveç fasilədən bir az əvvəl Antonio Nusanın möhtəşəm zərbəsi sayəsində hesabı açdı. Lakin ikinci hissənin ortalarında afrikalılar Amada Diallonun təkbaşına möhtəşəm keçidindən sonra vurduğu bərabərlik qolu Nusanın qolundan heç də geri qalmadı.
Oyunun ssenarisinə əsasən, sanki artıq neçənci dəfə pley-offda matç yenidən əlavə vaxta və penaltilər seriyasına doğru gedirdi. Lakin möhtəşəm Erlinq Halland buna imkan vermək fikrində deyildi və onun planları başqa idi. Ulduz hücumçu matçın bitməsini bildirəcək fitin səslənməsindən bir az əvvəl – 86-cı dəqiqədə Berqin sağ cinahdan ötürməsinin qarşısına ayağını qoyaraq həlledici qolu vurdu. Erlinqin zərbə endirmək niyyətində olub-olmadığını özü də yəqin ki, bilmədi və bəlkə də topu saxlayıb zərbə endirmək istəyirdi. Buna baxmayaraq, onun ayağından çıxan top qapıya girdi və “Mançester Siti”nin hücumçusu ən çox qol vuranların siyahısında müvafiq yerini tutdu.
Hallandın topa toxunuşu o qədər yöndəmsiz idi ki, azarkeşlər dərhal onu “tarixin ən pis qolu” adlandırdılar. Amma fakt faktlığında qalır: məhz bu yöndəmsiz qol skandinaviyalıları Braziliyanın gözlədiyi tarixi 1/8 finala yüksəltdi. “Mançester Siti”nin və dünyanın ən bahalı ulduzlarından olan Hallandın bu qolu, bəlkə də hamıdan çox, bu oyunu son dərəcə gərgin vəziyyətdə izləyən atasını sevindirdi.
“Mən özünəməxsus bir birlik hiss edirəm, bu, təsirlidir. Biz bu səyahətdən zövq alırıq”, – deyə Halland sevincini ilk olaraq jurnalistlərlə bölüşür.
Mbappe və komandası “at oynadır”
Etiraf edək ki, fransızlar Seneqala qarşı debüt oyunundakı şübhəli ilk hissədən sonra bu turnirdə demək olar ki, heç bir rəqabətlə qarşılaşmayıblar. İsveçlə 1/16 final matçında da elə bir rəqabət yox idi. Bu matça qədər fransızlar qrupda hər oyunda 3 və daha artıq qol vurublar. Şübhə yox idi ki, “xoruzlar” bu seriyanı sonrakı matçlarda da davam etdirməkdən geri durmaq niyyətində deyildilər.
İsveç millisində isə çox ciddi itkilər var idi: Gyökeres, İsak və Elanqa ilə güclü hücum xətti olsa da, müdafiə zəif görünürdü. Doğrudur, qrup mərhələsində isveçlilər Tunisi 5:1 hesabı ilə məğlub etdilər, lakin Niderlanda eyni hesabla uduzanda onların müdafiəsindəki boşluqlar üzə çıxdı.
Yeri gəlmişkən, matçın keçirildiyi gündə son dərəcə çətin hava şəraitini də qeyd etmək lazımdır. Nyu-York və Nyu-Cersi ştatlarında temperatur müsbət 40 dərəcəyə çatırdı və matçın keçirildiyi “MetLife” stadionunda açılıb bağlanan dam və ya kondisioner sistemləri yoxdur - oyunçular və azarkeşlər açıq havada qızmar günəş altında qalırlar.
Fransa millisinə gəldikdə isə, etiraf edək ki, bu Dünya çempionatında Fransa qədər müxtəlifliyi ilə seçilən yüksək səviyyəli hücumçu oyunçularla öyünə biləcək başqa bir komandanın adını çəkmək mümkün deyil. Diqqət edin: Mbappe, Dembele, Doue, Olise, Barkola, Çerki, Akliuş, Tüuram və Mateta komandanın üçlü hücum mövqeyi uğrunda mübarizə aparırlar. Didye Deşam üçün bu həm hədiyyə, həm də başağrısıdır. O, Mbappenin eqosunu boğmaqdan, PSJ-nin qələbə mövsümünün qəhrəmanları, möhtəşəm Olise və sürətlə inkişaf edən Çerki üçün yer tapmalıdır.
