Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Yaponiyalı tədqiqatçılar ikitəkərli nəqliyyat vasitələrində sabitliyin qorunması ilə bağlı uzun illərdir mövcud olan texniki problemi həll ediblər. Şibaura Texnologiya İnstitutunun (SIT) mühəndis qrupu tərəfindən hazırlanan və nüfuzlu elmi jurnalda dərc olunan yeni texnologiya sürücünün qəsdən etdiyi manevrlə real tarazlıq itkisini bir-birindən dəqiq ayırmağı bacarır. İndiyə qədər mövcud olan ənənəvi köməkçi sistemlər ikitəkərli nəqliyyatın hər döngədə təbii olaraq yana əyilməsi səbəbindən sürücünün dönmək istədiyini, yoxsa yıxılmaq üzrə olduğunu anlamaqda çətinlik çəkirdi.
Mütəxəssislər bu məhdudiyyəti aradan qaldırmaq üçün xüsusi elektrohidravlik idarəetməyə malik sınaq velosipedi konstruksiya ediblər. Bu cihazda sükan ön təkərlə mexaniki deyil, elektron sistem vasitəsilə bağlanıb. Bu yanaşma sürücü ilə nəqliyyat vasitəsi arasındakı qarşılıqlı əlaqəyə dair bütün rəqəmsal məlumatları anında toplamağa imkan verir. Eyni zamanda tətbiq olunan xüsusi güc əks-əlaqəsi sayəsində sürücü sükanı idarə edərkən real velosiped sürmə hissini tam qoruyub saxlayır.
Sistemin əsas nüvəsini maşın öyrənməsi və süni intellekt alqoritmləri təşkil edir. İnkişaf etdirilmiş neyron şəbəkəsi hərəkət göstəricilərini mütəmadi analiz edərək daxil olan dataları düz hərəkət, döngələr və qeyri-stabil gedişat kimi kateqoriyalara ayırır.
Yeni proqram təminatı eyni anda bir neçə parametri — sükanın dönmə bucağını, hərəkət sürətini, maililiyi, kənar sürətlənməni və reaktiv momenti nəzarətdə saxlayır. Əgər sürücü planlaşdırılmış şəkildə döngəyə daxil olursa, sistem prosesə heç bir müdaxilə etmir və idarəetməni tamamilə insana buraxır. Lakin qəfil tarazlıq itkisi və qeyri-sabitlik əlamətləri qeydə alınan kimi avtomatik sabitləşdirmə nəzarəti işə düşür və nəqliyyatın tarazlığını bərpa etməyə kömək edir.
Müəlliflərin qənaətinə görə, bu intellektual idarəetmə sistemi gələcəkdə təkcə adi velosipedlərdə deyil, həm də elektrikli velosiped və motosikletlərdə, kuryer nəqliyyatında və icarə xidmətlərində geniş tətbiq sahəsi tapacaq. Texnologiya xüsusilə yaşlı və az təcrübəli sürücülərin təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynaya bilər. Yaponiyalı mühəndislər növbəti mərhələdə sistemin funksionallığını daha da genişləndirərək, onun müxtəlif yol örtükləri və hava şəraitinə uyğunlaşmasını təmin etməyi planlaşdırırlar.
Hazırladı:
Arzu ƏLİYEVA
XQ

