Azərbaycan – ABŞ: yeni yanaşma köhnə qəlibləri sıradan çıxarır

post-img

Bakı–Vaşinqton münasibətlərindəki hazırkı durumu doğuran amillərə baxış

Son illərdə qazandığımız siyasi, iqtisadi və hərbi uğurlar ölkəmizin beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə artırıb, onu Avrasiya məkanında mühüm geosiyasi aktorlardan birinə çevirib. Azərbaycanın dünyanın aparıcı güc mərkəzləri ilə münasibətlərdə müşahidə olunan dinamika da məhz bu reallığın məntiqi nəticəsidir. Axı müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin geosiyasi çəkisi, ilk növbədə, onların etibarlılığı, müstəqil siyasət yürütmək qabiliyyəti və qlobal proseslərə təsir imkanları ilə müəyyənləşir. ABŞ da məsələyə vurğuladığımız kontekstdə yanaşır. Ona görə Ağ Evin Azərbaycan siyasətində nəzərəçarpacaq fəallıq müşahidə olunur. Deməli, Prezident Donald Tramp administrasiyası rasionaldır.

İndiki məqamda söhbət ABŞ-la yeni münasibətlərin qurulmasından deyil, uzun illər ərzində formalaşmış əməkdaşlıq ənənələrinin yeni geosiyasi şəraitdə daha praqmatik müstəvidə inkişaf etdirilməsindən, yaxud uyğunlaşdırılmasından gedir. Bu isə ABŞ siyasi dairələrində getdikcə daha çox qəbul olunan bir məqamı üzə çıxarır: Cənubi Qafqazın lider dövləti olan Azərbaycanla münasibətlər qarşılıqlı hörmət və milli maraqların nəzərə alınması prinsipləri əsasında qurulmalıdır. Mövcud yanaşmanın Vaşinqtonun regional siyasətinin mühüm tərkib hissəsinə çevrildiyini sübuta yetirən cəhətlər isə kifayət qədərdir.

Doğrudur, geostrateji mövqeyimiz də ölkəmizin beynəlxalq əhəmiyyətini müəyyən edən əsas amillərdən biridir. Azərbaycan Avropa ilə Asiyanın qovşağında yerləşir, Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən qlobal nəqliyyat-kommunikasiya sisteminin aparıcı halqalarından biri kimi çıxış edir. Habelə, bilavasitə Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində reallaşdırılmış transmilli layihələr ölkəmizi regionun nəqliyyat-logistika mərkəzinə çevirib. Bu baxımdan Bakı–Tbilisi–Qars dəmir yolu, Orta Dəhliz, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və digər strateji layihələr vurğulanmalıdır. O layihələr ki, təkcə Azərbaycanın deyil, bütövlükdə Avrasiyanın iqtisadi xəritəsini dəyişdirən təşəbbüslərdir.

Qlobal miqyasda enerji təhlükəsizliyi ən aktual məsələlərdən biridir və bu deyimdə də Azərbaycan ön planda dayanır. Axı ölkəmiz uzun illərdir etibarlı enerji tərəfdaşı kimi nüfuz qazanıb və nüfuzunu qoruyur. Nəticə etibarilə Azərbaycanın təşəbbüsü və liderliyi ilə həyata keçirilən enerji layihələrinin Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verdiyini görürük.

Bəli, bu gün beynəlxalq tərəfdaşlar Azərbaycanı təkcə enerji ixracatçısı deyil, həm də qlobal enerji təhlükəsizliyinin təminatçılarından biri kimi qiymətləndirirlər. ABŞ Konqresinin üzvü Abraham Hamadehin Azərbaycana səfərindən sonra səsləndirdiyi fikirlər də fikrimizin təsdiqidir. Yəni amerikalı siyasətçi Azərbaycanın enerji, nəqliyyat və təhlükəsizlik sahələrində strateji əhəmiyyətini vurğulamaqla, əslində, Vaşinqtonda formalaşmaqda olan yeni yanaşmanın mahiyyətini ortaya qoyub. O yanaşmanı ki, ideoloji stereotipləri kənara qoymaqla onlara meydan oxuyur. O yanaşma ki, real geosiyasi maraqlara əsaslanır.

Ən mühüm məqamlardan biri ondan ibarətdir ki, Azərbaycan bu gün beynəlxalq münasibətlər sistemində heç bir güc mərkəzindən asılı olmayan, öz milli maraqlarını qətiyyətlə müdafiə edən dövlət statusundadır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən balanslaşdırılmış xarici siyasət kursu ölkəmizə müxtəlif siyasi qütblərlə qarşılıqlı faydalı əməkdaşlıq imkanları yaradıb.

