1,5 milyondan çox minanın zərərsizləşdirilməsi isə uzun vaxt tələb edir
Torpaqlarımızın kütləvi şəkildə minalarla çirklənməsi hazırda burada aparılan bərpa və yenidənqurma işlərini ləngitməklə yanaşı, insanların həyat və sağlamlığına da ciddi təhdid yaradır. Üzləşdiyimiz mina probleminin nə qədər böyük və mürəkkəb, qarşımızdakı yolun isə hələ uzun olmasına baxmayaraq, ölkəmiz mümkün ən qısa müddətdə bunun öhdəsindən gəlmək üçün bütün gücünü səfərbər etmişdir. Beynəlxalq mütəxəssislərin hesablamalarına görə, Azərbaycana ərazilərin minalardan təmizlənməsini həll etmək üçün təxminən 30 il və 25 milyard dollar lazımdır.
Azərbaycan Prezidentinin köməkçisi –Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu günlərdə Qarabağ Universitetində diplomatik korpusun nümayəndələri ilə görüşündə bildirib ki, Qarabağda ən ciddi problemlərdən biri mina təhlükəsidir: “1,5 milyondan çox mina bu ərazilərə yerləşdirilib. Bu, Azərbaycan ərazisinin təxminən 12-13 faizini əhatə edir. Təəssüf ki, bəzi ərazilərə mina təhlükəsinə görə giriş mümkün deyil. Minatəmizləmə böyük maliyyə və insan resursları tələb edən həyatı əhəmiyyətli missiyadır. Minatəmizləyən mütəxəssislər isə böyük risk altında çalışırlar. 2020-ci ildən bəri mina partlayışları nəticəsində ölən və yaralananların sayı isə 400-ü keçib”.
Hər zaman əhalinin təhlükəsizliyinin təmin olunması üçün dövlət strukturları tərəfindən bütün zəruri tədbirlər görülür. Lakin hər bir vətəndaş bu məsələdə məsuliyyətli davranmalı, qaydalara ciddi əməl etməlidir. Aprelin 26-da işğaldan azad edilmiş Ağdərə rayonunun Sırxavənd kəndi ərazisində baş vermiş mina hadisəsi nəticəsində 1967-ci il təvəllüdlü Xocalı rayonu Yenibinə kənd sakini Əhmədov Vüqar Salah oğlu keçmiş təmas xəttində minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə mina partlayışı nəticəsində sol ayağından xəsarət alıb.
Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı yaydığı məlumatında bildirilir ki, azad olunan ərazilərdə aprel ayı ərzində 5 336 hektar ərazi təmizlənib.116 tank əleyhinə, 344 piyada əleyhinə mina, 3410 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
7788.8 hektar ərazi minalardan təmizlənib. Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində həyata keçirib.
Təhlükəsizlik üzrə ekspert Orxan Musayev XQ-yə mövzu ilə bağlı açıqlamasında bildirib ki, bu gün işğaldan azad edilmiş torpaqlarımızda aparılan genişmiqyaslı quruculuq işlərinin və böyük qayıdışın qarşısındakı ən təhlükəli maneə basdırılmış minalardır. Bu məsələyə sadəcə texniki bir problem kimi baxa bilmərik, çünki hədəf insanlardır. Bir təhlükəsizlik mütəxəssisi kimi müşahidə etdiyim ən acınacaqlı məqam odur ki, baş verən bədbəxt hadisələrin kökündə çox vaxt qaydalara qarşı bir anlıq laqeydlik və “mənə bir şey olmaz” arxayınlığı dayanır. İstər ərazidə xidməti vəzifəsini yerinə yetirən şəxslər, istərsə də mülki vətəndaşlarımız bəzən illərdir toxunulmamış kolluqların, şumlanmamış ərazilərin nə dərəcədə ölüm saçdığını unudub, müəyyən olunmuş yollardan kənara çıxırlar.
Ekspert daha sonra qeyd edib ki, təbiət hadisələri – yağışlar, sellər və torpaq sürüşmələri minaların yerini daim dəyişir. Dünən təhlükəsiz bildiyimiz cığır bu gün ölüm tələsinə çevrilə bilər. Tapılan şübhəli, maraqçəkən metal və ya plastik əşyalara əl vurmaq isə çox vaxt geri dönüşü olmayan faciə ilə nəticələnir. Təhlükəsizlik nişanlarına qeydsiz-şərtsiz əməl etmək, ərazidə olan hər bir kəsin yerinə yetirməli olduğu ilk və ən vacib vəzifədir. Bu nişanlar boş yerə qoyulmur, onlar həyatla ölüm arasındakı nazik xətti göstərir. İstər “Mina!” lövhəsi olsun, istərsə də ərazidəki hər hansı bir xəbərdarlıq işarəsi – onlara məhəl qoymamaq həm öz həyatını, həm də ətrafdakıların taleyini təhlükə altında qoyur.
