Onların anti-Azərbaycan ideyalarını “böyük güclərə” sırıya biləcəyi dövr geridə qalıb
Fransa, ABŞ və Rusiya. Erməni diasporunun ən varlı etnik icmaları dünyanın bu üç ölkəsində cəmləşib. Bu ölkələrdəki diaspor təşkilatlarının uzun müddət təkcə məskunlaşdıqları coğrafiyada deyil, eyni zamanda, Ermənistana maliyyə və siyasi təsir rıçaqlarına malik olduqları sirr deyil. Fəqət hazırda bu icmaların nüfuzu həm yanlış diplomatik hesablamaları, həm də İrəvanda mövcud hökumətlə toqquşmalar səbəbindən xeyli zəifləyib. Zəifləmənin əsas əlaməti kimi xaricdən yönəldilən və muzdlu fəallar tərəfindən gücləndirilən revanşist əhvali-ruhiyyənin aşağı düşməsini göstərmək olar.
Cənubi Qafqazda son 6 ildə baş verən hadisələrin xronikasına ötəri nəzər yetirmək kifayətdir ki, məlum trenddə səbəb-nəticə əlaqələrini aydın şəkildə görəsən. Diasporla rəsmi İrəvan arasında ciddi fikir ayrılığı İkinci Qarabağ müharibəsindən sonra baş verdi. Paşinyan erməni burjua millətçiliyinin məkrli mahiyyətini dərk etdiyindən deyil, Azərbaycanın bölgədə yaratdığı yeni reallığın təzyiqi altında xarici siyasətinə yenidən baxmağa məcbur oldu. O, məhz kapitulyasiyadan sonra erməni millətçilərinin revanşist və işğalçılıq ambisiyalarının ölkəsi üçün nə qədər zərərli və təhlükəli olduğunu anladı, hələ də miflərlə hərəkət edən diaspor təşkilatlarından uzaqlaşmağa başladı. Müharibə ritorikasından əl çəkən rəsmi İrəvandan fərqli olaraq, uzaqlarda yaşayan diaspor təşkilatları “revanş savaşı” barədə xəyallar qurur, malik olduqları bütün “arsenalı” bu istiqamətə yönəldirdilər. Baş nazir Nikol Paşinyanın onlarla ilk toqquşması 2021-ci ilin mayında oldu. Paris meri Ann İdalqo Fransa Erməni Təşkilatları Koordinasiya Şurasının (FETKŞ) həmsədri, Daşnaksütyun partiyasının üzvü Murad Papazyanla birlikdə İrəvana gəlmişdi. Onun erməni diasporu daxilindəki revanşist dairələrlə əlaqəsini bilən Paşinyan Paris meri ilə görüşdən imtina etdi. Bu faktı rəsmi İrəvanın xaricdəki erməni diasporuna endirdiyi ilk “diplomatik zərbə” saymaq olar.
Həmin hadisədən az sonra, 2021-ci ilin sonu Parisə səfərində Paşinyan FETKŞ-nın rəhbərliyi ilə görüşməyə qərar vedi. Amma o, tədbirin keçirildiyi Ermənistanın Fransadakı səfirliyinin binası qarşısında erməni diasporunun etiraz mitinqi ilə qarşılaşdı. Buna cavab olaraq, Ermənistan hakimiyyəti 2022-ci ilin iyulunda papazyanların Ermənistana girişinə nümayişkaranə şəkildə qadağa qoydu. Yəni İrəvan əmin oldu ki, diaspor daxilində revanşist strukturları sıradan çıxarmaq mümkündür. 2024-cü ildə Paşinyan komandası “hökumətyönlü diasporu” inkişaf etdirmək məqsədi daşıyan “Ermənistan–Spyurk Əməkdaşlıq İnkişaf Strategiyasına (2023-2033)” start verdi. Baş nazir bu ilin fevral ayında Fransadakı erməni icmasının nümayəndələri ilə qapalı görüş keçirdi. Həmin görüş barədə hay fəal Hilda Çoboyanın paylaşımı diqqət çəkir: “Paşinyan bildirib ki, onun məqsədi Ermənistan əhalisinin – diaspora daxil olmayan qrupun inkişafı və çiçəklənməsini təmin etməkdir. O, həmçinin dedi ki, diaspor Ermənistan əhalisinin təhlükəsizliyini və rifahını təmin etmək səylərinə mane olur”.
* * *
Nikol Paşinyan məhz Fransadakı erməni icmasının timsalında mövcud diaspor strukturlarının acizliyini və hətta zəif Ermənistan dövlətinin kənardan varlı və nüfuzlu görünən daşnakların ekstremist ambisiyalarını cilovlamaq qabiliyyətini dərk etdi. Fransadakı daşnakları, eləcə də Rusiyadakı hay oliqarxları növbə ilə sıxışdıran Nikol, nəhayət, öz gücünü hiss etdi, rəqibləri isə vəziyyətin dəyişdiyini başa düşdülər. Yəqin, elə buna görə Papazyan rusiyalı oliqarx Karapetyanın İrəvanda həbsi xəbərini eşidən kimi “Sputnik Armenia”da onu müdafiə etməyə tələsdi. Ən əsası odur ki, Ermənistan rəhbərliyi diasporun “millət naminə hər şeyi yoluna qoyacaqlarına” dair şirin vədlərinin dəyərsiz olduğunu, lovğalıq və boşboğazlıqdan uzağa getmədiyini anladı.
