İslam İnkişaf Bankı ölkəmizdə fəaliyyətini genişləndirir

post-img

Bu günə qədər 20-dək layihəyə 1,2 milyard dollar vəsait ayrılıb

Prezident İlham Əliyev mayın 6-da İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Əl-Casir başda olmaqla nümayəndə heyətini qəbul edib. Görüşdə Azərbaycanla İslam İnkişaf Bankı arasında uzun illərdir səmərəli əməkdaşlığın qurulduğu vurğulanıb. Bankın ölkəmizdə iqtisadiyyatın müxtəlif istiqamətlərində, həmçinin enerji, o cümlədən “yaşıl enerji”, kənd təsərrüfatı, su və irriqasiya sistemləri, infrastruktur və sosial sahələrdə bir sıra layihələr həyata keçirdiyi qeyd edilib. Bu xüsusda vurğulanıb ki, 20-dək dövlət və özəl layihənin icrası üçün bank tərəfindən 1,2 milyard ABŞ dollarından çox vəsait ayrılıb.

İslam İnkişaf Bankı Qrupu İslam maliyyə institutları sırasında xüsusi çəkisi ilə seçilir, uzun illərdir ki, üzv dövlətlərin iqtisadi inkişafında mühüm rol oynayır. 1973-cü ildə yaradılan və hazırda 57 ölkəni birləşdirən bank İslam maliyyə prinsipləri əsasında fəaliyyət göstərən ən nüfuzlu beynəlxalq maliyyə-kredit institutlarından biri hesab olunur. Baş qərargahı Səudiyyə Ərəbistanının Ciddə şəhərində yerləşən qurumun əsas məqsədi üzv müsəlman ölkələrinin sosial rifahının yüksəldilməsi, iqtisadi inkişafının sürətləndirilməsi və dayanıqlı tərəqqinin təmin edilməsidir.

İslam İnkişaf Bankı (İİB) Qrupun fəaliyyət mexanizmi klassik kommersiya maliyyələşdirməsindən fərqlənir. Bank daha çox real iqtisadiyyata yönəlmiş layihələrin maliyyələşdirilməsi, infrastrukturun qurulması, investisiya təşəbbüslərinin dəstəklənməsi, güzəştli kreditlərin və qrantların ayrılması yolu ilə üzv dövlətlərə dəstək verir. Azərbaycan ilə qurum arasında əməkdaşlığın əsası 1992-ci ildə qoyulub. Müstəqilliyinin ilk illərində iqtisadi çətinliklərlə üzləşən Azərbaycan üçün beynəlxalq maliyyə institutları ilə əlaqələrin qurulması xüsusi əhəmiyyət daşıyırdı. Bu baxımdan İİB Qrupu ilə tərəfdaşlıq ölkənin iqtisadi inkişaf strategiyasının mühüm istiqamətlərindən birinə çevrildi. 2007-ci ildə İİB Qrupun Azərbaycanda yerli nümayəndəsinin təyin olunması isə əməkdaşlığın institusional səviyyədə daha da dərinləşdirilməsinə şərait yaratdı.

Ötən illər ərzində Azərbaycan ilə İİB Qrup arasında münasibətlər çoxşaxəli strateji tərəfdaşlıq formatında inkişaf edib. Əməkdaşlıq yalnız maliyyə dəstəyi ilə məhdudlaşmayaraq, infrastrukturun yenilənməsi, enerji təhlükəsizliyinin gücləndirilməsi, kənd təsərrüfatının inkişafı, su ehtiyatlarının idarə olunması və nəqliyyat sisteminin modernləşdirilməsi kimi istiqamətləri də əhatə edib. Bu müddət ərzində bank tərəfindən Azərbaycanın müxtəlif sektorları üzrə 84 əməliyyat çərçivəsində 1 milyard ABŞ dollarından artıq maliyyə vəsaiti ayrılıb. Ayrılan vəsaitlərin böyük hissəsi artıq uğurla icra olunmuş layihələrə yönəlib. Hazırda isə ümumi dəyəri 635,9 milyon ABŞ dolları olan 11 layihə icra mərhələsindədir. Bu fakt onu göstərir ki, İİB Qrup Azərbaycan iqtisadiyyatına uzunmüddətli və sistemli investisiya yatıran əsas beynəlxalq maliyyə tərəfdaşlarından biridir.

Bankın maliyyələşdirdiyi layihələr Azərbaycanın strateji infrastrukturunun formalaşmasında mühüm rol oynayıb. Bunlar sırasında Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunun tikintisi, Yevlax-Gəncə avtomobil yolunun yenidən qurulması, Mingəçevir Su Elektrik Stansiyasının modernləşdirilməsi, Vəlvələçay-Taxtakörpü kanalının tikintisi və “Cənub” İstilik Elektrik Stansiyasının inşası xüsusi əhəmiyyət daşıyır. Həmin layihələr iqtisadi səmərəliliklə yanaşı, ətraf mühitin qorunması, enerji dayanıqlılığı və regionların sosial inkişafı baxımından strateji əhəmiyyət daşıyır.