Hər bir şəxs anlamalıdır ki, onun edəcəyi bir səhv təkcə özünü deyil, bütün cəmiyyəti və bərpa prosesini riskə atır. Alınan ağır xəsarətlər, itirilən ömürlər sadəcə quru rəqəmlər deyil, hər birinin arxasında gözüyaşlı qalan ana, ata və övladlar var. Əgər şübhəli bir əşya görsəniz, heç nəyə toxunmayın və yalnız öz ayaq izlərinizlə ehtiyatla geri qayıtmaqla aidiyyəti qurumlara xəbər verin. Mina elə bir gizli, gözəgörünməz düşməndir ki, o, yalnız bir dəfə səhv etməyə imkan verir. İkinci şansınız olmaya bilər. Bizim məsuliyyətimiz, ayıq-sayıqlığımız və qaydalara qətiyyətli sadiqliyimiz bu səssiz təhlükədən daha güclüdür. Gəlin, qurduğumuz yeni həyatı qoruyaq və təhlükəsizliyi hər bir mülahizədən ali tutaq.
İşğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupunun üzvləri ötən ay Ağdam rayonuna səfər ediblər. Səfər çərçivəsində ANAMA və İşçi qrupda təmsil olunan müvafiq dövlət qurumlarının nümayəndələri tərəfindən bir sıra əməliyyat sahələrinə baxış keçirilib. Nümayəndələr ANAMA tərəfindən Ağdam rayonunun Cəvahirli kəndində, Fövqəladə Hallar Nazirliyi tərəfindən Mərzili kəndində, həmçinin minatəmizləmə fəaliyyətinə cəlb olunmuş yerli şirkət tərəfindən Qızılkəngərli kəndi ərazisində icra edilən humanitar minatəmizləmə əməliyyatları ilə ətraflı tanış olublar.
Minatəmizləmə Agentliyi İdarə Heyətinin sədri, İşçi qrupun rəhbəri Vüqar Süleymanov “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində həyata keçirilən humanitar minatəmizləmə tədbirləri barədə məlumat verərək bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra Ağdam rayonunda 43,021 hektar ərazi olmaqla, ümumilikdə, 264,581 hektar ərazidə minatəmizləmə fəaliyyətinin aparıldığını, nəticədə, 248,583 ədəd mina və digər partlayıcı sursat aşkar edilib. Həmçinin müəyyən ərazilərin konservasiya edilərək çəpərlənməsi işlərinin gedişatına toxunan V.Süleymanov, Ağdam, Füzuli və Cəbrayıl rayonları istiqamətində çəpərləmə işlərinin yekunlaşdığını, Xocavənd və Ağdərə rayonları ərazisində isə fəaliyyətin davam etdiyini diqqətə çatdırıb.
Torpaqları minalarla çirklənməyə görə dünyada ilk beşlikdə yer alan Azərbaycanın əsas hədəfi gələcək nəsillər üçün təhlükəsiz həyat, biomüxtəlifliyin təmin olunmasıdır. Odur ki, ANAMA tərəfindən mütəmadi olaraq müharibədən zərər çəkmiş rayonlarda mina və partlayıcı qurğuların təhlükəsinə dair maarifləndirmə tədbirləri icra edilir. Əhalinin bu kimi risklərdən qorunması, partlayıcı sursatların törədə biləcəyi fəsadlardan müdafiə olunması, eləcə də təhlükəsiz mühitinin yaradılması məsələlərinə ANAMA xüsusi önəm verir. Bu məqsədlə kənd sakinləri, fərdi sahibkarlıq, kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olan sakinlər arasında daim təbliğat işləri aparılır.
Sözsüz ki, dövlətimiz tərəfindən mina təhlükəsi ilə bağlı görülən bütün tədbirlər vətəndaşlarımızın sağlamlığını qorumağa, insanların həyatının xilasına xidmət edir.
Müşfiq MİRZƏ
XQ


