Sazın köynəyindən keçən şair...

post-img

O, sözlü-nəğməli Qazax mahalının yetirdiyi istedad sahiblərindəndir. Sadəliyi, təvazökarlığı, əqidəyə, amala sədaqəti ilə seçilib-sayılan şairdir. Özü demişkən:

Kərəmə lələyəm, Qəribə yoldaş,
Mən eşqin camını içmiş şairəm.
Mən sözün quluyam, sözün şahıyam,
Sazın köynəyindən keçmiş şairəm.

…Şair-publisist Barat Vüsal Azərbaycan Yazıçılar Birliyinin (AYB) Qazax regional bölməsinə sədr təyin olunan 1993-cü ildə oraya yaradıcılıq ezamiyyətinə getmişdik. Qarabağda, eləcə də sərhəd rayonlarında nankor qonşularımız torpaq iddiası ilə savaş açmışdılar. Buna cavab olaraq, bölgələrimizdə, o cümlədən Qazaxda da özünümüdafiə dəstələri yaradılmışdı və erməni hücumları dəf edilirdi. Barat Vüsalla qərara aldıq ki, səngərlərə – Vətən müdafiəçilərinin görüşünə gedək, bölmə üzvlərinin əsgərlər qarşısında poetik çıxışlarını lentə alaq.

Həmin gün Barat Vüsal, Ələddin İncəli və digər qələm sahibləri vətənpərvər ruhlu çıxışları ilə əsgərlərimizə, sözün əsl mənasında, qol-qanad verdilər. Barat Vüsal yağıları “qamçılayan” şeirlərini özünəməxsus tərzdə söylədikcə havanı yaran kəskin əl hərəkətləri ilə, sanki, şimşək kimi çaxır, alovlu bədii dillə müxənnət qonşulara nifrinlər yağdırırdı. Beləcə, o görüş əsgər və zabitlərimizin mübarizə ruhunu bir qədər də yüksəltdi.

Sonra AYB Qazax bölməsi haqqında da veriliş çəkdik. Barat Vüsalın təşkilatçılıq bacarığına, qələmdaşlarını tərifə qızırğalanmadan, ürək açıqlığı ilə təqdim etməsinə heyran qaldıq. Onun poetik fəhmi, əzbərdən dediyi şeirlərinin döyüşkən ruhu, yaradıcılığında klassika ilə müasirliyi vəhdətdə əks etdirə bilməsi qəlbimizi ovsunladı…

Onda şairin 42 yaşı vardı. İndi düz 75-dir. Ağırtaxta kişinin ləngərli poeziyasını xalq sevir, dövlətimiz də layiqincə dəyərləndirib: Barat Vüsal Əməkdar incəsənət xadimidir. Xəlil Rza Ulutürk və Səməd Vurğun ədəbi mükafatlarına layiq görülüb. “Göz aydınlığı”, “Ürəyimdən bir çay axır”, “Yolumuz eşqə bağlıdı”, “Ömür bitər, yol bitməz”, “Qazaxda yaşadım mən öz ömrümü”, “Ruh gəmisi”, “Kufə əhli”, “Xətadı qeyri-eşq”, “Piyada atlı” kitabları maraqla qarşılanıb. Şairin 2 cildlik “Seçilmiş əsərləri” onun artıq çoxdan yetkin, bitkin bir qələm sahibi olduğunu təsdiqləyir.

Barat Vüsalın lirikasından daimi bir saflıq, duruluq boy göstərir. Hətta küsüb gedən könül dostunun belə müsbət cəhətlərini qabarda bilir:

Qanad alıb kəpənəkdən,
Uçacaqsan, düşüb həkdən...
Gəzib məni tapmayanda,
Çiçəkləri öpəcəksən,
Səni yaxşı tanıyıram!

Onun xatirə, məktub və məqalələrindən ibarət “Ayrılmaz yollar” toplusunun təqdimatında Xalq şairi Nəriman Həsənzadənin dedikləri olduğu kimi yadımızdadır: “Barat şair idi. Bu kitabı oxudum, gördüm Barat filosofdur, tənqidçidir, ədəbiyyatşünasdır, alimdir, ictimai xadimdir. Həm şair, həm alim Baratı təbrik edirəm. Bu gün biz alim Baratın görüşünə gəlmişik”.

Akademik Nizami Cəfərov isə klassikləri birləşdirməyi, onların ideyalarından ümumi azərbaycançılıq, türkçülük ruhunu axtarıb tapmağı Barat Vüsalın xidməti olaraq dəyərləndirdi: “Barat Vüsal Azərbaycanın ən görkəmli şairlərindən biridir. Rayonda yaşasa da, respublika miqyasında, hətta Türk dünyası miqyasında görünən bir şairdir. Yəni ədəbiyyatın tarixini, ədəbi ideyaların tarixini, ədəbi-ictimai fikrin tarixini, böyük ədəbi şəxsiyyətlərin tarixini yaxşı bilən ziyalılarımızdandır”.

