Şair-publisist Qafar Qəribin 50 illik yubileyi qeyd olunub

post-img

AMEA Naxçıvan Bölməsində tanınmış şair-publisist, elm və ədəbiyyat mühitində özünəməxsus yaradıcılıq dəsti-xətti ilə seçilən Qafar Qəribin 50 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. 

Tədbirdən əvvəl yubilyarın əsərlərindən və təltiflərindən ibarət sərgiyə baxış keçirilib.

Tədbiridə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev bildirib ki, Qafar Qərib Azərbaycan və Naxçıvan ədəbi mühitində layiqli yer tutan, sözə və sənətə sadiqliyi ilə seçilən yaradıcı simalardandır. Ümummilli lider Heydər Əliyevin imzaladığı müvafiq sərəncamla Fərdi Prezident təqaüdünə layiq görülən Qafar Qərib 2015-ci ildə isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub. 

İsmayıl Hacıyev qeyd edib ki, Qafar Qərib uzun illər AMEA Naxçıvan Bölməsində səmərəli fəaliyyət göstərərək elmi-ədəbi mühitin inkişafına mühüm töhfələr verib. Yubilyarın 2024-cü ilin sentyabrından etibarən seçicilərin etimadını qazanaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı seçilməsi xalqın ziyalılara göstərdiyi diqqət və qayğının bariz nümunəsidir. Sonda Qafar Qərib AMEA Naxçıvan Bölməsində çoxillik və səmərəli fəaliyyətinə görə Bölmənin Fəxri Fərmanı ilə təltif olunub və ona hədiyyə təqdim edilib.

Tədbirdə AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədov “Qafar Qərib: sözün işığında 50 il” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə yubilyarın həyat və yaradıcılıq yolu haqqında məlumat verilib, onun poetik üslubunun əsas xüsusiyyətləri təhlil olunub. Qeyd olunub ki, Qafar Qərib qısa ifadələrlə dərin məna yaratmaq bacarığı ilə seçilən şairlərdəndir. Elxan Məmmədov çıxışı zamanı yubilyara ithaf etdiyi şeiri səsləndirib.

Məruzədə bildirilib ki, Qafar Qəribin “Gözlərsən məni” adlı ilk kitabı hələ universitet tələbəsi olduğu illərdə nəşr olunub və bu fakt Naxçıvan təhsil və ədəbi mühitində diqqətəlayiq hadisə kimi qiymətləndirilib. Onun “Gözümə döydüyüm şəkil”, “Dünya üç bucaq imiş”, “Vətən daşdan başlayırmış”, “Bu gün, bu saat, bu an”, “Qədim-yeni Naxçıvan”, “Göydən üç alma düşdü”, “İçimizdəki qəhrəman”, “İki qapı arasında”, eləcə də rus dilində nəşr olunmuş “İlahi sevgi” adlı şeir və nəsr kitabları müəllifin yaradıcılıq diapazonunun genişliyini göstərir.

Tədbirdə Naxçıvan Yazıçılar Birliyinin sədri, Əməkdar mədəniyyət işçisi Asim Yadigar çıxış edərək yubilyarla birgə xarici ölkələrə etdikləri səfərlərdən söz açıb, onun yüksək insani keyfiyyətlərini və dostluğa sadiqliyini xüsusi qeyd edib. Natiq çıxışını “Koroğlu” dastanından səsləndirdiyi şeir parçası ilə tamamlayıb.

AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru, dosent Zeynəb Quliyeva çıxışında Qafar Qəribin elm mühitindəki fəaliyyəti və insani keyfiyyətləri haqqında fikirlərini bölüşüb. O, şairin yaradıcılığında vətənpərvərlik ideyalarının mühüm yer tutduğunu vurğulayıb.

İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru, dosent Nuray Əliyeva isə yubilyarın bədii yaradıcılığında sadə və səmimi xalq dilinin üstünlük təşkil etdiyini bildirib. O qeyd edib ki, Qafar Qərib oxucunun qəlbinə yol tapmağı bacaran müəlliflərdəndir. Natiq həmçinin tələbə yoldaşı olduqları illərlə bağlı xatirələrini bölüşərək, tələbəlik dövründən bu günə qədər onunla qürur duyduqlarını ifadə edib.

AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, dosent Ramiz Qasımov isə çıxışında Qafar Qəribin bədii yaradıcılığının çoxşaxəli xarakter daşıdığını qeyd edib. Bildirilib ki, şairin əsərlərində Azərbaycanın azadlıq, müstəqillik və ərazi bütövlüyü ideyaları mühüm yer tutur. Bununla yanaşı, onun poeziyasında təbiət, gözəllik və insanın mənəvi dünyası kimi mövzular da geniş şəkildə əksini tapır və bu yaradıcılıq tez-tez poetik təzadlar üzərində qurulur.

Tədbirin sonunda yubilyar Qafar Qərib çıxış edərək yubiley tədbirinin təşkilinə görə akademik İsmayıl Hacıyevə, həmçinin tədbirdə iştirak edən bütün alim və ziyalılara təşəkkürünü bildirib, göstərilən diqqətin onun üçün böyük mənəvi dəyər daşıdığını qeyd edib.

Sonda tədbir iştirakçıları ilə xatirə şəkli çəkdirilib.

Səbuhi HƏSƏNOV











Mədəniyyət