“2003-cü ildən sonra Azərbaycanın dinamik inkişafı təmin edilmişdir. Biz güclü, qüdrətli dövlət qura bilmişik. Bu gün Azərbaycan, sözün əsl mənasında, müstəqil siyasət aparan ölkədir. Bu gün dünya xəritəsində belə ölkələrin sayı o qədər də çox deyil. Xüsusilə biz ərazisi, əhalisi o qədər də böyük olmayan ölkələrə fikir versək, görərik ki, müstəqil siyasət aparmaq iqtidarında olan ölkələr o qədər də çox deyil. Biz tam müstəqil siyasət aparırıq. Bizim siyasətimiz milli maraqlar üzərində qurulubdur. Azərbaycan xalqının maraqları bizim siyasətimizin mənbəyidir, onun əsasıdır. Kənardan bizim siyasətimizə təsir etmə imkanları sıfıra bərabərdir. Bunu yaxın tarix göstərib. İndi deyə bilərəm ki, belə cəhdlər də yoxdur. Ona görə ki, biz prinsipial siyasət aparırıq. Bu siyasət Azərbaycan xalqı tərəfindən dəstəklənir və müdafiə olunur. Xalq-iqtidar vəhdəti bizim uğurlarımızın əsas səbəbidir”. Bu fikirləri Prezident İlham Əliyev hələ 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə təşkil olunan rəsmi qəbulda bildirmişdi. 2018-ci ildən sonra isə çox şey dəyişdi.

Əlbəttə, Azərbaycanın beynəlxalq nüfuzunu artıran əsas amillərdən biri ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa etməsidir. Bu yerdə Qarabağ Zəfərimizin tamamilə yeni geosiyasi reallıq formalaşdırdığını da vurğulamalıyıq. Reallıq isə Cənubi Qafqazda əməkdaşlıq, inkişaf və inteqrasiya üçün geniş imkanlar açır. Məhz buna görə də ABŞ daxil olmaqla, beynəlxalq ictimaiyyət Cənubi Qafqazda sülh prosesinin perspektivlərinə xüsusi diqqət yetirir.

Nəzərə alaq ki, Cənubi Qafqaz siyasi platformasında dayanıqlı sülhün təminatı regionun iqtisadi potensialını əhəmiyyətli dərəcədə artıracaq, yeni nəqliyyat marşrutlarının açılmasına, investisiyaların genişlənməsinə və sabitliyin möhkəmlənməsinə xidmət edəcək. Həm də ona görə ki, güclü Azərbaycan bu prosesin əsas təşəbbüskarlarından biri kimi çıxış edir və Cənubi Qafqazın gələcəyini əməkdaşlıqda görür. O əməkdaşlıqda ki, öz çoxtərəfliliyi ilə qarşıdurma riskini minimuma endirir. Son dövrlərdə Bakı ilə Vaşinqton arasında iqtisadi dialoqun intensivləşməsi, strateji tərəfdaşlıq mexanizmlərinin inkişafı və qarşılıqlı maraq doğuran layihələr üzrə müzakirə müstəvilərinin genişlənməsi də ABŞ administrasiyasının sabit mövqeyimizə həssas yanaşmasının göstəricisidir.

Ümumən, hazırda ABŞ siyasi dairələrində Azərbaycanın əhəmiyyətinə dair daha obyektiv və realist baxış formalaşmaqdadır. Bu baxış həm də uzun illər ərzində müəyyən lobbi qruplarının təsiri altında qalan yanaşmaları ikinci plana atır. Tam əminliklə deyə bilərik ki, Azərbaycan regionun deyil, bütövlükdə Avrasiya məkanının əsas geosiyasi dayaqlarından biri kimi qəbullanmasının özü də mənfi tendensiyaları sıradan çıxaran mühüm amildir. ABŞ-ın, yəni dünyanın super gücünün Azərbaycana münasibətdəki baxışının hazırkı trayektoriyasına nəzərən onu da bildirək ki, Azərbaycan artıq beynəlxalq siyasətin obyektinə deyil, mühüm qərarların qəbulunda söz sahibi olan nüfuzlu subyektinə çevrilib.

Ə.RÜSTƏMOV
XQ

Siyasət