Qloballaşma prosesi XX əsrin sonu XXI əsrin əvvəlindən dövlətlərin həm ictimai-siyasi, həm də ideoloji-mədəni həyatına əsaslı təsir etmişdi. Müasir Azərbaycan ideoloji-humanitar böhranın baş vermədiyi hüquqi dövlətdir.
Siyasi fəlsəfədə fərqli, müqayisəli, müxtəlif ölçü parametrlərindən Rəhbər – liderlərin xarakterik xüsusiyyətləri araşdırılır. Liderlik – ictimai-siyasi mətndə “başçı”, “rəhbər”, “öncül”, “öndəgedən”, “birinci” və s. epitetlərlə də işlənir. Belə ki, Platon “Liderin bilik və ədalətə irsi meyli olmasını”, N.Makiavelli isə “güc, dürüstlük və üslubluğu” hökmdarlığın əsas keyfiyyətləri kimi göstərmişdir. M.Veberə görə liderlər “rasional lider”, “xarizmatik lider”, “qəhrəman lider” kimi ifadələrlə də xarakterizə olunur. V.Hegel ideal lideri “öz missiyasını dərk edən tarixi şəxsiyyət” adlandırmışdır. Bu mənada, T.Karleyl: “Bəşər tarixi böyük insanların tarixidir”, - deyə qeyd etmişdir.
Liderləri təsir miqyaslarına görə də təsnifatlandıran nəzəriyyələr vardır: Məsələn, “aparıcı lider”, “dövlət lideri”, “ictimai lider”, “qrup lideri”, “birinci lider”, “siyasi lider”, “milli lider”, “ümummilli lider” və s. Liderlik haqqında siyasi-nəzəri təlimlərdə lider Rəhbərlər xalq və dövlət vəhdətində, eləcə də ölkə hüdudlarından kənarda real liderlik aparan şəxsiyyətlər kimi qiymətləndirilir. Liderlər bəlli sosiosiyasi, mədəni-mənəvi, iqtisadi və geosiyasi şəraitə təsir etməklə aparıcı gücə sahib olurlar. Liderlər öz ölkəsinin hərbi-siyasi, diplomatik, təhlükəsizlik, sosioiqtisadi, ideoloji, mədəni strukturunu formalaşdıran quruculardır.
Görkəmli dövlət xadimi Heydər Əliyev ölkə başçısından Ümummilli liderlik zirvəsinə yüksələn, həm Azərbaycan, həm MDB məkanı, həm də qlobal dünyada – qətiyyətli rəhbər kimi qəbul olunan, güclü, siyasi iradəli, xarizmatik, şəxsiyyət, həm sovet dövrü, həm müstəqillik ərəfəsi, həm də ilkin müstəqillik dövrünün 10 ili xalqı qarşısında, dövlətçilik yolunda böyük xidmətləri olan strateqdir.
Ulu öndərin siyasi həyat fəaliyyətində keçdiyi yol Azərbaycanda “Heydər Əliyev dərsləri”, “Heydər Əliyev məktəbi” adlanır. Bu məntiqdən Prezident İlham Əliyev vurğulayır ki: “2003-cü ilin oktyabrında Heydər Əliyev xalqa müraciətində görülmüş işlərlə bağlı fikirlərini bildirmiş və əminliyini ifadə etmişdir ki: “onun davamçıları onun yolu ilə gedərək Azərbaycanı ondan sonra da uğurla idarə edə bilərlər”.
Liderlik barəsində dünya siyasətşünaslıq elmi təlimində ehtiva edilən bütün keyfiyyətlər ulu öndər Heydər Əliyevin fəaliyyət və şəxsində formalaşır. Siyasi-hüquqi təlimlər üzrə tədqiqatçıların fikrincə, bir şəxs öz millətinə rəhbər ola bilər və ya birinci şəxs kimi ölkəni adi idarəçi səviyyəsində idarə edən başçı ola bilər, yaxud da aşkarda görünməyən “kim” və “kimlər” tərəfindən idarə edilən də olar. Və tarix bu tip rəhbərləri lider deyil, adi ölkə başçısı kimi statistik tarixi rəqəmdə müvafiq illərdə hakimiyyət dövrünü göstərir.
