Kənd təsərrüfatında da süni intellektin və innovativ texnologiyaların rolu artır
Bu məsələ 19-cu “Caspian Agro Week” sərgi və forumunun 3-cü gününün əsas müzakirə mövzusu olub. Bildirilib ki, son illər kənd təsərrüfatında süni intellektin köməyi ilə ənənəvi üsulları rəqəmsal və məlumat əsaslı yanaşmalarla əvəz edərək məhsuldarlığı artırmaq, xərcləri azaltmaq və resurslardan səmərəli istifadə etməklə bağlı geniş tədbirlər həyata keçirilir. Süni intellekt böyük həcmdə məlumatları analiz edərək fermerlərə daha dəqiq və vaxtında qərarlar verməyə kömək edir.
Azərbaycanda da kənd təsərrüfatının rəqəmsallaşdırılması və məhsuldarlığın artırılması məqsədilə süni intellektin tətbiqi istiqamətində genişmiqyaslı tədbirlər görülür. Ölkəmizin aqrar sektorunda süni intellektin tətbiqi, hələlik, ilkin mərhələdə olsa da, aqrar sahənin rəqəmsallaşdırılması, məhsuldarlığın artırılması, eləcə də dövlət dəstəyinin optimallaşdırılması üçün əsas hədəflərdən birinə çevrilib. Məhz bu səbəbdəndir ki, Kənd Təsərrüfatı Nazirliyi beynəlxalq tərəfdaşlarla birlikdə aqrar sahədə süni intellektin tətbiqini genişləndirir.
Bakıda keçirilən “Caspian Agro Week” – 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumu da bu sahədə əldə olunmuş nailiyyətlərlə yaxından tanış olmaq, təcrübə mübadiləsi aparmaq baxımdan xüsusi əhəmiyyət daşıyır. Kənd təsərrüfatı üzrə regionun ən nüfuzlu tədbiri və milli brendə çevrilmiş “Caspian Agro”nun bu ildən etibarən yeni brend – “Caspian Agro Week” adı ilə keçirilməsi isə tədbirin əhəmiyyətini qat-qat artırır. Elə builki sərgidə dünyanın 45 ölkəsindən 447 şirkətin iştirakı da kənd təsərrüfatı sahəsi üçün mühüm platforma rolunu oynayan toplantıya marağın göstəricisidir.
Qeyd edək ki, regionun ən böyük aqrar sərgisində “Caspian Agro Week” kənd təsərrüfatı texnikası, obyektləri və avadanlıqları, suvarma sistemi, qablaşdırma, kənd təsərrüfatında innovasiya texnologiyaları, heyvandarlıq və quşçuluq, baytarlıq, bitkiçilik, meyvə və tərəvəzlərin yetişdirilməsi, gülçülük, tullantıların emalı, logistika, elektron kənd təsərrüfatı kimi sahələrə geniş yer ayrılıb. Bununla yanaşı, sərgidə “Smart Agro” istiqaməti üzrə süni intellekt, ağıllı kənd, startaplar, İT xidmətləri, robototexnika, pilotsuz uçuş aparatları da nümayiş etdirilir.
Sərginin 3-cü iş günü müzakirə olunan məsələlər, nümayiş etdirilən stendlərin zənginliyi ilə diqqət çəkib. Kənd təsərrüfatında “ağıllı texnologiyalar”ın, bu sahədə innovativ yanaşmaların tətbiqi, müasir suvarma sistemlərinin yaradılması və s. məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova qeyd edib ki, bu ilin sonunadək ölkəmizin aqrar sektorunda 33 süni intellekt alətinin hazırlanması planlaşdırılır. Onun sözlərinə görə, artıq 13 belə alətdən istifadəyə başlanılıb, 18 alətin isə cari ilin birinci yarısında istifadəyə verilməsi nəzərdə tutulub.
