“Rəqəmsal türkologiya” və türk mənəvi aləmi

post-img

Dünən AMEA Rəyasət Heyətində I Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş Türk Dünyası Həftəsi çərçivəsində “Rəqəmsal türkologiya” adlı panel iclas keçirilib.

Məclisi giriş nitqi ilə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq I Türkoloji Qurultayın 100 illiyinə həsr olunan həftənin elm və mədəniyyəti əhatə edən genişmiqyaslı silsilə tədbirlərdən ibarət olduğunu vurğulayıb. Bu irimiqyaslı təntənənin Prezident İlham Əliyevin “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamına uyğun olaraq təşkil edildiyini söyləyən AMEA rəhbəri bildirib ki, yubileyin dövlət səviyyəsində qeyd edilməsi Azərbaycanın Türk dünyasının ortaq elmi-mədəni irsinə verdiyi yüksək dəyəri açıq şəkildə nümayiş etdirir.

Akademik İsa Həbibbəyli vurğulayıb ki, 6 türk dövləti başçısının yubiley tədbirləri ilə bağlı təbrik məktubu ünvanlaması Prezident İlham Əliyevin beynəlxalq nüfuzunun və Azərbaycanın Türk dünyasında artan rolunun göstəricisidir.

Həftənin əsas hadisəsinin Heydər Əliyev Mərkəzində keçirilən “I Türkoloji Qurultay: yüz ilin elmi və mədəni irsi” mövzusunda beynəlxalq konqres olduğunu diqqətə çatdıran akademik qeyd edib ki, elmi məclisdə 26 ölkədən 200-dən çox türkoloq-alimin və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı Azərbaycanın elmi və intellektual mərkəz kimi artan beynəlxalq çəkisini təsdiqləyir.

Daha sonra bildirilib ki, müasir dövrdə rəqəmsallaşma xüsusi əhəmiyyət daşıyır. Ölkəmizdə rəqəmsal dövlət, elektron hökumət və süni intellekt istiqamətində ardıcıl tədbirlər həyata keçirilir, normativ-hüquqi baza formalaşdırılır. Bugünlərdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclasının keçirilməsi bu prosesin sürətləndiyinin göstəricisidir. Milli elmin bu prosesə töhfəsini artırmaq üçün AMEA-da da rəqəmsal inkişaf və süni intellektlə bağlı struktur islahatları aparılır. Qarşıda duran əsas məqsəd rəqəmsal texnologiyaların və süni intellektin imkanlarının humanitar və ictimai elmlərin inkişafına sistemli şəkildə tətbiq edilməsidir. Müasir dövrdə ədəbiyyat, folklor, dilçilik, incəsənət və ümumilikdə türkologiya rəqəmsallaşma prosesindən kənarda qala bilməz.

“Rəqəmsal türkologiya” müzakirəsi də I Türkoloji Qurultayın 100 illiyinə AMEA-nın yeni elmi düşüncəyə əsaslanan mühüm töhfəsidir. AMEA-nın institutlarında rəqəmsallaşma istiqamətində aparılan işlərin daha da dərinləşməsinə və sistemli inkişafına geniş imkanlar yaradılacaq. Keçirilən panel də elmi müzakirələr baxımından səmərəli olmasına əminliyini ifadə edərək, tədbirin işinə uğurlar arzulayıb.

AMEA-nın vitse-prezidenti akademik Rasim Əliquliyev çıxış edərək I Türkoloji Qurultayın bundan 100 il əvvəl məhz bu binada dövrün ən aktual elmi məsələlərini gündəmə gətirdiyini, bu gün isə dünyanın tamamilə yeni reallıqlarla üz-üzə olduğunu vurğulayıb. O, müasir çağırışlar fonunda konqres çərçivəsində “Rəqəmsal türkologiya” panelinin təşkilini zəruri addım kimi dəyərləndirib.

Akademik son illər türk dövlətlərinin rəhbərlərinin rəqəmsal inkişaf və süni intellekt məsələlərini strateji prioritet kimi ön plana çəkdiklərini və Türküstan şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə bunu açıq şəkildə nümayiş etdirdiklərini bildirib. Qeyd edib ki, Prezident İlham Əliyevin 2024-cü il andiçmə mərasimində səsləndirdiyi "Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır” fikri bu istiqamətdə aparılan müzakirələrdə xüsusi önəm daşıyır.

Türk Dünyası İş Adamları Birliyinin sədri Mehmet Fatih Danış çıxış edərək bu toplantının yalnız türkologiyanın keçmişini xatırlamaq məqsədi daşımadığını, eyni zamanda onun gələcəyini birlikdə qurmaq niyyəti ilə təşkil olunduğunu vurğulayıb. O, türkologiyanın türk dünyasının ortaq yaddaşını, mədəniyyətini və kimliyini gələcəyə daşıyan ən mühüm intellektual körpülərdən biri olduğunu qeyd edib.

