Qax Rayon İcra Hakimiyyəti, Heydər Əliyev Mərkəzi və Azərbaycan Yazıçılar Birliyi Şimal-Qərb Bölməsinin Ulu öndərin anadan olmasının 103-cü ildönümü münasibətilə birgə keçirdikləri yazı müsabiqəsinə yekun vurulub.
Ənənəvi müsabiqə Ümummilli liderin irsinin daha dərindən öyrənilməsi və təbliği məqsədi ilə 5-ci ildir ki, təşkil olunur. Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində olan Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonları məktəblərinin şagirdləri müsabiqəyə böyük həvəslə qoşularaq Ulu öndərə ümumxalq sevgisini rəngarəng və səmimi duyğu-düşüncələrlə qələmə alıblar. Müsabiqəsi əvvəlcə orta məktəbində keçirilib. Fərqlənənlər rayon turunda, ardınca isə regional mərhələdə iştirak ediblər. Qaliblər diplom və qiymətli hədiyyələrə layiq görülüblər.
Heydər Əliyev Mərkəzində keçirilən təltifolunma mərasimində Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev ulu öndər Heydər Əliyevin xalqımız qarşısında misilsiz xidmətlərindən danışıb. Rayon rəhbəri dahi şəxsiyyətə həsr olunan inşa yazı müsabiqəsinin yüksək səviyyədə təşkil edənlərə təşəkkürünü bildirib.
Müsabiqənin təşəbbüskarı və əsas təşkilatçısı AYB Şimal-Qərb Bölməsinin sədri, Prezident mükafatçısı Əlmaniz Ələkbərli deyib ki, Ulu öndərin xatirəsinə həsr olunan müsabiqələrin əhatə dairəsi ilbəil daha da genişlənir. Hətta bu il İqtisad Universiteti Zaqatala filialının pakistanlı tələbəsi də müsabiqəyə qoşulub və 3-cü yerə layiq görülüb.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Qax rayon komitəsinin sədri Rübail Əfəndiyeva, YAP Qax rayon təşkilatının sədri Natiq Allahverdiyev, İqtisad Universiteti Zaqatala filialının direktoru Raqif Qasımov, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdir müavini Hafiz Pənahov müsabiqənin önəmini vurğulayıblar.
Qeyd olunub ki, Heydər Əliyevin 1982–1987-ci illərdə keçmiş SSRİ-nin təhsil siyasətinə, təhsil islahatlarına rəhbərlik etməsi onun həyatının parlaq səhifələrindədir. 1984-cü ildə keçmiş SSRİ-də ümumi təhsil və peşə təhsili üzrə islahatların əsas istiqamətlərinin müəyyənləşdirilməsi və yerinə yetirilməsi mexanizminin işlənib hazırlanması, internat tipli müəssisələrin işinin təkmilləşdirilməsi, həmin illərdə ümumi təhsilə 6 yaşdan başlanılması və müddətinin 11 illik olması ideyaları məhz Heydər Əliyevin adı ilə bağlıdır.
Dahi rəhbər Azərbaycana rəhbərlik etdiyi 2-ci dönəmdə də təhsilə diqqət və qayğısını əsirgəməyib. Ulu öndərin təşəbbüsü ilə 1998-ci ildə təhsil sahəsində islahat proqramının hazırlanması üçün Dövlət Komissiyası yaradılıb, az müddət ərzində “Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı” hazırlanıb və növbəti ildə təsdiq edilib. Proqramın həyata keçirilməsi prosesinə Dünya Bankı cəlb edilib, beynəlxalq təcrübə əsasında əsas istiqamətlər üzrə bir sıra islahatlar həyata keçirilib. Azərbaycançılıq məfkurəsinin və milli ruhun yüksəlişi, xalqın tarixi yaddaşının özünə qaytarılması, vətənpərvərlik hisslərinin güclənməsi Heydər Əliyevin ölkəyə rəhbərliyində misilsiz xidmətlərindəndir.
Natiqlər bildiriblər ki, milli təhsilinin inkişafının davamlılığı Prezident İlham Əliyevin rəhbərliyi ilə növbəti islahatlarla təmin edilib. Təhsil qanunvericiliyinin təkmilləşdirilməsi sahəsində əhəmiyyətli nailiyyətlər əldə edilib.
Sonra müsabiqə qalibləri təltif ediliblər. Qəbələ məktəbliləri İbrahim Rüstəmli, Nuray Şirinova və Aytəkin Göyüşova, Oğuzdan Nuray Salehli, Nargilə Qurbanova və Gülay Hacıyeva, Şəkidən Səma Səlimova, Zəhra Mustafayeva və Gülay Ağababayeva, Qaxdan Emil Məmmədli, Gülsəba Sərdarova və Zəhra Diniyeva, Zaqataladan Banu Həsənli, Nuray Səmədli və Elvira Hacıyeva, Balakəndən Lalə Surxayeva, Ahu Bodurova və Alvina Mirzəyeva, eləcə də digər müəssisələrdə keçirilən yarış və müsabiqələrin qalibləri mükafatlandırılıblar.
Ulu öndərin anadan olmasının ildönümü münasibətilə İqtisad Universitetinin Zaqatala filialı AYB regional bölməsi ilə birgə “Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı”, Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kolleci isə “Heydər Əliyev və kənd təsərrüfatı” mövzularında yazı müsabiqələri keçiribər. Bölgənin peşə təhsili ocaqlarında, Uşaq Gənclər idman-şahmat və İnkişaf mərkəzlərində, Uşaq incəsənət məktəblərində rəsm və müsabiqələri, idman yarışları təşkil olunub.
İlqar HƏSƏNOV,
XQ-nin bölgə müxbiri

