Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) beynəlxalq akademik mühitdə mövqeyini daha da gücləndirməyə davam edir.
XQ xəbər verir ki, universitetin rektoru, memarlıq doktoru, professor Gülçöhrə Məmmədovanın daxil olduğu Azərbaycan nümayəndə heyəti İtaliyanın Milan şəhərində keçirilən Avropa Universitetləri Sammitində iştirak edib.
“Times Higher Education” reytinq agentliyinin təşkilatçılığı ilə baş tutan nüfuzlu sammitdə AzMİU Azərbaycanın ali təhsil potensialını uğurla təmsil edərək ölkəmizin akademik imkanlarını beynəlxalq auditoriyaya təqdim edib.
Sammit çərçivəsində Azərbaycan universitetləri vahid ölkə pavilyonunda xüsusi stendlərlə çıxış ediblər. AzMİU-nun stendində universitetin müasir təhsil imkanları, elmi-tədqiqat fəaliyyəti, beynəlxalq əməkdaşlıq əlaqələri və innovativ layihələri barədə geniş məlumat verilib. Xarici universitetlərin nümayəndələri və akademik dairələr tərəfindən AzMİU-nun xüsusilə mühəndislik, memarlıq və dizayn sahələrindəki inkişaf potensialına böyük maraq göstərilib.
Sammitin ilk günü İtaliyanın Humanitas Universitetində baş tutan rəsmi açılış mərasimi ilə start götürüb. Açılış çərçivəsində nümayəndə heyətləri universitetin müasir infrastrukturu ilə tanış olub, innovativ tədris mühiti, simulyasiya texnologiyalarına əsaslanan təhsil modelləri və praktik yönümlü yanaşmalar barədə ətraflı məlumat əldə ediblər. Bu tanışlıq AzMİU üçün qabaqcıl beynəlxalq təcrübələrin öyrənilməsi və tətbiqi baxımından mühüm əhəmiyyət daşıyır.
Səfər çərçivəsində AzMİU rektoru professor Gülçöhrə Məmmədova İtaliyanın nüfuzlu ali təhsil müəssisələrindən biri olan Milan Politexnik Universitetinin rektoru Donatella Şuto ilə görüş keçirib. Görüş zamanı memarlıq və mühəndislik sahələrində birgə proqramların hazırlanması, elmi əməkdaşlığın genişləndirilməsi, tələbə və müəllim mübadiləsi istiqamətində perspektivlər müzakirə olunub.
Sammit AzMİU üçün konkret nəticələrlə yadda qalıb. Belə ki, sammitin ikinci günü AzMİU ilə Ukraynanın Regionlararası Kadr İdarəetmə Akademiyası, Özbəkistanın Nizami adına Milli Pedaqoji Universiteti, İordaniyanın Əl-Əhliyyə Əmman Universiteti və Türkiyənin Samsun Universiteti arasında əməkdaşlığa dair memorandumlar imzalanıb. Bu sənədlər akademik mübadilə proqramlarının genişləndirilməsi, birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi, tələbə və müəllimlər üçün yeni beynəlxalq imkanların yaradılmasını nəzərdə tutur.
Qeyd edək ki, AzMİU-nun Avropa Universitetləri Sammitində iştirakı universitetin qlobal akademik məkana inteqrasiyası, beynəlxalq tərəfdaşlıq şəbəkəsinin genişləndirilməsi və dünya reytinqlərində mövqeyinin möhkəmləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır. Bu cür platformalarda fəal iştirak AzMİU-nun regionda və beynəlxalq səviyyədə innovativ, açıq və rəqabətqabiliyyətli ali təhsil müəssisəsi kimi rolunu daha da gücləndirir.








