Hərbi xidmətdə də xüsusi süni intellekt bölmələri yaradılır
Son illərdə dünyada geniş tətbiq olunan rəqəmsallaşma ilə bağlı prosesə Azərbaycan da uğurla inteqrasiya etməkdədir. Bu istiqamətdə artıq böyük işlər görülür.
Rəqəmsallaşma həyatımızın, demək olar ki, bütün sahələrinə daxil olmaqdadır. Bu sahənin daha geniş tətbiqi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyev də keçən il xüsusi sərəncam imzalamışdır. “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında” sərəncamda bildirilir ki, bu qərar ölkə iqtisadiyyatında müasir texnologiyaların tətbiqinin və yerli istehsal potensialının genişləndirilməsi, habelə dövlət idarəetməsinin və infrastrukturun yüksək səviyyədə rəqəmsallaşdırılması əsasında dayanıqlı, rəqabətqabiliyyətli inkişafın təmin edilməsi məqsədilə qəbul edilib.
Günümüzdə rəqəmsal bacarıqlara yiyələnmək cəmiyyətin bütün üzvləri üçün vacib əhəmiyyət daşıyır. Hazırda bütün dünyada müxtəlif fəaliyyət sahələrində rəqəmsallaşmaya doğru tendensiya mövcuddur. Ona görə də bu günün insanları yeni rəqəmsal dövrün tələblərinə hazır olmalıdırlar. Bununla belə, sözügedən texnologiyaların genişləndirilməsini dəstəkləmək və insanların əmək bazarının tələblərini ödəmək üçün rəqəmsal bacarıqlara sahib olmasını təmin etmək məqsədilə texniki, hüquqi və təşkilati bazalara ehtiyac duyulur.
Bu məsələyə əslində bütün Avropa məkanında yüksək diqqət göstərilir. Təşkilat Azərbaycanın da daxil olduğu altı Şərq Tərəfdaşlığı ölkəsində rəqəmsal bacarıqlara dair strategiyaların icrasını dəstəkləyir. Xüsusi proqram vasitəsilə Şərq Tərəfdaşlığı ölkələrində rəqəmsal bacarıqlara yiyələnən kadrların sayının artması dəstəklənir və gələcəkdə rəqəmsallaşma səviyyəsinin uyğunlaşdırılması və sərhədlərin hiss olunmadığı əlaqələrin qurulması ilə Aİ-nin Vahid Rəqəmsal Bazarının faydalarını Şərq Tərəfdaşlığı ölkələrinə qədər genişləndirmək nəzərdə tutulur.
Bütün bunlarla bərabər, bu gün rəqəmsallaşma Avropanın özündə də hələ lazımi səviyyədə tətbiqini tapmayıb. Elə Azərbaycanda da oxşar mənzərə müşahidə olunur. Statistik təhlillərə əsasən, bizim ölkə əhalisinin təqribən 53 faizini rəqəmsal savadlı hesab etmək olar. Bu rəqəmlər inkişaf etmiş ölkələrin göstəricilərinə yaxındır. Bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində də təsdiq edirlər. Bununla belə, ölkəmizdə əhalinin yerdə qalan nəzərəçarpan hissəsi müasir texnologiyalardan faydalanmaq baxımından lazımi bacarıqlara malik deyil.
Artıq Azərbaycanda sözügedən istiqamətdə lazımi tədbirlər görülür. Ölkəmizdə hər il müxtəlif əhali kateqoriyaları üçün rəqəmsal bacarıqların inkişafı istiqamətində layihə və proqramlar həyata keçirilir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında İKT Tətbiqi və Tədrisi Mərkəzi (İKT LAB) həm Bakıda, həm də regionlarda olan mərkəzlərində mütəmadi əsaslarla əhali üçün layihələr həyata keçirir və təlimlər təşkil edir. Buna misal olaraq, “Gənclər üçün Elektron Hökumət”, “Hamı üçün İKT” və “Rəqəmli Qızlar – Milli Təlim Proqramı” adlı layihələri qeyd etmək olar. Keçirilən təlimlərdə iki mindən çox, seminarlarda isə beş mindən çox insan iştirak edib. Son illər peşəkar İKT mütəxəssislərinin hazırlandığını və yeni rəqəmsal peşələrin ölkəmizdə tanındığını müşahidə edirik. Ölkəmizin aparıcı universitetlərində də İKT yönümlü ixtisas proqramları yaradılıb.
