Şəffaf dəniz canlılarının bərpa sirri tibb dünyasında yeni qapılar açır

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Çikaqo Universitetinin dəniz biologiyası üzrə mütəxəssisləri meduzaların bədənindəki unikal regenerasiya (özünübərpa) mexanizmini tam detalları ilə təsvir ediblər. Tədqiqatlar göstərir ki, bu prosesdə əsas rolu "lamellipodi" adlı xüsusi hüceyrə strukturları oynayır. Bu tapıntı gələcəkdə məməli heyvanların, eləcə də insanların zədələnmiş toxumalarının çapıqsız və sürətli bərpası sirlərini açmağa kömək edə bilər.

Molekulyar genetik Coislin Malami şəffaf "Clytia hemisphaerica" meduzaları üzərində apardığı uzunmüddətli müşahidələr zamanı hüceyrələrin zədələnmiş nahiyəni dərhal qapatmaq üçün sanki bir-birinə doğru "addımladığını" qeydə alıb. Ömrü cəmi bir neçə ay olan və meduzanın çoxalma mərhələsini təşkil edən bu şəffaf gövdə, bədənində çapıq toxumasının yaranmaması və real vaxt rejimində mikroskop altında rahat görünməsi baxımından ideal tədqiqat obyektinə çevrilib.

Meduza orqanizmindəki bu bərpa prosesi öz sürəti və təmizliyi ilə diqqət çəkir. Kiçik yaralar cəmi bir neçə dəqiqəyə, daha böyük zədələr isə bir saatdan az müddətdə tamamilə yox olur. İnsandan fərqli olaraq, meduzalarda mürəkkəb immun sistemi və qan damarları olmadığı üçün bərpa prosesi heç bir iltihab qeydə alınmadan, birbaşa rüşeym (embrion) dövründəki daxili sağalma mexanizmini xatırladır.

Yeni elmi işdə bəyan olunub ki, yaralanma anında zədənin kənarındakı hüceyrələrdən aktin zülalı ilə zəngin olan və "ayaqcıqları" xatırladan lamellipodilər irəliyə doğru uzanır. Onlar amöblər kimi hərəkət edərək hüceyrə gövdəsini yaranın üzərinə doğru dartır və boşluğu fiziki olaraq qapadıb sıxırlar. Alimlər bu mikro-strukturların hətta tək bir hüceyrənin daxilindəki mikroskopik zədələrdə belə anında formalaşdığını aşkar ediblər ki, bu da biologiya elmində yeni bir kəşf hesab olunur. Tədqiqatçıların fikrincə, "Clytia" meduzalarında müşahidə olunan bu fundamental hüceyrə hərəkətləri məməli canlıların sistemləri ilə böyük oxşarlıq təşkil edir və gələcəkdə regenerativ təbabətdə inqilabi addımlara səbəb ola bilər.

Hazırladı:
Arzu ƏLİYEVA
XQ

Maraqlı