Azərbaycan dövlətinin rəqəmsal inkişaf strategiyası

post-img

Yeni iqtisadi keçid mərhələsinin əsas hədəfləri

Müasir dövrdə rəqəmsallaşma artıq təkcə informasiya-kommunikasiya texnologiyalarının inkişafı ilə bərabər, həm də dövlət idarəçiliyinin, iqtisadiyyatın, milli təhlükəsizliyin və cəmiyyətin gələcək inkişaf modelini müəyyənləşdirən başlıca amillərdən biri hesab olunur.

Bu baxımdan dünyada xüsusi diqqət yetirilən dördüncü sənaye inqilabı, süni intellekt texnologiyalarının sürətli inkişafı, böyük verilənlər bazalarının (Big Data) emalı, bulud texnologiyaları və rəqəmsal platformaların geniş tətbiqi dövlətlər arasında yeni rəqabət mühiti formalaşdırır. Artıq iqtisadi güc təkcə təbii sərvətlərlə deyil, həm də rəqəmsal potensialla, innovasiya imkanları və intellektual kapitalın səviyyəsi ilə ölçülür.

Azərbaycan da son illərdə bu qlobal transformasiyanın fəal iştirakçısına çevrilib, rəqəmsal inkişaf dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyən edilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatların yeni mərhələsində rəqəmsal iqtisadiyyatın qurulması, dövlət xidmətlərinin tam elektronlaşdırılması, süni intellekt texnologiyalarının tətbiqi və innovasiya ekosisteminin formalaşdırılması strateji inkişaf kursunun əsas istiqamətləri olaraq diqqət mərkəzində saxlanılıb. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının yaradılması və onun ilk iclasının keçirilməsi də məhz bu baxımdan ölkənin gələcək inkişaf konsepsiyasında mühüm hadisə kimi qiymətləndirilməlidir.

Rəqəmsal keçidə dövlət dəstəyi

Prezident İlham Əliyevin sədrliyi ilə cari ilin fevral ayında keçirilən rəqəmsal inkişaf strategiyasına həsr edilən müşavirə sözügedən istiqamətdə yeni mərhələnin başlanğıcı oldu. Toplantıda rəqəmsallaşmanın artıq ayrıca sahə deyil, eyni zamanda, bütün dövlət idarəçiliyini və iqtisadiyyatı əhatə edən kompleks inkişaf modeli olduğu xüsusi vurğulandı.

Bu müşavirənin davamı olaraq dövlət başçısının 27 fevral 2026-cı il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı” təsdiq edildi. Bununla da ölkənin qarşıdakı üç il üçün rəqəmsal inkişaf strategiyasının hüquqi və institusional bazası formalaşdırıldı.

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının yaradılması isə həmin qərarların vahid mərkəzdən koordinasiya olunmasına əlverişli imkan yaratdı. Bununla da adıçəkilən qurum müxtəlif dövlət təşkilatlarının fəaliyyətini əlaqələndirmək, rəqəmsal transformasiya prosesində vahid yanaşmanı gerçəkləşdirmək, imzalanan qərarların icrasına sistemli nəzarət mexanizmini formalaşdırmaq və s. məsələləri qarşıya əsas məqsəd kimi qoydu.

Bu, əslində, idarəetmədə yeni fəlsəfənin tətbiqidir. Çünki rəqəmsallaşma təkcə bir nazirliyin və ya ayrıca qurumun fəaliyyəti ilə məhdudlaşmır. O, maliyyə, iqtisadiyyat, təhsil, səhiyyə, kənd təsərrüfatı, energetika, nəqliyyat, məhkəmə sistemi, gömrük, vergi və digər bütün sahələri əhatə edir. Buna görə də vahid koordinasiya mexanizmi rəqəmsal transformasiyanın uğurunun əsas şərtlərindən biridir. Birinci vitse-prezident Mehriban Əliyevanın Rəqəmsal İnkişaf Şurasının iyunun 29-da keçirilən ilk iclasındakı nitqi də Azərbaycanın gələcək inkişaf istiqamətlərini aydın şəkildə müəyyənləşdirən mühüm proqram xarakterli çıxış kimi diqqət çəkir.

