ASB-nin İrəvan toplantısı

post-img

Zirvəyə çıxarmaq, yoxsa zirvədən yıxmaq?

Əlbəttə, “Avropa Siyasi Birliyi”nin Ermənistanda keçirilmiş VIII Zirvə toplantısı böyük hadisədir. Hər halda, yaşadığımız Cənubi Qafqaz coğrafiyasında belə bir miqyaslı tədbirin təşkili, “köhnə qitə” liderlərinin bir araya gəlib mühüm müzakirələr aparmaları adi məsələ sayıla bilməz. Heç şübhəsiz, 2028-ci ildə Bakıda düzənlənəcək X Zirvə toplantısı da əlamətdar səciyyə daşıyacaq. İndilik isə Ermənistandakı tədbirlə bağlı bəzi məqamların vurğulanmasına ehtiyac var. O məqamlar ki, özündə xeyirdən çox, zərər daşıyır.

Əvvəlcə onu bildirək ki, Ermənistan heç vaxt müstəqil siyasət aparmayıb. Uzun müddət ölkə Rusiyanın forpostu olub, 2018-ci ildə Baş nazir Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonra isə Qərbin peyki rolunda çıxış edib. Halbuki, belə olmamalı idi... Axı məhz forpostluq ampluası erməni dövlətinin inkişafına mane olub. Üstəlik, erməni amili tarixən böyük güclər üçün məkrli ssenarilərinin, Cənubi Qafqazda və bütövlükdə regionda nifaq və təfriqənin aləti olub. Nəticədə hay cəmiyyətində dövlətçilik şüur və təfəkkürü axsayıb. Ermənilər həmişə kimlərinsə onlar üçün nə isə edəcəkləri təsəvvürü ilə yaşayıblar ki, 44 günlük müharibədən sonrakı proseslər bu sayaq gözləntilər üçün, bir növ, ölüm hökmü çıxardı.

Erməni toplumu ancaq özünə güvənərək yaşamağı öyrənməlidir. Baş nazir Paşinyan son illər bu baxışın cəmiyyətə hakim kəsilməsi üçün bir sıra işlər görür. Onun mövcud istiqamətdə durmadan təbliğat apardığı diqqətdən yayınmır. Ancaq hesab edirik ki, “Avropa Siyasi Birliyi”nin İrəvan toplantısı region üçün hər nə qədər böyük miqyaslı hadisə olsa da, Paşinyanın vurğuladığımız təbliğatını heçə endirdi. Bu mənada, Fransa Prezidenti Emmanuel Makronun İrəvanda izdiham qarşısındakı nitqi vurğulanmalıdır. Makron, sanki, potensial elektorata deyil, balaca uşaqlara müraciət ünvanlayır, onlara çox primitiv tərzdə seçkidə Paşinyanı dəstəkləmələrinin zəruriliyini anladırdı. Fransa Prezidenti elə davranırdı ki, guya, ölkəsi və bütövlükdə Avropa erməniləri himayə altına alıb. O zaman sual olunur: Belə bir təqdimat nə üçündür? Yəni onun zərər trayektoriyasını görmək beləmi çətindir? Məgər Ermənistan və ermənilər dünyadan bu qədərmi təcrid durumdadırlar? Bəlkə Makron hayları fransız müstəmləkələrinin sakinləri ilə səhv salır? Suallar çoxdur, cavablar isə...

Əlrəqəz, Makronun və digər Avropa liderlərinin ortaya qoyduqları yaramaz və səmərəsiz ritorika sayəsində “Avropa Siyasi Birliyi”nin İrəvan toplantısı Qərbin Ermənistan üçün müdafiə çətiri görüntüsü yaratmaqdan başqa bir şey olmadı. Yəni tədbirin faydaları bu görüntünün altında əzilib qaldı. Ən əsası isə elə rəy formalaşdı ki, Qərb dairələri ölkəni yalnız geniş anti-Rusiya cəbhəsinin Cənubi Qafqaz səngəri kimi görür, onu Moskvaya, obrazlı desək, yem kimi bəsləyirlər. Eynilə Ukrayna kimi.