Lider rəhbərin dövlətçilik institutu quruculuğu ilə vəhdətdə hakimiyyəti - idarəetmə səriştəsi və bacarığı ilə yüksək bilikli, mədəni səviyyəli rəhbərlik qabiliyyəti paralellik təşkil etməlidir. Ulu öndər Heydər Əliyev Azərbaycanda müasir liderlik məktəbinin yaradıcısıdır və dünya liderlik praktik-nəzəri təliminə strateq-siyasətçi paradiqmal dərslərini yazdı;
– Rəhbər kimi Ümummilli lider adının üzvü parametrlərini qazanan, qlobal dünya siyasət məkanında qəbul edilən dövlət xadimidir. 1) Mükəmməl rəhbərlik qabiliyyəti, 2) idarəçilik strategiyası, 3) Dövlət xadimi kimi keçirtdiyi ağır, mürəkkəb, məsuliyyətli və çətin siyasi mübarizə yolunun təcrübəsi; 4)Azərbaycanda müstəqil dövlətin milli inkişaf yolunu formalaşdıran unikal, əvəzolunmaz fenomendir; 5) Müstəqil Azərbaycanın suveren hüquqlarının qorunub möhkəmləndirilməsində ümummilli lider adını əxz edən, xilaskarlıq missiyasını ölkəsində həyata keçirən Lider – Rəhbərdir.
Bu mənada, ilk öncə, Azərbaycanın keçmiş SSRİ dövründəki çoxşaxəli sahələr üzrə əsas məqamlarının siyasi-nəzəri-hüquqi baxımdan tədqiq edilməsi ölkə və dünya siyasi liderlik məktəbi üçün də əhəmiyyətlidir. İkinci, keçmiş sovet sistemində bütün fəaliyyət sahələri kommunist ideologiyasının hakimi-mütləq olduğu Siyasi Büro tərəfindən idarə ediləndə də, respublika siyasi rəhbərliyinin Baş katibi kimi keçmiş SSRİ-də Siyasi Büronun icazəsi olmadan belə xalqının rəhbəri olaraq onun milli mədəni-mənəvi ənənələrini qoruyan, ölkəsinin tərəqqisinə çalışan, “Qoy ədalət zəfər çalsın” söyləyən, insan amilini və milli kimlik parametrlərinin müdafiəçisi olan Ulu öndər həyatı da tarixləşdi.
Lider-rəhbər anlamına siyasi-nəzəri-hüquqi aspektdən baxanda qeyd edək ki, Azərbaycan xalqı müstəqillik zamanı aforizmə çevrilən “Heydər Əliyev” - “tarix yazan dahi” adını “Hakimiyyət ustası” kəlamı ilə yekunladı. Ulu öndər “siyasət ustadı” adlanır. Belə ki, daima xalqla birlikdə olmaq liderə dərin hörmət, rəğbət, istək, ehtiram, sədaqət yaradır. Bu, komponentlər Azərbaycan siyasi liderlik məktəbi tarixində örnəkdir.
Rəhbər liderlik dövlətçilik institutunu quran, xilasedicisi, birləşdiricisi, nizamlayıcı və idarəetmə strukturunu formalaşdırma parametlərinin öyrənilməsi də zəruridir. Azərbaycanda yeni liderlik institutunun əsasının çoxşaxəli istiqamətləri yaradılmışdı. Ölkədə Azərbaycan dili, mənəviyyatı, mədəniyyəti bu müstəvidə milli iqtisadi inkişaf, ictimai-siyasi sabitlik, milli ordu quruculuğu, hərbi, daxili və xarici təhlükəsizlik məsələləri geniş anlamda dövlətçilik institutunda müəyyənləşdirilərək liderlik modelinin strateji-taktiki əsasları qurulmuşdur.
Ulu öndər cəsarətli, qorxmaz, ən qaynar hadisələrin önündə gedən aparıcılıq qabiliyyəti, hakimiyyəti, idarəetmə bacarığı, xalqın ona olan sonsuz inamı vəhdətində müstəqillik dövründə cəmiyyəti tənzimləyən qüvvə, ideoloji bir sistem - azərbaycançılıq əqidəsində Azərbaycan vətəndaşlarını birləşdirən böyük şəxsiyyətdir. Ulu öndər azərbaycançılığı mənəvi-ədəbi-romantik-bədii ideya məfkurəsindən ideoloji kursa çevirərək, onun məzmununa ölkədə yaşayan müxtəlif xalqların dili, dini, cinsi, hansı mədəniyyətə malikliyindən asılı olmayaraq Azərbaycan vətəndaşı olması konkretliyini, birgəyəşayış həyat tərzini təlqin etdi. Azərbaycançılığın ən vacib paradiqması ulu öndərin “Mən fəxr edirəm ki, azərbaycanlıyam” qətiyyətli Bəyanatıdır.
