Yolumuzu nurlandıran dövlətçilik təlimi

post-img

Mayın 7-də Yeni Azərbaycan Partiyası və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Heydər Əliyevin dövlətçilik fəlsəfəsi: tarixi dəyərlər əsasında gələcəyə baxış” mövzusunda tədbir keçirilib.

YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov qeyd edib ki, Ulu öndər siyasi və ideoloji nöqteyi-nəzərdən bir-birindən fərqli iki dövrdə - istər SSRİ dönəmində, istərsə də dövlət müstəqilliyinin bərpasından sonra respublikamıza uğurla rəhbərlik edərək dövlətimiz üçün taleyüklü məsələlərin həllinə nail olmaqla millətimizin parlaq gələcəyini təmin edib. O, Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanın olduqca mürəkkəb sınaqlardan keçdiyini vurğulayıb.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, Əməkdar incəsənət xadimi Ceyran Mahmudova çıxışında bildirib ki, ulu öndər Heydər Əliyev Azərbaycan tarixində yalnız qüdrətli dövlət xadimi, uzaqgörən siyasətçi kimi deyil, həm də milli-mənəvi dəyərlərimizin qoruyucusu, mədəniyyətimizin və incəsənətimizin əsl hamisi kimi əbədi yaşayır.

Milli Məclisin deputatları Mübariz Qurbanlı, Hicran Hüseynova bildiriblər ki, Azərbaycan dövlətinin söykəndiyi ideoloji və dövlətçilik prinsiplərinin əsasları ulu öndər Heydər Əliyev tərəfindən müəyyən edilib. Ulu öndər dahi şəxsiyyət, uzaqgörən lider, cəsarətli insan idi.

Sonra Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilmiş Ədalət Fərəcova orden təqdim edilib.

XQ

Sosial həyat