Axı Rusiya-Ukrayna müharibəsi birincinin ikincinin ərazi bütövlüyünə və suverenliyinə qəsbi reallığını daşısa da, bu savaş yekun nəticə etibarilə Qərbin Kiyevi və Moskvanı eyni dərəcədə sürüklədiyi girdabdır. Hər halda, tərəflərin danışıb mübahisəli məsələləri öz aralarında həll etmələri üçün imkanlar olub və hələ də var. Ancaq Rusiya-Ukrayna müharibəsi 2022-ci ildən başlayaraq, hər gün yüzlərlə can almaqda, faciələrə, məhrumiyyət və acılara, misli görünməmiş dağıntılara yol açmaqdadır. İki qardaş xalq bir-birinin qanını içir və bu durum həm də Ermənistana toplaşmış Avropa liderlərinin vicdanına yazılmalıdır.

Bəli, Qərb “Avropa Siyasi Birliyi”nin İrəvan zirvəsindən Rusiyada qıcıq yaratmaq üçün geninə-boluna istifadə etdi. Toplantı çərçivəsində institutsional məsələlərdən çox, Ermənistanın demokratik dövlət obrazının təbliğatı aparıldı. Bu dövlətin “avtoritar Rusiyaya qarşı mübarizə potensialı” ortaya qoyuldu. Halbuki, qıcıq qondarmağa əsla ehtiyac yox idi. Bu yerdə, istər-istəməz, Gürcüstan parlamentinin sədri Şalve Papuaşvilinin bu yaxınlarda açıqladığı fikirlər yada düşür. Cənab Papuaşvili Qərbin ölkəsini Kremlə qarşı qaldırmaq niyyətlərindən söz açmış və bildirmişdi ki, bunun qarşılığında ölkəyə heç bir real dəstək, onun itirəcəklərinin təzminatına yönələn hansısa konkret vəd verilmir, sadəcə, Gürcüstan Rusiya ilə tam perspektivsiz münaqişəyə çəkilirdi. İndi Ermənistana verilən vədlər də söz yığınından başqa bir şey deyil. Bu mənada, kifayət qədər geniş məzmuna malik Ermənistan–Aİ Birgə Bəyannaməsi gerçək faydaları mücərrəd qalan kağız parçasıdır. Bu sənəd, el dilində deyildiyi kimi, susuz quyuya su tökməklə onu doldurmaq cəhdi və ya balıq tutmağı öyrətmək yox, hazır balıq vədidir.

Ermənistana və erməni toplumuna hazır balıq yox, balıq tutmağı öyrənmək lazımdır. Bunun yolu region ölkələri, xüsusən, Azərbaycan və Türkiyə ilə səmimiyyətdən, əməkdaşlıqdan, ən başlıcası, möhkəm və dayanıqlı sülhdən keçir. Sülh üçün isə sərsəm siyasi klişelərdən, yəni Qarabağ avantürasından, bütövlükdə münaqişə məntiqindən uzaq durmaq şərtdir. Hazırda Paşinyan iqtidarı bu yolu tutsa da, xaricdən Ermənistan üçün tamamilə başqa gündəmin formalaşdırılması cəhdlərini görürük. Söhbət Fransanın buyruq quluna çevrilmiş Avropa Parlamentinin Qarabağ ermənilərinin bölgəyə təhlükəsiz qayıdışı ritorikasından gedir. O ritorika ki, zamanında rəsmi İrəvan tərəfindən də irəli sürülmüşdü və məqsədi Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini şübhələndirmək idi.

