“Maşınlarımızı harada saxlayaq?”

post-img

Paytaxtın “icazəli” dayanacaqları bahadır, “özəl” yerlərdə isə özbaşınalıqdır

Bakıda avtomobillərin sayının sürətlə artması, yol infrastrukturunun isə hələlik buna tam uyğunlaşa bilməməsi son illər paytaxtın ciddi infrastruktur problemlərindən birinə çevrilib. Bu çətinliyin ən çox hiss olunan tərəflərindən biri də parklanma ilə bağlı olub. Başqa sözlə, belə bir şəraitdə paytaxt sakinlərinin şəxsi avtomobillə hərəkət etmək rahatlığı pozulub, bu, eyni zamanda, əlavə maliyyə yükü və gündəlik əsəb keçirməsi ilə nəticələnib.

Ümumiyyətlə, yeraltı dayanacaq yerlərinin qiymətlərinin artması, küçə parklanma məkanlarının məhdudlaşması, qeyri-qanuni “özəlləşdirmə” halları və bəzi obyekt sahiblərinin ümumi istifadədə olan sahələri zəbt etmələri səbəbindən şəhərin nəqliyyat parklanmalarında nəzərəçarpan çətinliklərin sayı daha da çoxalıb.

Azərbaycan Qiymətləndiricilər Palatasının açıqladığı məlumata görə, Bakıda qaraj və yeraltı dayanacaq yerlərinin qiymətləri mart ayında fevral ayı ilə müqayisədə 4,8 faiz artıb. İlk baxışda bu artım statistik rəqəm kimi görünə bilər. Lakin məsələ daha dərindən təhlil edildikdə burada söhbətin təkcə daşınmaz əmlak bazarındakı qiymət dəyişikliklərindən yox, həm də şəhərin nəqliyyat və urbanizasiya siyasətindəki struktur problemlərindən getdiyi aydın olur.

Nəqliyyat eksperti Cümşüd Əzimovun fikrincə, qiymət artımının əsas səbəbi dayanacaq yerlərinə tələbin çoxalması və təklifin məhdud olması ilə bağlıdır. Həqiqətən də, Bakı küçələrində avtomobil sıxlığı ildən-ilə artır. Son illərdə əhalinin gəlirlərinin müəyyən qədər yüksəlməsi, kreditlə avtomobil satışlarının genişlənməsi və şəxsi nəqliyyata üstünlük verilməsi avtomobil parkının sürətlə böyüməsinə səbəb olub. Lakin yeni yaşayış massivlərinin və ticarət obyektlərinin tikintisi zamanı parklanma infrastrukturu çox vaxt lazımi səviyyədə nəzərə alınmayıb.

Bu gün paytaxtın bir çox ərazilərində sakinlərin axşam saatlarında avtomobillərin saxlanılması üçün uzun müddət yer axtarışı diqqət çəkir. Xüsusilə Yasamal, Nərimanov, Xətai və Binəqədi rayonlarında yeni tikilən çoxmənzilli binaların ətrafında vəziyyət daha çox narahatlıq doğurur. Belə ki, bir çox hallarda binaların yeraltı dayanacaqları ya kifayət qədər böyük olmur, ya da oradakı yerlər yüksək qiymətə satıldığı üçün sakinlərin əksər hissəsi həmin imkanlardan yararlana bilmir.

Nəticədə avtomobillər səkilərdə, yol kənarlarında, hətta piyadaların hərəkətinə mane olacaq şəkildə park edilir. Bu isə həm şəhərin estetik görünüşünə zərbə vurur, həm də təhlükəsizlik baxımından ciddi problemlər yaradır. Belə şəraitdə yeraltı dayanacaq yerlərinə marağın artması təbiidir və bazar iqtisadiyyatının qanunlarına uyğun olaraq qiymətlər də yüksəkdir.