İyulun 1-də “MetLife” stadionunda sürətli və texnikalı Mbappe, Olise və Dembele üçlüyü, zədə səbəbindən kapitan İsak Heenin meydana çıxmadığı şübhəli İsveç müdafiəsi ilə üz-üzə idi. Didye Deşamın yetirmələri ilk hissədə rəqiblərini, sözün əsl mənasında, sanki məsxərəyə qoymuşdular: Kilian Mbappe ofsayd mövqeyindən qol vurdu, cərimə meydançasında qapıya endirdiyi zərbə qapı dirəyinə dəydi, Olise elə bir mövqe olmadı ki, oradan qapıya zərbə endirməsin və hətta aşırma zərbə ilə vurduğu top belə dirəyə dəydi. Nəhayət, cərimə meydançasının kənarından ötürməni qəbul edən “Real Madrid”in hücumçusu bütün qaydalara riayət edərək bir neçə rəqibini ustalıqla keçib topu qapıya göndərdi. Bax, bu sevinci Didye Deşamla bölüşməyə dəyərdi.
Fasilədən sonra heç nə dəyişmədi. Bredli Barkola tezliklə komandasının üstünlüyünü artırdı və bundan bir qədər sonra, hazırda qol siyahısına başçılıq edən Mbappe yekun hesabı müəyyən etdi - 3:0. İndi mundialın bombardirlər siyahısına hərəyə 6 qolla Kilian və Lionel Messi başçılıq edirlər. Fransa 1/8 finalda Paraqvayla qarşılaşacaq.
İsveç isə F qrupunun digər komandaları kimi acınacaqlı seriyanı davam etdirərək mundialda mübarizəni dayandırdı: Yaponiya Braziliyaya 1:2 hesabı ilə, Niderland isə Mərakeşə əsas vaxtda 1:1 hesablı heç-heçədən sonrakı penaltilərdə 2:3 məğlub oldu.
Meksika qapısını “möhürləyib”
Gecənin digər qarşılaşmasının qalibi isə Meksika oldu. Bu milli komanda turnirin ev sahibi ölkələrdən biri statusundan, hələ ki, maksimum dərəcədə istifadə edir. Qrup mərhələsində “yaşıllar” dogma azarkeşləri qarşısında 3 oyunda qalib gəliblər və qapılarından 1 qol belə qol buraxmayıblar. Meksikalılar 1/32 final mərhələsinin son oyununda Almaniyanı məğlub edərək gözlənilmədən 1/16 finala yüksələn Ekvadorla münasibətlərə aydınlıq gətirirdilər.
Nə yazıq ki, Sebastian Bekkasesenin komandasının qəhrəmanlığı bu mərhələdə sona çatdı. Bəlkə də pis hava şəraitinə görə gecikmiş başlanğıc onun komandasına təsir etdi. Buna baxmayaraq, Meksika 30-cu dəqiqədə Julian Quinyones və Raul Ximenezin möhtəşəm zərbələri ilə artıq iki qol öndə idi və oyun elə bu hesabla da başa çatdı.
Matç zamanı bir neçə maraqlı hadisə baş verdi, əlbəttə, onlar da meydandakı futbolla dolayısı ilə əlaqəli idi. Belə ki, oyun Piero İnkapienin ağzı bağlı şəkildə rəqibə söyüş söydüyünə görə qırmızı vərəqə alması ilə başa çatdı. Hadisəni monitorda nəzərdən keçirdikdən sonra hakim Slavko Vinçiç “Arsenal”ın müdafiəçisinə qırmızı vərəqə göstərdi, o isə özünü sındırmadan gülümsəyərək, başını dik tutub meydanı tərk etdi. Dünya çempionatını tərk edirsənsə də, gərək elə bu cür gedəsən.
Beləliklə, mundiala ev sahibliyi edən ölkələrdən biri Meksika keçirdiyi 4 oyunda rəqib qapılarında 8 qol vuraraq 4 qələbə qazanmış və qapısını hələ ki, möhürdə saxlaya bilmişdir.