Amma bütün bunlara baxmayaraq, “xaricdəki güclü erməni diasporu” mifi hələ də qalmaqdadır. Ümumiləşdirsək, son illər bölgədə və ondan kənarda baş verən hadisələr təkcə ABŞ-da deyil, digər ölkələrdə də erməni diasporunun tənəzzülə uğradığını göstərir. Bunun bariz mənzərəsini Rusiyadakı erməni təşkilatlarının vurnuxmalarında görmək mümkündür. Onlar 7 iyun parlament seçkilərində ən ümdə vəzifələrin öhdəsindən gəlməkdə aciz olduqlarını sübut etdilər. Böyük maliyyə resurslarına malik olsalar da, Paşinyanı devirə bilmədilər. Üstəlik, onun hücumlarının qarşısını almaqda çətinlik çəkirlər. Təbii ki, revanşist erməni diasporunun sonunun çatmasından danışmaq hələ tezdir. Bununla belə, onun zəifləməsinin müsbət tendensiyalara gətirib çıxardığını söyləyə bilərik. Revanşistlərin güvəndikləri həmin Rusiyanın İkinci Qarabağ müharibəsində erməni millətçilərini dəstəkləməkdən imtina etməsi, daha sonra ABŞ-ın sülh prosesində yaxından iştirakı və “Tramp marşrutu” kimi layihələr diaspor təşkilatlarının fəaliyyətini əməlli-başlı buxovladı.
Beləliklə, bunu əminliklə deyə bilərik ki, erməni lobbisinin anti-Azərbaycan layihələrini və ideyalarını “böyük güclərə” sırıya biləcəyi günlər artıq geridə qalıb. 30 il əvvəl Kremlin xeyir-duası ilə başlatdıqları Qarabağ avantürasının təcavüzkar diaspor təşkilatlarının gücünü tükətdiyi danılmaz həqiqətdir. Bu gün Ermənistanın da daxil olmaqla, vahid “Qafqaz evi”nin bərpası üçün tarixi şərait yaranıb.
Fikrət SADIXOV,
Qərbi Kaspi Universitetinin professoru, politoloq
Ermənistanda süiyasi mühitə “Mülki müqavilə” partiyası tərəfindən nəzarət edilir və iqtidar partiyası 7 iyun seçkisində parlament çoxluğunu da əldə ediblər. Paşinyan komandasının yeni hökuməti formalaşdıra bilməsi müsbət hal kimi qiymətləndirilə bilər. Baş nazir səsləndirdiyi yeni bəyanatlarında da Qarabağı Azərbaycanın tərkib hissəsi kimi qəbul edir. Digər tərəfdən, onun Ermənistan konstitusiyasında məlum dəyişikliklərin edilməsi ilə bağlı zəruri addımları atacağı da gözləniləndir. Çox güman ki, bundan ötrü referendum keçiriləcək.
Bəli, revanşist və radikal siyasi kəsimin zəiflədiyi də göz qabağındadır. Həmin qüvvələr uzun illər məhz xaricdəki diaspor təşkilatları tərəfindən maliyyə dəstəyi alırdı. Artıq vəziyyət dəyişib. Çünki Azərbaycan öz gücü hesabına torpaqlarını işğaldan azad etdi və onların “Miatsum” ideyası birmənalı şəkildə puç oldu. Amma bütün bunlara baxmayaraq, xaricdəki erməni diasporunun öz fəaliyyətini dayandırdığı qənaətini bölüşmürəm. Onlar yenə məkrli işlərini həyata keçirməyə, Ermənistanda gedən müsbət proseslərə əngəllər yaratmağa çalışacaq, radikal kəsimi dəstəkləməkdə davam edəcəklər. Çünki Nikol Paşinyanın onların ideologiyasına düşmən kəsildiyini yaxşı başa düşürlər. Əgər Paşinyan Qarabağ məsələsibnin onun üçün boyunduruğa çevrildiyini başa düşübsə, onun iqtidarının müəyyən promlemlərlə üzləşməsi üçün səy göstərəcəklər. Bunun üçün əllərindən gələni edəcəklərinə şübhə yoxdur. O qüvvələrin Ermənistanda məlum kəsimi maliyyələşdirəcəyini, siyasi təxribatlar, hətta terror aktları törətməyə cəhd edəcəklərini də istisna etmirəm.
Bir sözlə, xaricdəki erməni diasporunu gündəmdən tamamilə silmək düzgün olmaz. Ermənistan hakimiyyəti özünü bu təhlükədən müdafiə etməlidir. Onu da nəzərə almalıyıq ki, o qüvvələr Ermənistanda aranı qarışdırmağa meyillidirlər. Çünki, Qarabağ məsələsi onların fəaliyyətində “prioritet” olaraq qalacaq. Bu məsələni yenidən alovlandırmaqdan ötrü ən müxtəlif dairələrlə əməkdaşlığa gedəcəklər. Amma erməni xalqı düşdükləri bu dalandan çıxmağın labüd olduğunu anlayır.
İmran BƏDİRXANLI
XQ