Azərbaycançılıq Azərbaycanda yaşayan bütün xalqları birləşdirən bir əqidədir. Azərbaycançılığın əsas elementlərindən biri vətəndaşlıqdır. Bu özündə vətəndaşın siyasi, mənəvi, hüquqi, sosial keyfiyyətlərini ehtiva edir. Azərbaycan Respublikası Konstitusiyasının 52-ci maddəsində yazılıb ki, “Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikası vətəndaşıdır”.
Azərbaycançılıq xalq-dövlət-vətəndaş vəhdəti harmoniyasıdır. Azərbaycan Konstitusiyası I fəsli V maddəsi II bəndində yazıldığı kimi: “Azərbaycan xalqının vahidliyi Azərbaycan dövlətinin təməlini təşkil edir”. Bu əsasda da azərbaycançılıq həm də öz milli kimliyini dərk etməklə Azərbaycanda əsrlərlə məskunlaşan xalqları qorumaqdır. Bu xalqların mədəni-mənəvi tarixi, dəyərləri, fərqli adət-ənənə, din və dil müxtəlifliyi tərzli həyatı dövlətin azərbaycançılıq ideologiyasının əsas tərkib xəttidir. Azərbaycançılıq ideologiyasının parametrləri: 1) hər bir ölkə vətəndaşında öz vətəninə sadiqlik, tərbiyə etmək; 2) digər millət və xalqlara da bərabər hüquqlarla hörmətlə yanaşmağı; 3) birgəyaşayış həyat tərzini təlqin edir və 4) bunun kökündə milli-etnik ayrı-seçkilik durmur; 5) əksinə çoxmədəniyyətlilik adət-ənənəsi; 6) dil-din fərqliyi aspektində qarşılıqlı hörmət, tolerantlıq qəbul edilir. Azərbaycançılıq ideologiyası hər topluma tolerant yanaşma bir-birini anlama, dinc yanaşı yaşama tərzini ehtiva edir.
Ulu öndər Heydər Əliyev azərbaycançılıq ideologiyasını dövlət təlimi səviyyəsinə yüksəldən ideoloqdur. Ulu öndər vurğulayırdı ki, “Bizimçün bir tarixi amil var – azərbaycançılıq”.
Azərbaycançılığın hüquqi-siyasi komponenti nədir... Bu 1) ölkədə yaşayan müxtəlif mədəni-mənəvi həyat tərzli xalqların parçalanmasına; 2) respublikanın bölünməsinə imkan vermədi; 3) dövlətçilik institutunun dünyanın yeni çağırışlarına uyğun strukturlaşmasına; 4) cəmiyyətdə möhkəm və etibarlı müxtəlif mədəniyyətli dinc-yanaşı yaşamlı həyat tərzi birliyinin yaranmasının əsası oldu. 5) Fərqli mədəniyyətli xalqların qarşılıqlı münasibətində tolerantlığın gücləndirilməsinə və 6) suveren dövlətçilik institutunun dayanıqlı sistem kimi formalaşmasına rəvac verən konseptual nəzəri ideologiya olaraq azərbaycançılıq cəmiyyətdə tətbiq edildi.
Ulu öndər qeyd edirdi ki: “Milli ideologiyamız tarixi keçmişimizlə, millətimizin adət-ənənələri ilə, xüsusiyyətləri ilə xalqımızın, dövlətimizin bü günü və gələcəyi ilə bağlı olmalıdır”.
– Vətənpərvərlik və dövlətçilik azərbaycançılığın əsaslarındandır.
– Azərbaycançılıq qloballaşan dünyaya inteqrasiyanın ideya tərkibidir.
2001-ci il 9 noyabr Dünya Azərbaycanlılarının I Qurultayında Ulu öndər nəzərə çatdırmışdır ki: “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı – Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq”.
Siyasi nəzəriyyə təlimində rəhbər – liderlər tək fəaliyyətləri zamanı yox, eləcə də gələcək zamanlarda liderlik dərslərini öyrədən bir məktəb yaradan şəxsiyyət, dahidirlər.