Nazir müavini deyib ki, kənd təsərrüfatı sektorunda çalışanların fiziki əməyini yüngülləşdirən innovasiyalardan danışarkən süni intellektin rolunu xüsusi qeyd etmək lazım gəlir: “Fermerlər dövlət dəstəyi üçün müəyyən monitorinq nəticələrini gözləyirlər. Bu monitorinqlər isə fiziki insanlarla aparıldıqda müəyyən vaxt aparır. Dövlət dəstəyini daha tez verməyimiz üçün süni intellektlə yoxladığınız nəticələrə uyğun olaraq bu dəstəyini qısa müddət ərzində tədbiq edə bilərsiniz. Bu, fermerin dəstəyə əlçatanlığını ən azı 3 ay sürətləndirmiş olacaq. Cari halda da bitki növünün müəyyən edilməsi ilə bağlı 636 min hektar ərazidə bu iş aparılıb”.
Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib ki, hazırda ölkənin hidroelektrik stansiyalarında 75-80 faizlik sahədə avtomatlaşma mövcuddur. Onun sözlərinə görə, növbəti strategiya sənədində də bu istiqamət əsas prioritetlərdən biri kimi müəyyənləşdirilib və 2030-cu ilədək həmin göstəricinin 100 faizə çatdırılması hədəflənir. Avtomatlaşdırmanın kənd təsərrüfatı istifadəçilərinin daha dəqiq və etibarlı məlumat əldə etməsinə imkan verəcəyini diqqətə çatdıran nazir müavini bunun həm də iqlim ssenarilərinin hazırlanmasına və məlumat bazalarından daha səmərəli istifadəyə ciddi töhfə olacağını vurğulayıb.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini İlham Bayramov diqqəti ölkəmizdə su ehtiyatlarının idarə olunması, kənd təsərrüfatında sudan səmərəli istifadə üçün müasir texnologiyaların tətbiqi ilə bağlı məsələlərə yönəldib. Hazırda Azərbaycanda əkin sahələrinin, təxminən, 11 faizində müasir suvarma texnologiyalarının tətbiq edildiyini bildirən İ.Bayramov deyib ki, digər ərazilərdə də “ağıllı” və müasir suvarma sistemlərinin genişləndirilməsi həm Kənd Təsərrüfatı Nazirliyinin, həm də aidiyyəti dövlət qurumlarının qarşısında duran əsas hədəflərdən biridir.
Sədr müavini hazırda idarəetmə prinsiplərinin rəqəmsal həllərə, texnoloji dəstəyə və dəqiq məlumat bazalarına əsaslandığını diqqətə çatdırıb: “Azərbaycan dövləti üçün də su ehtiyatlarından səmərəli istifadə istiqamətində müasir texnologiyaların tətbiqi əsas prioritetlərdən biridir.Bu istiqamətdə su ehtiyatlarının qiymətləndirilməsi, su uçotunun qurulması, sudan səmərəli istifadə, suyun ədalətli bölüşdürülməsi və son istehlakçıya tələbat səviyyəsində çatdırılması üçün müasir texnologiyaların, o cümlədən süni intellekt həllərinin tətbiqi vacib hesab olunur”.
Energetika nazirinin müavini Samir Vəliyev isə bildirib ki, kənd təsərrüfatında süni intellektin tətbiqinin əsas nəticələrindən biri enerji səmərəliliyinin artırılmasıdır. Aqrar sektorun kifayət qədər enerji tutumlu sahə olduğunu vurğulayan nazir müavininin sözlərinə görə, energetika sahəsində rəqəmsallaşma və süni intellekt məsələləri xüsusi əhəmiyyət daşıyır. Qeyd olunub ki, aqrar sektorda rəqəmsallaşma və süni intellekt konkret istiqamətlərdə enerji səmərəliliyinin artırılmasına gətirib çıxarır. Onun sözlərinə görə, “ağıllı” istixanaların tətbiqi nəticəsində zəruri temperaturun daim qorunması təmin edilir və artıq enerji sərfiyyatının qarşısı alınır, müasir suvarma sistemlərinin tətbiqi isə enerji qənaəti baxımından böyük imkanlar yaradır.
M.QULİYEV
XQ