Ekspertlərin qənaətincə, qiymət artımına təsir edən əsas amillərdən biri də küçə parklanması ilə bağlı yeni qaydaların tətbiqidir. Xüsusilə son illərdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) həyata keçirdiyi “Azparkinq” sistemi şəhər daxilində parklanmanın daha nizamlı təşkili məqsədi daşısa da, bəzi hallarda sürücülərin xərclərinin artmasına gətirib çıxarır. Zonalar üzrə tariflərin dəyişməsi, şəhər mərkəzində parklanmanın məhdudlaşdırılması və qaydaların sərtləşdirilməsi sürücüləri alternativ həll yolları axtarmağa məcbur edir.

Əslində, şəhər mərkəzində avtomobil sıxlığını azaltmaq üçün ödənişli parklanma sisteminin tətbiqi beynəlxalq təcrübədə də geniş istifadə olunur. Məsələn, London, Paris, İstanbul və Moskva kimi böyük şəhərlərin mərkəzi küçələrində yüksək tariflər tətbiq edilir. Məqsəd insanları ictimai nəqliyyatdan istifadəyə təşviq etmək və küçə sıxlığını azaltmaqdır. Lakin bu siyasət paralel olaraq güclü ictimai nəqliyyat sistemi, alternativ dayanacaq infrastrukturu və əlçatan tariflərlə müşayiət olunduğu halda müsbət nəticələrlə diqqət çəkir. Əks halda, problem həll olunmur, sadəcə, vətəndaşın maliyyə yükü artır.

“Özəl” dayanacaqlar kimlərindir?

Bakıda müşahidə olunan digər ciddi problem isə ümumi istifadədəki parklanma yerlərinin qanunsuz şəkildə zəbt olunması ilə bağlıdır. Son dövrlərdə müxtəlif obyekt sahiblərinin mağaza və restoranların qarşısındakı küçə hissələrini özəl dayanacaq kimi istifadə etmələri geniş narazılıq doğurur. Bu hallar şəhərin mərkəzi küçələrində daha çox müşahidə edilir. Bunun ən son nümunələrindən biri paytaxtın Port Baku ərazisi yaxınlığında, Neftçilər prospektində yerləşən “Barbarisso” uşaq salonunun qarşısında baş verən hadisədir.

İddialara görə, obyektin qarşısına xüsusi maneələr qoyularaq həmin ərazi yalnız müştərilər üçün ayrılıb. Halbuki söhbət rəsmi parklanma məkanı olmayan, ümumi istifadədəki küçə hissəsindən gedir. Özünü “parklanma işçisi” kimi təqdim edən şəxsin “bu yer alınıb” deməsi isə cəmiyyətdə ciddi narazılıq yaradır.

Nəqliyyat eksperti Adil Nəbiyev qeyd edir ki, küçələrin və yolların hər hansı fiziki və ya hüquqi şəxs tərəfindən özbaşına istifadəyə götürülməsi qanunvericiliyə ziddir. Azərbaycan qanunvericiliyinə əsasən küçələr və yolkənarı parklanma yerləri ümumi istifadədə olan nəqliyyat infrastrukturunun bir hissəsidir. Bu sahələrin istifadəsi yalnız dövlət qurumlarının qərarı və hüquqi əsaslarla mümkündür.

Burada mühüm məqamlardan biri də ondan ibarətdir ki, bəzi obyekt sahibləri öz bizneslərinin qarşısındakı küçəni faktiki olaraq şəxsi mülk kimi qəbul edirlər. Halbuki obyekt sahibinin məsuliyyəti yalnız ona məxsus və ya icarəyə götürdüyü ərazi ilə məhdudlaşır. Küçə isə dövlətin və cəmiyyətin ümumi istifadəsində olan məkandır. Orada hər hansı maneənin qoyulması və vətəndaşların istifadəsinin məhdudlaşdırılması ciddi hüquq pozuntusudur.