Yaxın gələcəkdə, hesab olunur ki, tamamilə rəqəmsallaşmış bir dünyada yaşayacağıq. Artıq dünya ölkələri arasında vahid biznes əlaqələrinin, elektron ticarət və kommersiyanın, rəqəmsal maliyyə strukturlarının, nəqliyyat dəhlizinin, məlumatlar bazasının və şəbəkələrin qurulmasını planlaşdırır. Bu, o deməkdir ki, rəqəmsal texnologiyalar həyatımızdakı bütün sahələri – təhsil, səhiyyə, maliyyə, biznes münasibətləri və ticarət sektorunu əhatə edəcək. Bu texnologiyalara yiyələnmək artıq seçimdən çox tələbə çevrilib.
Bu baxımdan, hesab edirik ki, Azərbaycan Prezidentinin yuxarıda qeyd etdiyimiz sərəncamı ölkəmizdə rəqəmsal bacarıqların artırılmasında mühüm rol oynayır. Artıq Müdafiə Nazirliyi də bu istiqamətdə ciddi addımlar atmaqdadır. Bu yaxınlarda nazirlikdən məlumat verilib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu sahəsində aparılan islahatlar çərçivəsində Azərbaycan Ordusunda intellektual qabiliyyətli bölmələr yaradılıb. Məlumata görə, bu bölmələr artıq rəqəmsal biliklərə malik gənclərin cəlb olunması ilə formalaşdırılıb və Milli Müdafiə Universitetinin tərkibində fəaliyyətdədir.
Təhsildə fərqlənən istedadlı gənclərin bilik və bacarıqlarından daha səmərəli faydalanmaq, eyni zamanda, onların karyera inkişafına töhfə vermək məqsədilə Müdafiə Nazirliyində hərbi xidmətkeçmə ilə bağlı yeni konsepsiya tətbiq edilir. Yeni təlim-təcrübə konsepsiyasına əsasən, hərbi xidmətdə olan yüksək intellektə malik istedadlı çağırışçılar gənc əsgərlərin hazırlığı proqramını başa çatdırdıqdan sonra öz ixtisaslarına uyğun müxtəlif layihələrə və fəaliyyətlərə cəlb olunmaları məqsədilə hərbi xidmətlərini Milli Müdafiə Universitetinin tərkibində yaradılmış bölmələrdə xüsusi şəraitdə davam etdirəcəklər.
Yeni yaradılan İntellektual qabiliyyətli bölmələrdə Dövlət İmtahan Mərkəzinin ali təhsil müəssisələrinə qəbul imtahanından 600 və yuxarı bal toplamış, Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli, 229 nömrəli Qərarı ilə təsdiq edilmiş “Beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların siyahısı və onların qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu Qaydası”nın şərtlərinə uyğun olan qaliblər, eləcə də cari təqvim ilindən əvvəlki təqvim ilinin nəticələrinə görə, beynəlxalq reytinqi 500-cü yerdən aşağı olmayan sırada yer alan xarici ali təhsil müəssisələrinin bakalavriat və ya magistratura proqramlarının məzunları olan çağırışçılar xidmət edəcəklər.
Göstərilən kateqoriya üzrə müddətli həqiqi hərbi xidmətə çağırılmış gənclərdən informasiya texnologiyaları sahəsində müvafiq ixtisasa sahib olanlar orduda rəqəmsal bacarıqların inkişafına və yeni imkanların yaradılmasına əhəmiyyətli töhfə verəcəklər. Müasir texnologiyaları və yanaşmaları tətbiq edə biləcək mühüm bacarıqlara malik insan kapitalının formalaşdırılmasının ölkəmiz üçün əhəmiyyəti nəzərə alınaraq, xüsusi istedadlı gənclərin həqiqi hərbi xidmət müddətində öz peşə sahələri üzrə faydalı iş təcrübəsi qazanmaları təmin ediləcəkdir.
Göründüyü kimi, Azərbaycanda həyat sürətlə rəqəmsallaşır. İnanırıq ki, istedadlı və intellektual qabiliyyətli gənclərimiz başqa sahələrdə olduğu kimi, Silahlı Qüvvələrimizin sıralarında da mühüm texnoloji nailiyyətlərə imza atacaqlar.
Paşa ƏMİRCANOV
XQ