Mehriban xanım Əliyeva iclasda cari ilin fevralında Prezident İlham Əliyevin sədrliyi ilə ölkəmizin yeni rəqəmsal inkişaf strategiyasına həsr olunmuş müşavirə keçirildiyini və rəqəmsal inkişaf üzrə Fəaliyyət Planının təsdiqləndiyini xatırladıb. Eyni zamanda, qarşıdakı üç il üçün rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik və innovasiya ekosisteminin inkişafını təmin edən konkret Yol xəritəsi müəyyənləşdirildiyini vurğulayıb.

Birinci vitse-prezident nitqində Rəqəmsal İnkişaf Şurasının əsas vəzifəsinin müxtəlif dövlət qurumlarının fəaliyyətini əlaqələndirməkdən, vahid yanaşma formalaşdırmaqdan və imzalanan qərarların vaxtında və səmərəli həyata keçirilməsini gerçəkləşdirməkdən ibarət olduğunu bir daha diqqətə çatdırıb. Burada əsas məqsədin yeni texnologiyaların tətbiqilə ölkə iqtisadiyyatına güclü təkan verilməsi, yeni müasir innovasiya ekosisteminin formalaşdırılması, yerli və xarici investisiyaların ölkəyə cəlbinin sürətləndirilməsi, yerli startaplara dəstək göstərilməsi və daha səmərəli dövlət idarəetmə sisteminin yaradılması olduğunu bildirib.

İclasda süni intellektin artıq gələcəyin deyil, həm də bu günün əsas inkişaf amili olduğu qeyd edilərək bildirilib ki, onun dövlətlərin təhlükəsizliyinin reallaşdırılmasında rolu getdikcə artır. Məhz elə buna görədir ki, dünyanın aparıcı dövlətlərində süni intellektin inkişafı gözlənilən proqnozlardan daha sürətli olması ilə nəzərə çarpır və bu, öz növbəsində, həm yeni imkanlar, həm də yeni təhlükələr yaradır. Belə bir şəraitdə isə ölkəmizin yeni çağırışlara, xüsusilə kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi sahəsindəki risklərə hazırolma zəruriliyi qarşıda mühüm vəzifə kimi durur.

Həmin vəzifənin reallaşdırılması isə məhz bütün dövlət qurumlarının birgə və səmərəli fəaliyyətindən asılıdır. Məqsəd isə Azərbaycanı rəqəmsal inkişaf və süni intellekt sahələrində regionun aparıcı dövlətlərindən birinə çevirməkdir. Bunun üçün, ilk növbədə, xarici, beynəlxalq təcrübə öyrənilməli, uğurlu modellərdən səmərəli istifadə edilməlidir. Lakin bu zaman bütün qərarların respublikamızın milli maraqlarına və ehtiyaclarına cavab verən amillərə əsaslanaraq qəbul olunması unudulmamalıdır.

Rəqəmsallaşma və yüksək məhsuldarlıq

İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, rəqəmsal iqtisadiyyat ÜDM-in artımına ən güclü təsir göstərən amillərdən biridir. Rəqəmsal platformalar biznes xərclərini azaldır, məhsuldarlığı artırır, istehsal proseslərini optimallaşdırır və yeni bazarlara çıxışı asanlaşdırır.

Azərbaycan iqtisadiyyatının da neftdənkənar inkişaf modelinə keçidi prosesində rəqəmsallaşma xüsusi əhəmiyyət daşıyır. Elektron xidmətlərin genişləndirilməsi biznes mühitini yaxşılaşdırır, investisiya çətinliklərini aradan qaldırır, korrupsiya risklərini minimuma endirir, dövlət xidmətlərinin keyfiyyətini yüksəldir, vətəndaş məmnunluğunu artırır. Bununla yanaşı, rəqəmsal platformalar vergi inzibatçılığının təkmilləşdirilməsinə, kölgə iqtisadiyyatının azaldılmasına, maliyyə şəffaflığının artırılmasına və büdcə gəlirlərinin yüksəldilməsinə də mühüm töhfə verir.