Bu cür halların artmasının əsas səbəblərindən biri nəzarət mexanizmlərinin yetərincə səmərəli işləməməsidir. Çox vaxt obyekt sahibləri yol kənarına su bidonları, beton parçaları, dəmir maneələr və digər əşyalar düzərək parklanma yerini “rezerv” saxlayırlar. Hətta bəzi hallarda səhər avtomobilini çıxaran şəxslər yerin tutulmaması üçün həmin məkana müxtəlif maneələr qoyurlar. Bu, artıq paytaxtda adi mənzərə kimi diqqət çəkir.

Nəqliyyat eksperti Elməddin Muradlı bildirir ki, dövlət tərəfindən vətəndaşlar üçün ayrılmış pulsuz parklanma yerlərinin zəbt edilməsi qanun pozuntusudur və buna görə inzibati məsuliyyət nəzərdə tutulur. Lakin məsələ təkcə cərimə tətbiqi ilə həll olunmur. Burada ictimai nəzarət, operativ müdaxilə və şəhər mədəniyyətinin formalaşdırılması prinsipi də vacib rol oynayır. Əslində, bu problem təkcə hüquqi məsələ deyil, bu, həm də sosial davranış problemidir. Şəhər mühitində ümumi istifadədə olan məkanlara cəmiyyət hörmət anlayışı tam formalaşmadıqda insanlar küçəni, səkini və ya parklanma yerlərini şəxsi maraqları naminə istifadə etməyə çalışırlar. Bu isə paytaxt həyatında xaos yaradır və vətəndaşlar arasında gərginliyi artırır.

Mövcud qanunvericiliyə əsasən dövlət avtomobil yollarında səlahiyyəti olmayan şəxslər tərəfindən parklanma xidmətinin təşkili və ya ödəniş tələb edilməsi qanunsuzdur. Belə hallara görə fiziki şəxslər 100 manatdan 200 manatadək, vəzifəli şəxslər 300 manatdan 500 manatadək, hüquqi şəxslər isə 1500 manatdan 2500 manatadək cərimə oluna bilər. Zərurət yarandıqda 15 günədək inzibati həbs də tətbiq edilir.

AYNA dəfələrlə bəyan edib ki, küçə parklanma yerlərində sürücülərdən nağd ödəniş tələb olunması tamamilə qanunsuzdur. Buna baxmayaraq, bəzi ərazilərdə hələ də qeyri-rəsmi “dayanacaq nəzarətçiləri” fəaliyyət göstərir və sürücülərdən pul tələb edirlər. Bu isə göstərir ki, problem yalnız qaydaların mövcudluğu ilə deyil, onların icrası ilə bağlıdır.

Axı hamının öz həyəti yoxdur

Bakıda parklanma probleminin həlli üçün kompleks yanaşmaya ehtiyac var. İlk növbədə, yeni tikilən yaşayış komplekslərində dayanacaq yerlərinin sayı artırılmalıdır. Tikinti şirkətləri üçün bu istiqamətdə daha sərt normativlər tətbiq olunmalıdır. Hər mənzilə uyğun dayanacaq norması müəyyənləşdirilməli və buna ciddi nəzarət edilməlidir. Digər vacib məsələ ictimai nəqliyyatın inkişafıdır. Əgər vətəndaş rahat, sürətli və təhlükəsiz ictimai nəqliyyat sistemindən istifadə edə bilirsə, şəxsi avtomobilə ehtiyac da azalır. Metro xətlərinin genişləndirilməsi, avtobus şəbəkəsinin optimallaşdırılması və şəhərətrafı nəqliyyat əlaqələrinin gücləndirilməsi parklanma probleminin azalmasına mühüm təsir göstərə bilər.

Nəqliyyat eksperti Şahin Hüseynov bir sıra inkişaf etmiş ölkələrdə bu məqsədlə istifadə olunan parklanma modellərindən istifadəni zəruri sayır və diqqəti daha çox sürücülərin avtomobilləri şəhərin girişində yaradılan böyük dayanacaqlarda saxlayaraq ictimai nəqliyyata keçmələrinə yönəldir. Bildirir ki, dünyanın bir çox iri şəhərlərində uğurla tətbiq edilən bu model Bakı üçün də aktual hesab olunur.