Lider – dövlət xadimi çoxsahəli xidmətləri içərisində siyasi sistemi təmin etmiş xalq rəhbəridir.
Yeni tipli lider siyasi liderlik dərslərini yüksək səviyyədə mənimsəyən və - XXI əsr dəyişən dünyanın tələblərindən irəli gələn hədəfləri, çağırışları gerçəkləşdirən, ölkədə vacib strateji və əməli fəaliyyət mexanizmlərini reallaşdıran – modern rəhbər olmalıdır.
Prezident İlham Əliyev azərbaycançılığın cəmiyyətin ideya əsasını təşkil etməsini, dövlətçiliyin ideoloji təməli kimi xarakterizə edərək diqqətə yetirdi ki: “Qloballaşan, çətinliklə üzləşən dünyada milli dəyərlərimiz bizim dövlətçiliyimizin təməlini təşkil edir. Bizim dövlətçiliyimizin çox möhkəm ideoloji əsasları vardır. Azərbaycançılıq məfkurəsi bizim əsas ideoloji dayağımızdır”.
Və bu mətndən də istənilən ideologiya, həmçinin “Azərbaycançılıq ideologiyası da öz xalqının, dövlətinin mənafeyinə, maraqlarına uyğun olmalı, müxtəlif sosial təbəqələrin, ictimai, mədəni qurumların siyasi partiyaların müvafiq ideya ətrafında birləşməsinə cəhd etməlidir”.
XXI əsr Azərbaycanı dünyada yeniləşən, qalib, inkişaf edən müstəqil dövlət kimi tanıtdırılmışdır. Ali Baş Komandan İlham Əliyev işğalçı Ermənistanla 44 günlük Vətən müharibəsində təsdiq etdi ki, Azərbaycan dövlət olaraq müstəqildir, həm də regionun aparıcı dövlətidir.
Prezident İlham Əliyevin çoxşaxəli fəaliyyətində geoiqtisadi və geosiyasi balanslı siyasəti modern milli inkişaf xəttində, ölkədə multikulturallığın qorunması, regional və qlobal layihələrin iştirakçısı kimi enerji siyasəti, hərbi-diplomatik, milli təhlükəsizlik və sosiomədəni məsələləri əhatə edən çoxşaxəli fəaliyyətində humanitar kurs azərbaycançılıq ideologiyasıdır.
Ali Baş Komandan İlham Əliyev müasir silahlarla təchiz olunan Milli Ordunun yüksək peşəkarlığı ilə Azərbaycan siyasi-hərb tarixinə Zəfər Gününü yazmaqla bahəm, xalqa Qalib ölkə adı qazandıran Liderdir. Böyük Qayıdış proqramı həm işğaldan azad edilmiş Qarabağın dirçəlişi, yenidən qurulması, bərpası həm də Azərbaycanın yeni perspektivlərinin göstəricisidir.
Müstəqil Azərbaycan dövlətçilik institutunu formalaşdıran ulu öndər Heydər Əliyev çoxsahəli idarəçilik ustadlığı və təcrübəsi əsasında ölkədə siyasi-ideoloji və sosio-iqtisadi özülünü yaratdı. Prezident İlham Əliyev modern lider kimi ölkəni müasir zamanın yeni tarixi inkişaf xəttinə yüksəltdi. Prezident İlham Əliyev müasir Azərbaycanı Avropa tədbirlərində, Qoşulmama Hərəkatında, Türk Dövlətləri Təşkilatında, BMT-də və s. təmsil edərək bütün bu beynəlxalq təşkilatlarda əxz etdiyi siyasi mövqe, siyasi imic, nüfuz ulu öndər Heydər Əliyev Liderlik məktəbinin göstəriciləridir.
Fikrimizi Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın sözləri ilə bitirək: “Heydər Əliyev dərslərinin mahiyyətini onun həmyaşıdları bu gün də öyrənirlər. Heydər Əliyev tarix salnaməsinin XX əsr üçün taleyüklü səhifələrinin iştirakçısı, yaradıcısı, aparıcısı, 30 ildən artıq Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşıyan, onu bir dövlət və millət kimi tarixin sınaqlarından çıxaran vətəndaş, şəxsiyyət, Liderdir. Vətənin, Azərbaycanın taleyi, onun adı, taleyi əbədi olaraq bağlandı”.
Rəna MİRZƏZADƏ,
professor, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri

