Dünyanı dolaşan xalçalar Bakıya qayıdıb

post-img

Xalçaçı-rəssam Faiq Əhmədin yeni sərgisi

Azərbaycan xalçası min illərlə yoğrulmuş zəngin mədəniyyətimizin, incə zövqümüzün və dərin düşüncələrimizin canlı daşıyıcısıdır. Hər ilmədə bir tarix, hər naxışda bir hekayə gizlənir. Bu qədim sənətə yeni nəfəs verən sənətkar isə Əməkdar rəssam Faiq Əhməddir.

O, heykəltəraşlıq təhsili almasına baxmayaraq, xalçaçılıq sənətini müasir incəsənət, fəlsəfə və texnologiya ilə birləşdirərək beynəlxalq səviyyədə geniş tanınıb. Rəssamın bənzərsiz yanaşması ənənəvi xalça naxışlarını yeni vizual sərhədlərə çıxarır və xalq sənətinin nə qədər dinamik və yenilikçi ola biləcəyini göstərir. Rəssamın əsərlərində naxışlar sanki aşağı axır. Bu yanaşma ilə Faiq Əhməd həm ənənəyə hörmət edir, həm də ona tamamilə fərqli, müasir və qeyri-adi bir baxış gətirir. Sənətkar xalçanı, sadəcə, bəzək əşyası kimi deyil, fəlsəfi mənalı bir sənət obyekti kimi təqdim edir.

Sentyabrın 11-də Azərbaycan Milli Xalça Muzeyində açılan “Faiq Əhməd: 2011–2024-cü illər dövrü” sərgisi sənətkarın 13 illik bədii axtarışlarını əhatə edir. Bu sərgi Faiq Əhmədin xalça sənətini ikiölçülü səthdən üçölçülü heykəltəraşlıq obyektinə necə çevirməsini əks etdirir. Ekspozisiya xalçalarla yanaşı, rəssamın yaradıcılıq fəlsəfəsini izah edən videoçarxlarla da zəngindir. Burada sərgilənən "Sosial anatomiya" və "Sən bir sirsən" adlı videoçarxlar tekstil sənətinə yanaşmanın zamanla necə dəyişdiyini göstərir. Rəssamın digər əsəri “Şübhələr”də əsas ideya daim bir sual içində olmaq, nəyəsə tam əmin ola bilməmək hissini əks etdirir. Faiq Əhmədin sözlərinə görə, o heç vaxt hər şeydən tam əmin olmur, buna görə əsərin bir tərəfi aydınlığı, digər tərəfi isə qarışıqlığı simvolizə edir ki, bu da sənətkarın öz daxili axtarışlarını əks etdirir.

Sənətkar öz yaradıcılığının fəlsəfəsi barədə danışarkən müasir incəsənətin zamanın ruhunu əks etdirməli olduğunu vurğulayır. O, əsərlərində danışdığı dilin Azərbaycan dili, istifadə etdiyi əsas elementin isə milli xalçalarımız olduğunu qeyd edir: "Ənənəvi Azərbaycan xalçasını müasir incəsənətlə birləşdirmək ideyası öz köklərini Azərbaycanın mədəniyyətindən götürür. Mən rəssam kimi özümü azad hiss edirəmsə, bu, xalça sənətini müasir incəsənətlə birləşdirməyimin sübutudur. Əsas məqsəd həm ənənəni qorumaq, həm də onu müasirliklə sintez etməkdir. Hər iki dəyər vəhdətdə olduqda ortaya daha gözəl və mənalı əsərlər çıxır".

Faiq Əhmədin yaradıcılığı dünyanın ən nüfuzlu muzeylərinin daimi kolleksiyalarına da daxil edilib. Ağa Xan Muzeyi (Toronto), Viktoriya və Albert Muzeyi (London), Heydər Əliyev Mərkəzi (Bakı) və Los-Anceles İncəsənət Muzeyi kimi məkanlar onun sənətinə evsahibliyi edir. O, həmçinin Venesiya və Merkosur Biennalesində Azərbaycanı uğurla təmsil edərək ölkəmizin mədəniyyətini yüksəklərə qaldırıb.

Sərgidə rəssamın Almaniyada işıq üzü görən yeni kitabının təqdimatı da keçirilib. Ekspozisiyada yer alan xalçaların əksəriyyəti ilk dəfə olaraq Azərbaycan tamaşaçısına təqdim edilsə də onlar artıq dünyanın müxtəlif yerlərində, o cümlədən San Fransisko, London, Nyu–Orlean, Toronto və digər şəhərlərin muzeylərində nümayiş olunub.

Muzeyin direktoru Əminə Məlikova tədbir haqqında danışarkən sərginin incəsənət ictimaiyyəti üçün böyük əhəmiyyət daşıdığını bildirib:

– Faiq Əhməd ənənəvi Azərbaycan xalçaçılığına gətirdiyi innovativ yanaşma ilə qədim sənət növünü müasir düşüncə, fəlsəfə və texnologiya ilə harmonik şəkildə birləşdirib.

Mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov rəssamın qeyri-adi düşüncəyə və yaradıcılığa sahib olduğunu vurğulayaraq bu sərgini uzun müddət gözlədiyini və onun Azərbaycanın müasir incəsənət aləminə böyük töhfə verdiyini diqqətə çatdırıb.

Sərgidə iştirak edənlər arasında fikirlərini bölüşən dizayner Elmar Rəsulov Faiq Əhmədin işlərini illərdir izlədiyini bildirib:

– Hər dəfə onun yaradıcılığı məni heyrətləndirir. Ənənəvi naxışların belə cəsur və müasir bir formada təqdim olunması dizayn dünyası üçün əsl ilham mənbəyidir. Əsərlər bir hekayə danışır və hər biri fərqli duyğu oyadır. Bu sərgi Azərbaycan xalqının sənətə baxışının nə qədər innovativ olduğunu göstərir.

İncəsənət Universitetinin tələbəsi Aysel Məmmədova isə təəssüratlarını belə ifadə edib: "Bu sərgi mənim üçün sadəcə bir nümayiş deyil, həm də bir dərs idi. Faiq Əhməd bizə göstərir ki, ənənələrimizi qorumaqla yanaşı, onları necə müasirləşdirmək olar. Bu, gənc sənətçilər üçün çox dəyərli bir təcrübədir".

Sərgi bir daha sübut edir ki, Azərbaycan xalçaçılığı sadəcə keçmişin mirası deyil, həm də milli kimliyimizi dünyaya çatdıran və gələcəyə körpü quran dinamik sənət formasıdır. Sənətsevərləri bənzərsiz yaradıcılıq səyahətinə dəvət edən "Faiq Əhməd: 2011–2024-cü illər dövrü" sərgisi 30 dekabr 2025-ci il tarixinədək davam edəcək.

Arzu ƏLİYEVA
XQ





Mədəniyyət