Fransanın ikili siyasəti və Azərbaycanın suverenlik mövqeyi

post-img

Fransanın Avropa və xarici işlər naziri Jan Noel Baronun Fransa Senatında Azərbaycan əleyhinə səsləndirdiyi iddialar və buna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin verdiyi sərt reaksiya Cənubi Qafqaz ətrafında formalaşan yeni geosiyasi mübarizənin növbəti epizodu kimi qiymətləndirilə bilər.

Fransanın xarici işlər naziri tərəfindən “Dağlıq Qarabağ” ifadəsinin yenidən işlədilməsi, əslində, ciddi siyasi və diplomatik məzmun daşıyır. Heç bir beynəlxalq hüquqi sənəddə “Dağlıq Qarabağ” ayrıca siyasi subyekt və ya müstəqil status vahidi kimi tanınmayıb. Əksinə, beynəlxalq sistemin əsas aktorları uzun illər boyu Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi qəbul etdiklərini rəsmi şəkildə bildiriblər. 2020-ci ildən sonra yaranmış yeni geosiyasi reallıq isə bu məsələni faktiki və hüquqi baxımdan tam şəkildə yekunlaşdırıb.

Belə bir şəraitdə rəsmi Parisin köhnə terminologiyanı davam etdirməsi onun regiona münasibətdə hələ də postmünaqişə reallığını tam qəbul etmədiyini göstərir. Burada əsas məqam ondan ibarətdir ki, terminologiya üzərindən aparılan siyasət gələcək diplomatik diskursun çərçivəsini müəyyənləşdirir. Yəni “Dağlıq Qarabağ” ifadəsinin istifadəsi dolayısı ilə bölgənin status məsələsinin hələ də açıq olduğu görüntüsünü yaratmağa xidmət edir. Halbuki Azərbaycan mövqeyinə görə status məsələsi artıq tarixə çevrilib və regionda əsas müzakirə predmeti reinteqrasiya, təhlükəsizlik və kommunikasiyaların açılmasıdır.

Parisin ritorikasında müşahidə olunan selektiv yanaşma onun daha çox müəyyən siyasi xəttin tərəfdarı kimi çıxış etdiyini göstərir. Son illər Fransa Senatında qəbul olunan anti-Azərbaycan qətnamələri, Ermənistanla hərbi əməkdaşlığın genişləndirilməsi və Avropa platformalarında Bakıya qarşı siyasi təzyiq cəhdləri bu tendensiyanın davamı kimi qiymətləndirilir. Digər mühüm məqam isə informasiya-siyasi müstəvidə legitimlik uğrunda mübarizədir. Hər hansı bölgənin necə adlandırılması onun hüquqi və siyasi statusuna dair beynəlxalq təsəvvür formalaşdırır. Buna görə də Azərbaycan “Qarabağ iqtisadi rayonu”, “Azərbaycanın Qarabağ bölgəsi” kimi ifadələrin istifadəsini təşviq etməklə, yeni siyasi reallığın beynəlxalq diskursda möhkəmlənməsinə çalışır. Fransanın köhnə terminologiyaya qayıtması bu prosesə siyasi müqavimət elementi kimi görünür.

Burada daha dərin geosiyasi aspekt də mövcuddur. Fransa Cənubi Qafqazda öz təsir imkanlarını saxlamaq üçün Ermənistan faktorundan istifadə etməyə çalışır. Xüsusilə Avropa İttifaqı daxilində geosiyasi aktivliyini artırmaq istəyən Paris regionda özünü əsas siyasi aktorlardan biri kimi təqdim etməyə çalışır.

Azərbaycan Xarici İşlər Nazirliyinin reaksiyasında diqqətçəkən əsas məqamlardan biri Fransanın açıqlamalarının beynəlxalq hüquqa zidd və regionda yeni gərginlik yarada biləcək təhrikedici ritorika kimi təqdim olunmasıdır. XİN-in açıqlaması göstərir ki, Bakı artıq Qarabağ məsələsinə keçmiş münaqişə prizmasından deyil, dövlət suverenliyinin tam bərpası və hüquqi legitimliyin təmin olunması çərçivəsindən yanaşır.