Aydındır ki, təhlükəsiz və ləyaqətli qayıdış deyimlərinin arxasında Qarabağı Azərbaycanın tərkibində olsa da, əlahiddə statusda rəsmiləşdirmək, durumu beynəlxalq ictimai rəyə “yedirtmək” istəyi dayanırdı və yenə də dayanmaqdadır. Bu istək isə Qarabağ avantürası üçün gələcək formalaşdırmaq, ölkəmizin daxilinə saat mexanizmli bomba yerləşdirmək məqsədinin ifadəsidir. Başqa cür düşünmək üçün əsas yoxdur.

Ona görə başqa cür düşünmək mümkünsüzdür ki, Azərbaycan dövləti həm 2023-cü ilin sentyabrına qədər, həm də ondan sonra Qarabağ ermənilərinin Azərbaycanda qalmaları, onların təhlükəsiz şəkildə ömür sürmələri üçün hər cür şərait yaradılacağını bəyan etmişdi. Lakin Ermənistan hakimiyyəti, habelə onun xaricdəki havadarları məsələnin belə qoyuluşu ilə razılaşmadılar və Qarabağdan erməni köçünə start verildi. Elə isə sual yaranır: əgər ermənilər bölgədə qalmaq istəyirdilərsə, nə üçün yaşadıqları yerləri tərk etdilər? Yaxud Qarabağdakı ermənilərin bölgədə qalmaları arzulanırdısa, nəyə görə tez bir zamanda ərazidən çıxarıldılar? Sözümüz ondadır ki, Fransa və Qərb dünyasını böyük ölçüdə nə Ermənistan, nə Qarabağ ermənilərinin qayıdışı, nə də real təhlükəsizlik məsələləri maraqlandırır. Əsas istək Ermənistanın köməyi ilə Cənubi Qafqazda Rusiyanın mövqelərini zəiflətmək və regionda möhkəmlənməkdir. Ən qəribəsi isə budur ki, Qərbdə bu məqsədə çatmaq üçün keçmişin üfunət qoxuyan klişelərinə baş vurulur. Yəni canını tapşırmış “Qarabağ kartı”nın yenidən işə salınmasına cəhdlər göstərilir. Elə zənn edilir ki, ermənilər üçün həssas məsələ sayılan Qarabağ mövzusu onların hazırkı anti-Rusiya dirənişində də mühüm halqaya, mənəvi istinadgaha çevriləcək. Təxminən belə: Qarabağın ermənilərə məxsus olmasını istəməyən Rusiyadır, Ermənistanı müharibə meydanında tək qoyan Moskvadır. Makron İrəvanda 2020-ci ilin 44 günlük müharibəsini məhz buna görə yada saldı. Nəinki yada saldı, hətta ağ yalan danışaraq bildirdi ki, guya, savaş zamanı Ermənistanı və erməni xalqını dəstəkləyən yalnız Fransa olub.

Sonda ümumiləşdirmə aparaq və onu da bildirək ki, “Avropa Siyasi Birliyi”nin İrəvanda keçirilmiş VIII Zirvə toplantısı fonundakı diqqətçəkən məqam Qərbin Ermənistanı qarşıdurma məkanı kimi təsəvvürə gətirməsidir. Açıq şəkildə Ermənistan-Rusiya ziddiyyətlərinə siyasi sərmayə yatırıldığı hiss olunmaqdadır. Halbuki, birinciyə ikinci ilə xoş münasibətlərin saxlanılması vacibdir. Ermənistanın Rusiya ilə həm xoş, həm də bərabərtərəfli əlaqələrinin qorunması üçün isə Moskvanın əminliyi şərtdir. Yəni Şimalda əmin olmalıdırlar ki, Cənubi Qafqaz Rusiyanın sivil şəkildə, klassik jandarm funksiyasından kənar təmsil olunacağı əməkdaşlıq məkanıdır və mövcud platformada hansısa qütbün, o cümlədən Kremlin özünün də dominantlığına imkan verilməyəcək. Bunun yolu Ermənistanın siyasi oyun qaydalarına ciddi şəkildə riayət etməsindən, xariclə məsafəli, yəni balanslı münasibət saxlamasından keçir.

Ə.CAHANGİROĞLU
XQ

Siyasət