Yaşlı qadınlara xidmət sahəsində yeni və innovativ model

post-img

Azərbaycanda sosial xidmət sahəsində yeni və əhəmiyyətli layihə olan “Loqos Qadın Uzunömürlük Rezidensiyası” fəaliyyətə başlayır. Loqos Psixoloji və Nitq Mərkəzi tərəfindən həyata keçirilən bu layihə yaşlı qadınların sosial rifahının artırılması, onların cəmiyyətlə əlaqələrinin gücləndirilməsi və daha keyfiyyətli həyat şəraitində yaşamalarının təmin olunması məqsədi daşıyır. 

Loqos Psixoloji və Nitq Mərkəzinin sədri, psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayeva açıqlamasında bildirib ki, mərkəzdə eyni anda 60 nəfərlik günərzi qəbul və 60 nəfərlik yataqlı qalma imkanı nəzərdə tutulmuşdur. Sakinlərin fiziki və sosial aktivliyinin artırılması məqsədilə rezidensiyada idman zalı, SPA və istirahət zonaları fəaliyyət göstərəcəkdir. Bununla yanaşı, mərkəz xüsusi diqqət və memarlıq dizaynı ilə hazırlanmış, klassik üslubda ev şəraitini xatırladan interyerə malikdir. Həyətyanı sahə, açıq hava zonaları və sosial ünsiyyət üçün yaradılmış mühit sakinlərin həm fiziki, həm də emosional baxımdan rahatlığını təmin edir. 

T.Paşayeva, həmçinin bildirib ki,  eyni zamanda, rezidensiyada xüsusi qayğı və müşahidəyə ehtiyacı olan şəxslər üçün əlavə dəstək proqramları da nəzərdə tutulmuşdur. Demensiya, Altsheymer və Parkinson xəstəliyindən əziyyət çəkən sakinlər üçün gündəlik nəzarət, sosial adaptasiya və psixoloji dəstək yönümlü xidmətlər təşkil olunacaqdır. Eyni zamanda, travma və əməliyyatlardan sonra bərpa dövründə olan şəxslərin gündəlik həyat fəaliyyətlərinə uyğunlaşması, sosial və fiziki aktivliyinin dəstəklənməsi məqsədilə xüsusi müşahidə və dəstək proqramları həyata keçiriləcəkdir. Bu xidmətlər tibbi müalicə deyil, sosial qayğı, gündəlik nəzarət və həyat keyfiyyətinin artırılmasına yönəlmiş dəstək modeli əsasında təşkil olunacaqdır.

Açıqlamanın sonunda Təranə xanım diqqətə çatdırıb ki, “Loqos Qadın Uzunömürlük Rezidensiyası” layihəsi təşəbbüsü Milli Məclisin mərhum deputatı Qənirə Paşayevanın əziz xatirəsini yad etmək məqsədilə irəli sürülüb. Eyni zamanda, bu təşəbbüs Qənirə xanımın cəmiyyətə xidmət, sosial həssaslıq və insanlara qayğı kimi dəyərlərinin davamı olaraq həyata keçirilir. 

Qeyd edək ki layihə Təranə Paşayevanın təşəbbüsü ilə reallaşdırılaraq Azərbaycanda sosial xidmət sahəsində yeni və innovativ model kimi təqdim olunur.

Zərifə BƏŞİRQIZI 
XQ









Sosial həyat