Ölü ulduzun ətrafındakı sirr açılıb

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

"James Webb" kosmik teleskopu astronomiya tarixində ilk dəfə olaraq ağ cırtdanın — yəni təkamülünü başa vurmuş Günəş tipli ulduzun sıx qalığının ətrafında dövr edən planeti fundamental şəkildə araşdırıb. Əldə olunan spektral məlumatlar bu uzaq dünyanın kütləsini, temperaturunu və atmosfer xüsusiyyətlərini dəqiq müəyyən etməyə imkan verib. Tədqiqat həm də bizim Günəş sistemimizi milyardlarla il sonra, yəni Günəş özü də ağ cırtdana çevriləndə nələrin gözlədiyinə dair unikal mənzərə ortaya qoyub.

Tədqiqat obyekti Yer kürəsindən təxminən 80 işıq ili məsafədə yerləşən və 2020-ci ildə kəşf edilən "WD 1856 b" qaz nəhəngidir. Ölçülərinə görə Yupiterlə müqayisə olunan bu planet öz ulduzu ətrafında tam dövrünü cəmi 34 saata başa vurur. Planetlə ağ cırtdan arasındakı məsafə 3 milyon kilometrdən də azdır ki, bu da Yerin Günəşə olan məsafəsindən təxminən 50 dəfə yaxındır. Bu cür ifrat yaxınlıq astronomlar üçün uzun müddət sirr olaraq qalırdı. Çünki ulduz ağ cırtdana çevrilməzdən əvvəl mütləq qırmızı nəhəng mərhələsini keçməli idi və bu zaman onun xarici təbəqələri nəhəng ölçüdə genişlənirdi. Əgər planet həmişə indiki orbitində qalsaydı, ulduzun qaynar qabığının daxilində tamamilə yanaraq yox olardı.

Bu kosmik tapmacanı həll etmək üçün alimlər "James Webb" teleskopunun infraqırmızı cihazları vasitəsilə planetin ağ cırtdanın diski önündən keçidini izləyiblər. Analizlər nəticəsində "WD 1856 b" planetinin kütləsinin Yupiterdən 4-11 dəfə böyük olduğu, atmosferinin yuxarı qatlarının temperaturunun isə təxminən 126 dərəcə Selsi təşkil etdiyi məlum olub. Maraqlıdır ki, qaz nəhəngi ağ cırtdanın zəif şüalanmasından gözləniləndən daha istidir. Tədqiqatçıların rəyinə görə, bu istilik milyardlarla il əvvəl, planet öz sisteminin daxili sahələrinə doğru köç etməyə başlayarkən məruz qaldığı intensiv qızmanın özünəməxsus "əks-sədası"dır.

Ən real elmi fərziyyəyə görə, "WD 1856 b" ilkin olaraq öz ulduzundan çox uzaqda formalaşıb və məhz bu uzaqlıq sayəsində qırmızı nəhəngin ağuşundan sağ çıxmağı bacarıb. Sonradan isə eyni sistemə daxil olan digər iki qonşu ulduzun qravitasiya təsiri altında planetin orbiti tədricən dəyişib və o, mərkəzdəki ağ cırtdana tərəf sıxışdırılıb. "James Webb" teleskopunun bu müşahidələri ölü bir ulduzun ətrafında fırlanan planetdə ilk dəfə atmosferin və orada metan kimi karbohidrogenlərin, eləcə də buludları formalaşdıran xırda hissəciklərin mövcudluğunu sübut edib.

Hazırladı:
Arzu ƏLİYEVA
XQ

Maraqlı