“Dirilik” – milli varlıq salnaməsi

post-img

Azərbaycanda ötən əsrin əvvəllərinin ünlü dövri nəşrlərindən olmuş “Dirilik” məcmuəsinin cəmi 28 sayı çıxsa da, ölkənin ictimai həyatında mühüm rol oynayıb. Səhifələrində ədəbi, siyasi, iqtisadi və tarixi mövzularda dəyərli yazılar yer alıb. 1914-1916-cı illərdə bu dərgi maarifçilik və milli özünüdərk prosesinə nəzəri və ideoloji əsaslar bəxş edib.

Məcmuənin imtiyaz sahibi Əbülfəz Mətləbzadə, baş mühərriri isə onun kiçik qardaşı Əliabbas Müznib idi. Jurnalın ilk sayında Ə.Müznib “Məqsədimiz” adlı məqaləsində bəşəriyyətin son 3-4 minillik tarixinə səyahət edib, fikirlərini ümumiləşdirib, xalqı bu tarixi imtahanlardan ibrət dərsi almağa səsləyib, fiziki və mənəvi diriliyin ölüm-dirim mübarizəsi ilə əldə edildiyini göstərib. “Milli hökumət dilərik sadəcə, istəməriz təntənəli təxtü tac”, – deyib.

Məhəmməd Əmin Rəsulzadə, İsmayıl bəy Qaspıralı, Əbdülxaliq Cənnəti, Əli Səttarlı, Cəfər Cabbarlı, Əliağa Vahidin iştirak etdiyi bu məcmuədə ədəbi nümunələr də oxuculara çatdırılırdı. Mətbuat tarixinin araşdırıcıları “Dirilik” jurnalını ədəbi-məfkurə mərkəzlərindən biri hesab edirlər. Cümhuriyyət ideyasının müəlliflərindən olan M.Ə.Rəsulzadənin milli şüur konsepsiyasının proqramı olan “Dirilik nədir?” adlı məşhur əsəri də, rus imperiyasının dünyaya hakim olmaq planlarından bəhs edən “Rus imperatoru Böyük Pyotrun vəsiyyətnaməsi” adlı tarixi sənəd də bu jurnalda çıxıb. Həmin sənədin məcmuədə nəşri rus imperiyasının genişlənmə strategiyasının ifşası və bunun mahiyyətinin açılması baxımından mühüm hadisə olub.

Böyük yazıçı, ədəbiyyatşünas Mir Cəlal doktorluq dissertasiyası əsasında qələmə aldığı “Azərbaycanda ədəbi məktəblər (1905–1917)” kitabında yazıb: “Dirilik” məcmuəsi (1914) türkçülük ilə islamçılıq təsirlərini birlikdə götürən və “dərinləşdirən” bir istiqamət tutmuşdu. “Türk, islam tarixinə aid yazılar məəl-məmnuniyyə dərc ediləcəkdir” – deyə oxuculara müraciət edən bu məcmuə ingilis generallarından və İran şahlarından tutmuş hər bir rütbəli şəxsin şəklini çap etməyi və həyatından yazmağı, alman cahangirlərinin qərb iştahasını təbliğ etməyi özünə vəzifə sayırdı. “Dirilik” məcmuəsi islam Şərqinin geridə qalmasını və fəlakətini “din əmrlərinin” layiqincə yerinə yetirilməməsində görürdü. O yazırdı: “Biz, yəni islam aləmi və islam millətləri, dinimizin sağlam əmrlərindən çox uzaqlaşaraq, dünya diriliyinə qərib bir nəzərlə baxmağa başladığımız bir zamandan bəri başqalarının rizəxarı və onlardakı tərəqqi və imranın əsir və dəstkirləri olduq. Bunu etiraf etməliyiz...”

“Dirilik” əski əlifba ilə çıxmış olduğu üçün heç də hamı üçün əlçatan deyildi. Fərəh hissi ilə qeyd edək ki, Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondunun (MİMTA) layihəsi əsasında British Petroleum (bp) şirkətinin dəstəyi ilə məcmuənin latın qrafikalı transliterasiya variantı işıq üzü görüb. Azərbaycan milli mətbuatının 150 illiyinə gözəl hədiyyə olan toplu mediamızın tarixi və müasir ənənələrinə, cəmiyyətdə zəngin məfkurənin formalaşmasındakı və xalqın mənəvi inkişafındakı roluna verilən yüksək dəyərin ifadəsidir. Layihənin müəllifi – Fondun icraçı direktoru Pərviz Əmirovun bildirdiyinə görə, bu il anadilli mətbuatın 150 illiyi ilə yanaşı, həm də əsas qayələrindən biri irsimizi bərpa və təbliğ etmək olan, bu müddət ərzində bir çox layihələrə imza atan MİMTA-nun 20 yaşı tamam olur. Bu baxımdan “Dirilik” məcmuəsinin transliterativ toplusu mətbuat irsimizin bərpası kontekstində böyük önəm daşıyır.

