Naftalanda Azərbaycan Polisi Günü qeyd olunub

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

İyulun 2-də Naftalan şəhərində Azərbaycan polisinin yaranmasının 108-ci ildönümü və Azərbaycan Polisi Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə Naftalan Şəhər İcra Hakimiyyəti başçısının müavini, icra hakimiyyəti başçısı səlahiyyətlərini müvəqqəti icra edən Arzu Məmmədov, Şəhər Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Firuz Nuriyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, polis əməkdaşları və daxili işlər orqanlarının veteranları iştirak ediblər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq xatirəsi ehtiramla yad edilib. Sonra Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən foto-ekspozisiyaya baxış keçirilib.

Naftalan Şəhər Polis Şöbəsinin inzibati binasında davam edən mərasimdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Tədbirdə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun şəxsi heyətə və polis veteranlarına ünvanladığı təbrik məktubu oxunub.

Çıxışlarda qeyd olunub ki, Azərbaycan polisinin bugünkü inkişaf səviyyəsi Ümummilli Lider Heydər Əliyevin hüquq-mühafizə orqanlarının möhkəmləndirilməsi istiqamətində həyata keçirdiyi ardıcıl siyasətin nəticəsidir. Vurğulanıb ki, Ulu Öndərin 1998-ci ildə imzaladığı Sərəncamla iyulun 2-si Azərbaycan Polisi Günü elan olunub və bu tarix polis əməkdaşlarının cəmiyyət qarşısındakı xidmətinə verilən yüksək dəyərin ifadəsidir.

Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu siyasət uğurla davam etdirilir, daxili işlər orqanlarının maddi-texniki bazası müasir tələblərə uyğun yenilənir, əməkdaşların sosial müdafiəsi gücləndirilir, peşəkarlıq səviyyəsinin yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Azərbaycan polisi ictimai asayişin və təhlükəsizliyin etibarlı qorunmasında, vətəndaşların hüquq və qanuni mənafelərinin müdafiəsində öz vəzifələrini layiqincə yerinə yetirir.

Çıxışlarda Naftalan Şəhər Polis Şöbəsinin fəaliyyətinə də toxunularaq bildirilib ki, beynəlxalq turizm mərkəzi kimi tanınan şəhərdə ictimai asayişin qorunması, sakinlərin və qonaqların təhlükəsizliyinin təmin edilməsi istiqamətində polis əməkdaşları üzərlərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirirlər.

Tədbirin sonunda Azərbaycan Polisi Günü münasibətilə xidmətdə fərqlənən polis əməkdaşları və veteranlar mükafatlandırılıb. Naftalan Şəhər Polis Şöbəsinin rəisi Firuz Nuriyev tərəfindən şəxsi heyətə təyin olunmuş mükafatlar təqdim edilib. Şəhər İcra Hakimiyyəti tərəfindən isə xidmətdə fərqlənən bir qrup polis əməkdaşı Fəxri Fərmanla təltif olunub, Şəhər Polis Şöbəsinin rəisinə xatirə hədiyyəsi təqdim edilib.

Tədbir xatirə şəkli ilə başa çatıb.

Hamlet Qasımov
XQ-nin Gəncəbasar müxbiri





























Sosial həyat