Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
“Azərbaycan polisi dövlətçiliyimizin ən mühüm dayaqlarından biri, ictimai asayişin, qanunun aliliyinin və vətəndaş təhlükəsizliyinin təmin edilməsində müstəsna rol oynayan təsisatdır. Müstəqillik dövründə polis orqanları mürəkkəb təhlükəsizlik çağırışları, transmilli cinayətkarlıq, kiber təhlükələr və ictimai təhlükəsizliklə bağlı yeni risklər şəraitində peşəkarlığını və dövlətə sədaqətini dəfələrlə nümayiş etdirib”. Bu fikirləri XQ-yə açıqlamasında Milli Məclisin deputatı Samir Vəliyev bildirib.
Deputat daha sonra qeyd edib ki, bugünkü müasir dövrdə polisin fəaliyyəti sadəcə cinayətkarlıqla mübarizə ilə məhdudlaşmır. İnsan hüquqlarının qorunması, ictimai sabitliyin təmin olunması, fövqəladə hallarda çevik fəaliyyət, rəqəmsal texnologiyalarının tətbiqi və vətəndaşlara xidmət keyfiyyətinin yüksəldilməsi də hüquq mühafizə orqanlarının əsas prioritetləri sırasındadır.
Azərbaycan polisi Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən müəyyən edilən hüquq qaydasının möhkəmləndirilməsi və dövlət təhlükəsizliyinin təmin olunması siyasətini uğurla həyata keçirən əsas dövlət institutlarından biridir. Sülh dövründə, postmünaqişə dövründə azad edilmiş ərazilərdə hüquq qaydasının bərpası, ictimai təhlükəsizliyin təmin olunması və dövlət idarəçiliyinin formalaşmasında polis əməkdaşlarının xidməti böyük əhəmiyyət daşıyır. Cəmiyyətin bütövlükdə təhlükəsizliyi, vətəndaşların hüquq və azadlıqlarının etbarlı müdafiəsi, eyni zamanda qanunun aliliyinin təmin olunması güclü dövlətin əsas göstəricilərindəndir. Bu baxımdan Azərbaycan polisi yalnız hüquq mühafizə orqanı deyil, həm də dövlətçiliyin, ictimai sabitliyin və milli təhlükəsizliyin etibarlı təminatçılarından biridir.
“2 iyul Azərbaycan Polisi Günü münasibətilə bütün polis əməkdaşlarını, Daxili İşlər naziri cənab Vilayət Eyvazov başda olmaqla, səmimi qəlbdən təbrik edir, onlara möhkəm cansağlığı, xidmətlərində uğurlar və dövlətimizə sədaqətlə fəaliyyətlərində yeni nailiyyətlər arzulayıram. Onu da əlavə etmək istərdim ki, bu gün Daxili İşlər Nazirliyi təkcə ictimai asayişin qorunması, cinayətkarlığa qarşı mübarizə, kiber təhlükəsizlik, yol hərəkəti təhlükəsizliyi məsələsinə məsul dövlət qurumu olmaqla yanaşı, eyni zamanda vətəndaş məmnunluğunun artırılması sahələrində də fəaliyyətini daha da təkmilləşdirib.Polis-vətəndaş münasibətlərinin möhkəmlənməsi və xidmətin müasir standartlara uyğunlaşdırılması hüquq-mühafizə sisteminin inkişafında mühüm rol oynayır”-deyə Samir Vəliyev vurğulayıb.
Müşfiq MİRZƏ
XQ