***
Beləliklə, Avropanın iki millisi də 2026-cı il mundialının 1/16 finalına vəsiqəsini təmin etdi. İndi növbə İngiltərə, İspaniya, Belçika, Bosniya və Avstriya millilərinindir. Dünən növbə İngiltərəyə çatmışdı. Titullu Britaniya “şirləri” Atlantada Konqo DR – Afrika “bəbirləri” ilə döyüşə girdilər.
Afrika “bəbirləri” matça çox cəsarətlə başladılar və bu, 7-ci dəqiqədə İngiltərə “şirlərinin” qapısına qolla nəticələndi. Spens konqoluların yarımmüdafiəçisi Mbembanın cərimə meydançasına etdiyi ötürmənin qarşısını ala bilmədi. Əvəzində Brayan Sipenqa topu ələ keçirib bir qədər irəlilədi və güclü zərbə ilə onu qapının sol küncünə göndərdi. Pikford yaxın küncə vurulan qüvvətli zərbəni dəf edə bilmədi: 0:1.
İngiltərə 75-ci dəqiqəyə qədər heç cür konqoluların qapısına yol tapa bilmədi. Cud Bellinqemin 2 əla baş zərbəsini qapıçı Mpasi heyrətamiz sıçrayışla dəf edib çərçivəni toxunulmaz saxladı. Lakin əvvəldə qeyd etdiyim kimi, konqolular Harri Keyni yalnız 75-ci dəqiqəyə qədər neytrallaşdıra bildilər. Oyunun əsas vaxtının başa çatmasına 15 dəqiqə qalmış sol cinahdan Qordonun qapı önünə havalandırdığı topu Keyn başla vurduğu zərbə ilə nəhayət ki, tora qovuşdura bildi. Bundan cəmi 11 dəqiqə sonra yenə rəqibin cərimə meydançasının qarşısında topu ələ keçirən Qordon Harri Keynə ideal ötürmə etdi. Bu dəfə hücumçu qarşısındakı müdafiəçiləri çevik hərəkətlə kənarlaşdırıb topu qüvvətli zərbə ilə qapının doqquzluğuna göndərdi. Mpasin yalnız baxışları ilə topun qapı toruna necə qovuşduğunu müşahidə etməkdən başqa çarəsi qalmadı: 2:1. Beləliklə, Avropanın üçüncü komandası 1/8 finala vəsiqəni təmin etdi. Bu mərhələdə Britaniya “şirləri” ev sahiblərindən biri olan Meksika millisi ilə qarşılaşacaqlar.
Xatırladaq ki, İngiltərə L qrupunda Harri Keynin dublu ilə Xorvatiyanı 4:2 və Panamanı 2:0 məğlub etsə də, Qana ilə başabaş oynayıb qolsuz heç-heçəylə ayrıldı. Meydandakı rəqibləri ilkin mərhələdə matçların nəticələrinin tam dəstinə sahib olan Konqo Demokratik Respublikası idi. Bu nəticələrin ən gözlənilməzi Portuqaliya ilə 1:1 hesablı məhsuldar heç-heçə sayılır. Daha sonra Kolumbiyaya 0:1 hesablı məğlubiyyət və Özbəkistan üzərində 3:1 hesablı qələbəylə qrupun 3-cüsü kimi 1/32 finala vəsiqə qazanmışdılar..
Qüvvələr nisbətinə baxanda, əlbəttə ki, İngiltərə matçın favoriti idi. Lakin Dünya çempionatının bu mərhələsində Yaponiyanın Braziliyaya çoxlu problem yaşatdığı, Paraqvayın Almaniyanı, Mərakeşin isə Niderlandı evə göndərdiyi də elə bu günlərdə baş vermişdi. Oyundan əvvəl belə bir qənaətdə idik ki, əgər afrikalılar Britaniya komandasının ən çox qol vuran hücumçusu Keyni, eləcə də Cud Bellinqemi neytrallaşdırmağa nail ola bilsələr, onların uğur qazanmaq şansı olacaq. Amma oyunun gedişindən görünürdü ki, bu, çox çətin işdir...
İlqar RÜSTƏMOV
XQ