Süni intellekt, eyni zamanda, iqtisadiyyatın bütün sahələrində məhsuldarlığı artırmaqla yanaşı, dövlət idarəçiliyində qərarların qəbulunu sürətləndirir, böyük həcmdə məlumatların təhlilini reallaşdırır və proqnozlaşdırma imkanlarını genişləndirir. Bütün bunlarla bərabər, səhiyyədə diaqnostikanın dəqiqliyini yüksəldir, kənd təsərrüfatında məhsuldarlığı artırır. Energetikada resurslardan səmərəli istifadəni gerçəkləşdirir. Nəqliyyatda logistikanın səmərəliliyinə müsbət təsir göstərir. Nəhayət, naliyyə sektorunda risklərin idarə olunmasını təkmilləşdirir.

Məhz buna görə dünyanın aparıcı dövlətlərində süni intellektə milyardlarla dollar investisiya yatırılır. Azərbaycanın da bu prosesdən kənarda qalmaması dövlət siyasətinin tamamilə düzgün istiqamət seçdiyini göstərir.

Onu da qeyd edək ki, kibertəhlükəsizlik milli təhlükəsizliyin ayrılmaz hissəsidir. Çünki bu gün kiberməkanda baş verən hücumlar artıq ayrı-ayrı informasiya sistemlərinə deyil, dövlətlərin milli təhlükəsizliyinə ciddi təhdid yaradır. Enerji infrastrukturu, bank sistemi, dövlət informasiya bazaları, nəqliyyat şəbəkələri və strateji müəssisələr kibercinayətkarların əsas hədəflərinə çevrilməsi ilə ciddi narahatlıq doğurur. Məhz buna görə də Rəqəmsal İnkişaf Şurasının iclasında kibertəhlükəsizlik məsələlərinin xüsusi diqqət mərkəzində saxlanılması tamamilə qanunauyğundur.

Burada əsas məqsəd texniki müdafiə vasitələrinin yaradılması ilə yanaşı, həm də milli informasiya təhlükəsizliyi sisteminin gücləndirilməsi, rəqəmsal suverenliyin qorunması, kritik informasiya infrastrukturunun müdafiəsi, yüksək ixtisaslı kibertəhlükəsizlik mütəxəssislərinin hazırlanması və beynəlxalq əməkdaşlığın genişləndirilməsidir. Bütün bunlar isə gələcəkdə Azərbaycanın rəqəmsal təhlükəsizliyinin əsas təminatına çevriləcəyinə böyük əminlik yaradır.

Ekspertlərin fikrincə, Azərbaycanın qarşıya qoyduğu əsas məqsədlərdən biri də məhz innovasiya əsaslı ekosistemin formalaşdırılmasıdır. Bu baxımdan yerli startapların maliyyələşdirilməsi, innovasiya fondlarının yaradılması, vençur kapitalının inkişafı, texnoparkların genişləndirilməsi və elmi tədqiqatların kommersiyalaşdırılması bu istiqamətdə mühüm əhəmiyyət kəsb edir. Belə bir mühit isə təkcə yeni texnologiyalar yaratmır. O, eyni zamanda, yüksək maaşlı iş yerlərinin açılmasını, intellektual məhsulların ixracını və qeyri-neft sektorunun sürətli inkişafını şərtləndirir.