Mehmet Fatih Danış Birinci Türkoloji Qurultayın zəngin irsinin hələ də kifayət qədər rəqəmsal mühitə daşınmadığını və bir çox türk dillərinin rəqəmsal platformalarda az resurslu dillər kimi qiymətləndirildiyini söyləyib. Birlik sədri son illərdə Türkiyə, Azərbaycan və digər türkdilli ölkələrdə rəqəmsal arxivləşdirmə və süni intellekt əsaslı layihələr üzrə atılan addımları müsbət dəyərləndirib.

Daha sonra elmi məruzələr dinlənilib. AMEA Folklor İnstitutunun direktoru filologiya elmləri doktoru, dosent Hikmət Quliyev “Rəqəmsal türkoloji folklorşünaslıq: konseptual baxışlar və perspektivlər” mövzusunda məruzə ilə çıxış edib. O, I Türkoloji Qurultayın 100 illiyinin türkologiyanın yeni mərhələsinin nəzəri və metodoloji istiqamətlərini yenidən dəyərləndirmək üçün mühüm elmi platforma olduğunu vurğulayıb.

Hikmət Quliyev çıxışının sonunda bildirib ki, I Türkoloji Qurultay XX əsrdə Türk dünyasında ortaq elmi əməkdaşlıq mühitinin formalaşmasında mühüm rol oynayıb və hazırda əsas məqsəd bu ənənəni müasir texnoloji imkanlar əsasında davam etdirməklə ortaq rəqəmsal folklor korpusları və vahid bilik ekosistemi formalaşdırmaqdır.

Məclisdə AMEA Rəyasət Heyəti aparatının Rəqəmsal Akademiya, süni intellekt və elektron xidmətlər şöbəsinin müdiri fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Fariz İmranov və həmin şöbənin baş mütəxəssisi Samir Ələkbərlinin “Rəqəmsal türkologiyanın yol xəritəsi: Ənənədən alqoritmə, alqoritmdən transformasiyaya doğru”, Dilçilik İnstitutunun rəqəmsallaşma üzrə direktor müavini professor Məsud Mahmudovun “Rəqəmsal Azərbaycan dili: problemlər və perspektivlər”, Ədəbiyyat İnstitutunun elmi işlər və rəqəmsallaşma üzrə direktor müavini, filologiya elmləri doktoru, dosent Mehman Həsənlinin “Rəqəmsal Ədəbiyyat İnstitutu: nəticələr və perspektivlər”, Memarlıq və İncəsənət İnstitutunun rəqəmsallaşma üzrə direktor müavini, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ramil Quliyevin “Rəqəmsal texnologiyalar və türk mədəni irsinin qorunması” mövzusunda məruzələri dinlənilib.

Bundan başqa, iclasda Əlyazmalar İnstitutunun rəqəmsallaşma üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Xatirə Yusifova “Türkologiyada rəqəmsal mətnşünaslıq: mətnlərin elek- tron təhlili, korpus texnologiyaları və süni intellektin tətbiqi”, Tarix və Etnologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Nigar Camalova “Azərbaycan tarixi və etnologiyasında süni intellekt alətlərinin tətbiqi problemləri”, Arxeologiya və Antropologiya İnstitutunun rəqəmsal inkişaf üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru, dosent Pərviz Qasımov “Rəqəmsal Arxeologiya: müasir təcrübə və hədəflər”, Fəlsəfə və Sosiologiya İnstitutunun rəqəmsal inkişaf üzrə direktor müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Məhəmməd Cəbrayılov “Müasir geosiyasi şəraitdə Azərbaycanın rəqəmsal suverenliyi və milli təhlükəsizlik çağırışları” və Şərqşünaslıq İnstitutunun rəqəmsal innovasiya və süni intellekt üzrə direktor müavini, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elnur Mustafayev “Rəqəmsal transformasiya dövründə şərqşünaslıq: ənənəvi tədqiqat modellərindən rəqəmsal humanitar tədqiqatlara keçid” adlı məruzələrlə çıxış ediblər.

Müzakirələrdə ETN İnformasiya Texnologiyaları İnstitutunun böyük elmi işçisi texnika üzrə fəlsəfə doktoru Əfruz Qurbanova “Türk dillərinin rəqəmsal transformasiyası və ortaq dil ekosisteminin formalaşdırılması problemləri”, AMEA Rəyasət Heyəti aparatının rəqəmsal akademiya, süni intellekt və elektron xidmətlər şöbəsinin müdir müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Həsən Nağıyev və şöbənin baş mütəxəssisi Kəmalə Zamanova “Hibrid NLP vasitəsilə Nizami Gəncəvinin farsdilli poeziyasında türk leksik elementlərinin aşkarlanması”, aparatın elm və təhsil şöbəsinin baş mütəxəssisi, texnika üzrə fəlsəfə doktoru Tuncay Həbibbəyli və aparatın rəqəmsal akademiya, süni intellekt və elektron xdmətlər şöbəsinin baş mütəxəssisi Həbibulla İmranov “Azərbaycan dili üçün akademik qayda əsaslı və mənbəli süni intellekt infrastrukturu (SUFİ AI)” adlı məruzələrini təqdim ediblər.

Q.YUSİFOĞLU
XQ

Mədəniyyət