Nəşrin məsləhətçisi akademik Nizami Cəfərov, rəyçisi Mətbuat Şurasının sədri Rəşad Məcid, redaktoru Əsəd Aslanoğludur. Muxtar Cəfərli və Vüqar Mirzə transliterasiyanı gerçəkləşdiriblər. R.Məcid topluya yazdığı “Ön söz”də göstərir: “...müxtəlif vaxtlarda dəyərli müəllimimiz Şirməmməd Hüseynovun təşəbbüsü və yorulmaz əməyi sayəsində “Əkinçi”, “Təkamül”, “Tərəqqi”, “İrşad”, “Molla Nəsrəddin”, “Azərbaycan”, “Həqiqət”, “Hilal-Əhmər”, “Bakinskaya jizn”, “Açıq söz”, “Yeni iqbal”, “Yeni Qafqasiya”, “Qurtuluş”, “Hümmət”, “Bakı həyatı” kimi mətbu orqanlarda dərc olunmuş qiymətli yazılar əski əlifbadan latın qrafikasına transliterasiya edilərək müasir oxuculara çatdırılıb... Ötən il AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşları “Ziya” və “Ziyayi-Qafqaziyyə” qəzetlərini latın qrafikalı əlifbaya çevirmək kimi məsul işin öhdəsindən gəlmiş dəyərli alim, mərhum Müştəba Əliyevin transliterasiyalarını çap ediblər... Xüsusilə vurğulamaq istərdim ki, rektor Hafiz Paşayevin ideyası ilə ADA Universitetində “Azərbaycan” qəzetinin 1918–1920-ci illərdə çap olunmuş tam külliyyatının 20 cildlik transliterasiyası nəşr edilir və artıq 10 cildi hazırdır”.

Digər transliterasiya nümunələri də var. Sözügedən nəşrlərdə Məhəmməd Əmin Rəsulzadə, Fətəli Xan Xoyski, Əlimərdan bəy Topçubaşov, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev, Cəlil Məmmədquluzadə, Üzeyir bəy Hacıbəyli, Ömər Faiq Nemanzadə, Ceyhun Hacıbəyli kimi dahi şəxsiyyətlərin, ictimai-siyasi xadimlərin və publisistlərin dərin məzmunlu çeşidli yazıları yer alırdı. Bu məqalələr yalnız keçmişin deyil, həm də bugünümüz və gələcəyimiz baxımından misilsiz əhəmiyyət daşıyır.

Budur, vaxtilə babalarımızın sevə-sevə oxuduğu “Dirilik” toplusu qarşımızdadır. Ona 2-ci həyat bəxş edən MİMTA-nın transliterasiya işində böyük təcrübəsi var. Daha öncə Azərbaycanda ilk qadın mətbuatı olmuş “İşıq” qəzetinin sayları da transliterasiya edilərək toplu şəklində yayımlanmışdı. Həmçinin Fond ictimai fikir tariximizdə mühüm yeri olan “Füyuzat” jurnalını ilk nəşrindən 100 il sonra dərgi formatında bərpa edib. “Dirilik” həm də ona görə dəyər kəsb edir ki, bu dərgidə eyni zamanda Azərbaycan romantik ədəbiyyatının və publisistikasının inkişafına da xidmət edib. Əmin Abid Gültəkin, Ümmügülsüm Sadıqzadə, Rəcəb Əfəndizadə və Məmməd Səid Ordubadi kimi müəlliflərin burada dərc olunan qənimət şeirləri, publisistik yazıları milli azadlıq, Vətənə məhəbbət, mənəvi dəyərlərə sadiqlik kimi mövzuları ön plana çıxarıb.

Qeyd edək ki, 20-ci əsrin ilk onillikləri milli mətbuat tariximizin ən məhsuldar və ən dinamik mərhələləri olub. “Dirilik” dərgisi də məhz o dövrün parlaq nümunələri sırasındadır. Nəşri müxtəlif səbəblərdən uzun çəkməsə də, “Dirilik” dövrün ictimai-siyasi düşüncəsini, maarifçilik və milli dirçəliş ideyalarını “dirildən” aparıcı platformalardan biri olub. Ona görə də bu məcmuənin transliterasiya edilərək nəfis şəkildə buraxılması təkcə mətbuat tariximizin deyil, həm də milli ideoloji irsimizin yenidən dəyərləndirilməsi baxımından olduqca təqdirəlayiq hadisədir.

Əli NƏCƏFXANLI
XQ



Mədəniyyət