Rəqəmsallaşmanın ən mühüm nəticələrindən biri dövlət idarəçiliyinin daha çevik, şəffaf və səmərəli təşkil edilməsidir. Vahid məlumat bazaları, inteqrasiya olunmuş informasiya sistemləri və elektron qərar qəbuletmə mexanizmləri dövlət xidmətlərinin keyfiyyətini əhəmiyyətli dərəcədə yüksəldir. Belə ki, vətəndaş artıq müxtəlif qurumlara ayrı-ayrılıqda müraciət etmək məcburiyyətində qalmır. Məlumat mübadiləsi avtomatik həyata keçirilir. Qərarların qəbul olunması sürətlənir. İnsan amilindən irəli gələn səhvlər isə minimuma enir. Belə bir şəraitdə isə dövlət-vətəndaş münasibətləri, etimad mühiti daha da yaxşılaşır.

Beynəlxalq təcrübə və milli maraqlar

Rəqəmsal inkişaf sahəsində dünya təcrübəsinin öyrənilməsi Azərbaycan üçün mühüm əhəmiyyət daşıyır. Sinqapur rəqəmsal dövlət modeli, Estoniyanın elektron hökumət sistemi, Cənubi Koreyanın innovasiya iqtisadiyyatı, Finlandiyanın rəqəmsal təhsil modeli və Birləşmiş Ərəb Əmirliklərinin süni intellekt strategiyası müasir dövrdə ən uğurlu nümunələr hesab olunur. Lakin hər bir ölkənin sosial-iqtisadi xüsusiyyətləri fərqlidir. Bu səbəbdən beynəlxalq təcrübənin mexaniki surətdə tətbiqi deyil, onun milli maraqlara, iqtisadi imkanlara və dövlətin strateji prioritetlərinə uyğunlaşdırılması əsas prinsip olmalıdır.

Birinci vitse-prezident Mehriban Əliyevanın çıxışında da məhz bu yanaşma xüsusi vurğulanıb. Bildirilib ki, xarici təcrübədən istifadə edilməli, lakin qəbul olunan bütün qərarlar Azərbaycanın milli maraqlarına, təhlükəsizlik məsələlərinə və inkişaf ehtiyaclarına uyğun gəlməlidir.

Beləliklə, bu gün Azərbaycanın qarşısında duran əsas məqsəd yalnız rəqəmsal texnologiyalardan istifadə edən ölkəyə çevrilmək deyil. Hədəf həmin texnologiyaları yaradan, tətbiqini reallaşdıran və ixrac edən dövlətlər sırasında yer almaqdır.

Prezident İlham Əliyevin müəyyən etdiyi strateji kurs, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Rəqəmsal İnkişaf Şurasının fəaliyyətə başlaması və 2026–2028-ci illəri əhatə edən Fəaliyyət Planının həyata keçirilməsi ölkəmizin bu məqsədə doğru ardıcıl irəlilədiyini göstərir.

Rəqəmsallaşma iqtisadiyyatın rəqabət qabiliyyətini artıracaq, dövlət idarəçiliyini daha çevik və səmərəli edəcək, innovasiya mühitini genişləndirəcək, süni intellekt texnologiyalarının tətbiqini sürətləndirəcək, kibertəhlükəsizlik sistemini möhkəmləndirəcək və Azərbaycanın regional texnologiya mərkəzlərindən birinə çevrilməsi üçün möhkəm zəmin yaradacaq.

Bütün bunlar isə onu göstərir ki, rəqəmsal inkişaf artıq gələcəyin layihəsi deyil, Azərbaycanın bugünkü inkişaf strategiyasının ayrılmaz tərkib hissəsidir. Qarşıdakı illərdə Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin ardıcıl icrası ölkəmizin innovasiya əsaslı iqtisadi modelə keçidini sürətləndirəcək, qeyri-neft sektorunun dayanıqlı inkişafını təmin edəcək, milli rəqabət qabiliyyətini gücləndirəcək və Azərbaycanı Cənubi Qafqazın rəqəmsal transformasiya və süni intellekt sahəsində aparıcı dövlətlərindən birinə çevirəcək.

Vaqif BAYRAMOV
XQ

İqtisadiyyat