Son illərdə əməkdaşlığın əsas istiqamətlərindən biri də Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpasına yönəlmiş layihələrdir. Xüsusilə Qarabağ Suvarma Kanalı layihəsi İİB Qrupun Azərbaycan üçün təsdiq etdiyi ən iri təşəbbüslərdən biri hesab olunur. Ümumi dəyəri 436,67 milyon ABŞ dolları olan layihə azad edilmiş ərazilərdə kənd təsərrüfatının dirçəldilməsi, su təminatının yaxşılaşdırılması və ərzaq təhlükəsizliyinin gücləndirilməsi məqsədi daşıyır.

Bu layihə, eyni zamanda, Bankın post-münaqişə dövründə regionun sosial-iqtisadi reinteqrasiyasına verdiyi dəstəyin bariz nümunəsidir. Suvarma infrastrukturunun qurulması kənd təsərrüfatının inkişafı ilə yanaşı, yeni yaşayış məntəqələrinin formalaşmasına, məşğulluğun artmasına və əhalinin dayanıqlı məskunlaşmasına da ciddi təsir göstərəcək.

Bankın Azərbaycanın su təsərrüfatı layihələrinə marağı bununla yekunlaşmır. COP29 çərçivəsində imzalanmış sazişə əsasən Bank “Qız Qalası” su anbarından əsas suvarma kanalının tikintisi layihəsinə 96,73 milyon ABŞ dolları məbləğində maliyyə ayırıb. İqlim dəyişikliklərinin təsirlərinin gücləndiyi bir dövrdə belə layihələr su resurslarının daha səmərəli idarə olunmasına və aqrar sektorun dayanıqlığının artırılmasına xidmət edir.

Bütün bunların fonunda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının Bakıda keçirilməsi xüsusi siyasi və iqtisadi əhəmiyyət daşıyır. İyunun 16-19-da təşkil olunacaq tədbir Azərbaycanın beynəlxalq maliyyə və diplomatik platformalarda artan rolunun növbəti göstəricisidir. Bununla bağlı qərar İslam İnkişaf Bankı Qrupunun Müdirlər Şurası tərəfindən 2025-ci il mayın 22-də qəbul olunub və Azərbaycan hökuməti ilə Bank arasında müvafiq Anlaşma Memorandumu imzalanıb.

Belə mötəbər beynəlxalq tədbirin Bakıda keçirilməsi bir neçə aspektdən mühüm əhəmiyyət kəsb edir. İlk növbədə, bu, Azərbaycanın İslam dünyasında etibarlı tərəfdaş və regional iqtisadi mərkəz kimi mövqeyini daha da möhkəmləndirir. Eyni zamanda tədbir ölkənin investisiya imkanlarının, nəqliyyat-logistika potensialının və yaşıl enerji strategiyasının beynəlxalq investorlar qarşısında təqdimatı baxımından geniş imkanlar açır.

Ruslan ATAKİŞİYEV,
İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri, İslam Bankçılığı üzrə ekspert

İslam İnkişaf Bankı Azərbaycanla bir sıra sahələr üzrə uğurlu əməkdaşlıq həyata keçirib. Xüsusilə bankın maliyyə fəaliyyəti çərçivəsində Azərbaycanda fəaliyyət göstərən yerli banklar vasitəsilə kiçik və orta sahibkarlıq subyektlərinə maliyyə dəstəyi göstərilir. Bu məqsədlə, əsasən “mürabaha” maliyyə aləti vasitəsilə vəsait ayrılır. Ümumilikdə bu istiqamətdə 103 milyon ABŞ dolları həcmində maliyyə vəsaiti yönləndirilib.

Bununla yanaşı, bank Azərbaycanda suvarma sistemlərinin genişləndirilməsi, sosial və iqtisadi infrastruktur layihələrinin həyata keçirilməsi istiqamətində də mühüm maliyyə dəstəyi göstərir. Xüsusilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən bərpa və yenidənqurma layihələri bu əməkdaşlığın əsas istiqamətlərindən biridir. Bu günədək bank tərəfindən Azərbaycandakı müxtəlif infrastruktur layihələrinə 1 milyard ABŞ dollarından artıq vəsait ayrılıb. Eyni zamanda, gələcək dövrdə də İslam İnkişaf Bankı ilə əməkdaşlığın daha da genişləndirilməsi nəzərdə tutulur. Bu əməkdaşlıq çərçivəsində maliyyə inklüzivliyinin təmin olunması, insanların dini baxışlarından və fiziki imkanlarından asılı olmayaraq maliyyə xidmətlərinə çıxış imkanlarının artırılması prioritet istiqamətlərdən hesab edilir.

Bu baxımdan, İslam maliyyəsi alətlərinin tətbiqinin genişləndirilməsi ilə bağlı fəaliyyətin davam etdirilməsi planlaşdırılır. Son görüşlər və müzakirələr də göstərir ki, xüsusilə sosial və iqtisadi infrastrukturun bərpasına yönəlmiş layihələrin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında daha geniş şəkildə icrası nəzərdə tutulur.

Musa BAĞIRLI
XQ



İqtisadiyyat