Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Cari yay mövsümündə Avropa və Yaxın Şərq ölkələri kəskin anomal istilərlə mübarizə aparır. Dünyada iqlim dəyişikliklərini əks etdirən və sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilən son temperatur anomaliyaları xəritəsində Ermənistan və Gürcüstan maraqlı bir istisna təşkil edərək xüsusi "sərin ada" kimi vizuallaşıblar.
Xəritədən aydın görünür ki, ətraf regionların mütləq əksəriyyətində temperatur göstəriciləri çoxillik iqlim normasını xeyli üstələdiyi halda, Cənubi Qafqaz respublikalarında temperaturun kənaraçıxmaları normadan daha aşağı, yəni nisbətən sərin dəyərlər zonasında qərarlaşıb.
Bununla belə, həmin ərazilərdə havanı tam soyuq adlandırmaq da doğru olmazdı. Məsələn, iyunun son günlərində İrəvanda qısamüddətli yağışlar və şimşəklə müşayiət olunan hava şəraitində temperatur 23-27 dərəcə olub. Analoji mənzərə Gürcüstanda da qeydə alınıb; paytaxt Tbilisidə termometrlər 22-26 dərəcəni göstərib. Bu rəqəmlər yay fəsli üçün tamamilə mülayim və stabil göstəricilər hesab edilir.
Qafqazdakı bu mülayim ab-havadan fərqli olaraq, həmin günlər Avropanın bir çox şəhərlərində tarixi temperatur rekordları yenilənib. Almaniyanın paytaxtı Berlində havanın temperaturu rekord həddə — 39,9 dərəcəyə qədər yüksəlib. Polşa da özünün ən yüksək temperatur göstəricisini təzələməli olub; ölkənin Slubitse şəhərində temperatur 40,5 dərəcəyə çataraq anomal istilərin pik nöqtəsini qeydə alıb.
Hazırladı:
Arzu ƏLİYEVA
XQ