Bu yaxınlarda yubilyar şair Barat Vüsalla yenidən ünsiyyət qurduq. Dedi ki, həqiqətən də, Qazaxda möhtəşəm tarixi olan bədii sözü yaşadanlardan olması ilə fəxr edir. Vaqif, Vidadi, Abdulla bəy Divanbəyoğlu, Kazım ağa Salik, Hacıkərim Sanılı, Səməd Vurğun, Osman Sarıvəlli, Mehdi Hüseyn, İsmayıl Şıxlı, Mirvarid Dilbazi, Hüseyn Arif, Nəriman Həsənzadə, Nüsrət Kəsəmənli və digərlərinin urvatlandırdıqları söz məşhur Damcılı bulaq kimi damla-damla axaraq Azərbaycan ədəbiyyatını zənginləşdirib. Bu gün də biz üzərimizə düşən bu missiyanı layiqincə davam etdirməyə çalışırıq.

Onun rəhbərliyi ilə AYB Qazax bölməsinin Ağstafa, Tovuz və Gədəbəydə də məhsuldar şaxələri var. Ənənəvi “Səməd Vurğun Poeziya Günləri”nin bərpası, almanaxların çapı, şair və nasirlərin yubileylərinin, kitab təqdimatlarının keçirilməsi ənənəvi hal alıb. Sələflərinin yolunu layiqincə davam etdirən yazarlar vaxtaşırı ədəbi orqanlarda, dövrü nəşrlərdə çap olunur, bir-birindən maraqlı kitablarını oxuculara ərmağan edirlər.

Söhbətimiz zamanı Barat Vüsal yenə də özündən çox qələm dostlarından danışdı:

– Bölgənin ədəbi aləmində İsa Cavadoğlu, Saqif Qaratorpaq, Mustafa Rasimoğlu, Səhlədar Hidayətoğlu, Mübariz Qaragözlü, Məzahir Yaqub, Məzahir Alıyev, Bilal Qoca, Əli Cəfəroğlu, Aydın İbrahimoğlu, gənc şairlər Rüfət Axundlu və Nuranə Təbrizin yaradıcılıq uğurlarını diqqətlə izləyir və görürəm ki, hər birinin əsərlərindən Aveydən, Göyəzəndən əsən küləklərin səsi, ana Kürün harayı eşidilir.

Beynəlxalq Muğam Mərkəzində Barat Vüsalın yubileyi münasibətilə keçirilən “Uzanan ömrüdü şair dünyanın” adlı ədəbi-bədii gecədə AYB-nin sədr müavini Rəşad Məcid haqlı olaraq bildirdi ki, Anar müəllimin təbirincə desək, Barat Vüsalın şairliyi öz yerində... Bizi razı salan məsələlərdən biri də onun uzun illərdən bəri yazıçıların Qazax bölməsinə layiqincə rəhbərlik etməsidir.

Ötən günlərdə Qazax rayonu Ədəbiyyat Muzeyində “Yaxşı ki, Qazağın Baratı varmış” adlı yubiley tədbiri keçirilib. Qeyd olunub ki, Barat Vüsal yaradıcılığı sözün zahiri gözəlliyindən daha çox, batini hikmətini üzə çıxaran bir aləmdir. Onun misralarında tarix danışır, insan taleyi nəfəs alır, mənəvi paklıq ilahi bir nur kimi oxucunun ruhuna süzülür. Bu poeziya yalnız oxunmur – duyulur, yaşanır və yaddaşlara köçür.

Vətən müharibəsində Böyük Qələbədən ruhlanan şair yazır:

Yurdumun İlhamı salıb,
İgidlərin namı salıb,
Şəhidlərin qanı salıb –
Bu yol Şuşayacan gedir.

Başqa bir şeirində şair ölüm qorxusunu poetik şəkildə yox edərək deyir:

Ürəkmi, ölümdən qorxursa ürək,
Nə elə qorxuram, nə əsirəm mən.
Allah, yaşamağa tələsirmiştək,
Torpağa dönməyə tələsirəm mən!

Göründüyü kimi, Barat Vüsalın poeziyası zamanın sınaqlarından mətanətlə keçərək saflaşmış, xalqın ruhunu yaşadan və gələcək nəsillərə əmanət edən əvəzsiz ədəbi irsdir.

Əli NƏCƏFXANLI
XQ

Mədəniyyət