Məhz bu kontekstdə açıqlamada istifadə olunan “haqq-ədalət müharibəsi” ifadəsi siyasi və ideoloji yük daşıyır. Azərbaycan bu termin vasitəsilə 2020-ci il Vətən müharibəsini beynəlxalq hüququn pozulmuş normalarının bərpası prosesi kimi təqdim edir. Əslində, Bakı son illər diplomatik diskursunu sistemli şəkildə dəyişir. Əvvəllər beynəlxalq platformalarda əsas vurğu “münaqişənin həlli” üzərində qurulurdusa, indi “postmünaqişə reallığı”, “regional reinteqrasiya”, “suverenliyin tam təmin olunması” və “ərazi bütövlüyünün bərpası” anlayışları ön plana çıxarılır. Fransanın ritorikasına sərt cavab verilməsi məhz bu narrativin müdafiəsi ilə bağlıdır. Bakı hesab edir ki, regionda status məsələsini yenidən gündəmə gətirməyə çalışan və ya köhnə siyasi terminologiyanı saxlayan yanaşmalar yeni geosiyasi reallığa uyğun deyil və sülh prosesinə mənfi təsir göstərir. Digər mühüm aspekt isə Azərbaycanın beynəlxalq hüquqa istinad etməklə öz mövqeyini legitimləşdirməsidir. XİN-in reaksiyası göstərir ki, Bakı öz fəaliyyətini BMT Nizamnaməsi, dövlətlərin ərazi bütövlüyü prinsipi və beynəlxalq hüququn fundamental normaları ilə əsaslandırmağa çalışır. Fransanın mədəni irs məsələsini yenidən gündəmə gətirməsinin arxasında isə daha geniş siyasi və geosiyasi məqsədlərin dayandığı müşahidə olunur. Son illər Paris Qarabağ məsələsində humanitar, dini və mədəni irs mövzularını ön plana çıxarmaqla regiondakı proseslərə normativ-humanitar çərçivədən təsir göstərməyə çalışır. Fransanın ritorikasında xüsusilə erməni dini-mədəni irsinin taleyi ilə bağlı vurğuların ön plana çəkilməsi diqqət çəkir. Paris bu mövzu üzərindən beynəlxalq ictimaiyyətdə müəyyən emosional və siyasi həssaslıq formalaşdırmağa çalışır. Xüsusilə Qərb siyasi dairələrində “mədəni irsin təhlükə altında olması” narrativi insan hüquqları və humanitar təhlükəsizlik kontekstində daha sürətli rezonans doğurduğundan, Fransa bu mövzudan aktiv diplomatik alət kimi istifadə edir. Lakin Azərbaycanın reaksiyası bu yanaşmanın selektiv xarakterini ön plana çıxarmağa hesablanıb. Rəsmi Bakı haqlı olaraq Ermənistanın işğalı dövründə Azərbaycan ərazilərində yüzlərlə məscidin, türbənin, qəbiristanlığın və tarixi-mədəni abidələrin dağıdıldığını xatırladır. Bu arqumentin əsas siyasi gücü ondadır ki, Azərbaycan Fransanın humanitar ritorikasındakı ikili standartları göstərməyə çalışır.

Azərbaycan uzun illər işğal altında olan ərazilərə beynəlxalq missiyaların göndərilməsini tələb etdiyini vurğulayaraq, əslində beynəlxalq təşkilatların passivliyini və bəzi hallarda siyasi təsirlər altında fəaliyyət göstərdiyini nümayiş etdirməyə çalışır. Fransa isə əksinə, postmüharibə dövründə mədəni irs məsələsini ön plana çıxarmaqla siyasi gündəliyi humanitar çərçivədə formalaşdırmağa çalışır. XİN-in açıqlamasında UNESCO məsələsinə xüsusi vurğu edilməsi Azərbaycanın son illərdə beynəlxalq təşkilatlarla bağlı formalaşdırdığı siyasi yanaşmanın mühüm elementlərindən biridir.

Azərbaycanın əsas arqumenti ondan ibarətdir ki, işğal dövründə Qarabağ və ətraf ərazilərdə mədəni və dini irsin dağıdılması ilə bağlı beynəlxalq missiyaların göndərilməsi təşəbbüsləri illərlə nəticəsiz qalıb. Bakı dəfələrlə UNESCO-nu həmin ərazilərə faktaraşdırıcı və qiymətləndirmə missiyası göndərməyə çağırsa da, bu təşəbbüslər müxtəlif siyasi maneələrlə qarşılaşıb. Azərbaycan tərəfi hesab edir ki, həmin dövrdə beynəlxalq təşkilatların passivliyi regionda baş verən mədəni vandalizm faktlarının lazımi səviyyədə beynəlxalq gündəmə çıxmasına mane olub. Azərbaycanın vurğuladığı digər mühüm məqam isə ikili standartlar problemidir. Rəsmi Bakı hesab edir ki, işğal dövründə dağıdılmış Azərbaycan mədəni irsi ilə bağlı beynəlxalq reaksiyanın zəif olması, lakin postmüharibə dövründə erməni irsi məsələsinin daha fəal şəkildə gündəmə gətirilməsi balanssız yanaşma təsiri yaradır. Baş verənlər daha geniş geosiyasi kontekstdə də qiymətləndirilməlidir. Fransa son illərdə Cənubi Qafqazda öz təsir imkanlarını artırmağa çalışır. Xüsusilə Ermənistanla hərbi-siyasi əməkdaşlığın genişləndirilməsi, İrəvana silah tədarükü və anti-Azərbaycan ritorikasının intensivləşməsi Parisin regionda balanslı vasitəçi statusundan uzaqlaşdığını göstərir. Bu isə Fransanın ATƏT-in Minsk qrupu dövründən qalan vasitəçilik legitimliyinə ciddi zərbə vurur.

Son olaraq qeyd edək ki, mövcud proseslər göstərir ki, postmünaqişə mərhələsində informasiya müharibəsi və diplomatik narrativlər ən az hərbi və siyasi faktorlar qədər əhəmiyyətlidir. XİN-in çevik reaksiyası da məhz bu yeni mərhələdə Azərbaycanın beynəlxalq informasiya məkanında mövqelərini müdafiə etmək strategiyasının tərkib hissəsi kimi qiymətləndirilə bilər.

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki,
siyasi elmlər üzrə fəlsəfə doktoru



Siyasət