Şəhərdə qanunsuz zəbt edilmiş parklanma yerlərinə qarşı mübarizə də gücləndirilməlidir. Aidiyyəti qurumlar belə hallara operativ reaksiya verməli, qanunsuz maneələr dərhal sökülməli və cərimələr real çəkindirici təsir göstərməlidir. Əks halda, qanunsuzluq adi davranış normasına çevrilir.

Bütün bunlar onu göstərir ki, paytaxtda parklanma problemi artıq adi məsələ deyil, bu, eyni zamanda, şəhərin gələcək inkişaf strategiyası ilə birbaşa bağlı olan ciddi urban çağırışdır. Qiymət artımları, dayanacaq çatışmazlığı və qanunsuz zəbt halları bir tərəfdən sürücülərin gündəlik həyatını çətinləşdirir, digər tərəfdən isə şəhər idarəçiliyində yeni yanaşmalara ehtiyac olduğunu ortaya qoyur. Əgər bu problem sistemli şəkildə həll edilməzsə, yaxın illərdə Bakıda nəqliyyat sıxlığı, ekoloji yük və sosial narazılıq daha da arta bilər. Buna görə də parklanma məsələsinə təkcə kommersiya və ya cərimə kimi yox, həm də şəhərsalma, sosial ədalət və müasir urban idarəetmə baxımından yanaşmaq vacibdir.

Akif NƏSİRLİ,
Liberal İqtisadçılar Mərkəzinin sədri

Bakıda avtomobillərin sayı artıqca, yol kənarlarındakı dayanacaqlar da məhdudlaşdırılır. Amma buna baxmayaraq, yeni parklanma yerləri eyni sürətlə çoxalmır. Xüsusilə mərkəzi ərazilərdə küçədə maşın saxlamaq çətinləşdiyi üçün insanlar yeraltı dayanacaqlara daha çox üstünlük verirlər. Bu da qiymətlərin yüksəlməsinə gətirib çıxarır.

Eyni zamanda, ümumi daşınmaz əmlak bazarında da bahalaşma müşahidə olunur və parklanma yerləri də bu bazarın bir hissəsi olduğu üçün qiymətlər paralel şəkildə artır. Nəticədə tələb çox, təklif isə məhdud olduğu səbəbindən qiymətlərdə artım nəzərə çarpır.

“Azparking” üzrə də müəyyən bahalaşma hiss olunur. Bu, əsasən tariflərin zonalara görə dəyişdirilməsi və bəzi ərazilərdə qaydaların sərtləşdirilməsi ilə bağlıdır. Xüsusilə şəhərin mərkəzində parklanma daha bahadır və güclü nəzarət var. Rəsmi olaraq hər yerdə kəskin faiz artımı elan olunmasa da, yeni zonalar və tətbiq olunan qaydalar nəticəsində sürücülər daha çox ödəniş edirlər. Bu da ümumi olaraq parklanmanın bahalaşması kimi diqqət çəkir.

Azərbaycan Qiymətləndiricilər Palatasının məlumatına görə, Bakıda qaraj və yeraltı dayanacaq yerlərinin mart ayında orta qiymətinin fevral ayı ilə müqayisədə 4,8 faiz artması da bunun məntiqi nəticəsidir. Başqa sözlə, bu, şəhərdə avtomobillərin sayının getdikcə çoxalması, yol kənarlarında dayanacaq seçimlərinin azalması və yeni dayanacaq yerlərinin əvvəlki sürətlə aparılmaması ilə əlaqədardır. Bunun nəticəsidir ki, sakinlərin belə bir şərait səbəbindən yeraltı dayanacaq yerlərinə getdikcə üstünlük vermələri qiymətin bahalaşmasına gətirib çıxarır.

Vaqif BAYRAMOV
XQ



Sosial həyat