Süni intellekt həkim deyil

post-img

Gərək “zorən təbib”də olmasın...

Süni intellekt texnologiyalarının sürətli inkişafı bir çox sahədə olduğu kimi, tibb dünyasında da köklü dəyişikliklərə səbəb olur. Müasir klinika və laboratoriyalarda diaqnostika prosesi artıq yalnız insan amilinə deyil, həm də mürəkkəb alqoritmlərin analiz qabiliyyətinə əsaslanır.

Rentgen, MRT və KT görüntülərinin oxunmasında, eləcə də qan analizlərindəki mikroskopik detalların müəyyən edilməsində süni intellekt (Sİ) insan gözünün qaçıra biləcəyi xırda detalları saniyələr ərzində aşkar edir. Bu texnologiya diaqnozların qoyulmasını əhəmiyyətli dərəcədə tezləşdirir və mürəkkəb analizlərin sürətli emalında həkimlərə böyük dəstək verir. Bu isə xüsusilə onkoloji xəstəliklərin erkən diaqnostikasında və genetik pozuntuların öncədən müəyyənləşdirilməsində mühüm əhəmiyyət kəsb edir. Lakin bu tərəqqi maraqlı suallar doğurur: rəqəmsal zəka yaxın gələcəkdə həkimi tamamilə əvəz edə bilərmi, yoxsa o, həmişə yardımçı alət kimi qalacaq? Ümumiyyətlə, onun təqdim etdiyi nəticələrə tam güvənmək olarmı?

Müasir tibbi laboratoriyalarda Sİ sistemləri milyonlarla xəstəlik tarixçəsini və analiz nəticəsini eyni anda müqayisə etmək imkanına malikdir. Məsələn, laboratoriya cihazlarına inteqrasiya olunmuş proqram təminatı analiz nəticələrindəki kənarlaşmaları dərhal qeyd edir və potensial risklər barədə həkimə xəbərdarlıq göndərir. Bu, diaqnozun qoyulma sürətini artırmaqla yanaşı, tibbi personalın iş yükünü azaldır və səhv ehtimalını minimuma endirir. Bununla belə, texnologiyanın etibarlılıq dərəcəsi hələ də müzakirə mövzusudur. Alqoritmlər yalnız onlara öyrədilən məlumatlar çərçivəsində qərar verir, hər bir xəstənin fərdi orqanizm xüsusiyyətlərini və həyat tərzini tam nəzərə almaqda çətinlik çəkir. Üstəlik, alqoritmlərin qərarvermə mexanizmindəki qeyri-müəyyənlik məsələsi ciddi bir maneə kimi qarşıya çıxır. Belə ki, Sİ müəyyən bir diaqnozu qoyarkən bunu hansı məntiqlə etdiyinin həmişə izahını verə bilmir. "Qara qutu” problemi tibbi qərarların əsaslandırılması baxımından böyük risklər yaradır.

Texnoloji mükəmməllik axtarışı eyni zamanda etik və hüquqi dilemmaları da bərabərində gətirir. Əgər süni intellekt səhv diaqnoz qoyarsa, məsuliyyəti kim daşıyacaq – proqramı hazırlayan mühəndis, yoxsa həmin proqramın nəticəsinə güvənən həkim? Bu sual gələcək tibbi hüququn ən böyük mübahisə mövzusudur. Bəzi ekspertlər hesab edirlər ki, Sİ yaxın gələcəkdə həkimi əvəz etmək üçün deyil, onun ən yaxın köməkçisi olmaq üçün təkmilləşdirilir. Onların fikrincə, tibb elmi təkcə rəqəmlərdən və görüntülərdən ibarət deyil, bura həm də xəstə ilə qurulan emosional bağ və klinik təcrübə də daxildir. Digər tərəfdən, texnoloji tərəqqinin tərəfdarı olan mütəxəssislər vurğulayırlar ki, Sİ-nin xəta payı insan faktorundan daha aşağıdır və gələcəkdə bir çox standart diaqnostik prosedurlar tamamilə avtomatlaşdırılacaq. Bu sahədəki ən son yeniliklər göstərir ki, Sİ və həkim əməkdaşlığı müalicənin effektivliyini 30-40 faiz artırır, bu isə o deməkdir ki, gələcəyin tibbi nə texnologiyadan, nə də insan faktorundan imtina edə bilər.

Süni intellektin tibbə inteqrasiyası yalnız texniki tərəqqi deyil, həm də fərdi məlumatların təhlükəsizliyi ilə bağlı yeni bir mərhələnin başlanğıcıdır. Mütəxəssislər hesab edirlər ki, milyonlarla insanın gündəlik paylaşdığı məlumatlar əsasında unikal rəqəmsal profillərin yaradılması, xüsusilə səhiyyə sektorunda konfidensiallıq risklərini artırır. Hətta şəxsin adı və soyadı gizli saxlanılsa belə, xəstəlik tarixcəsinin özünəməxsusluğu fərdin kimliyini aşkar etməyə imkan verir ki, bu da datanın qorunması məsələsini strateji prioritetə çevirir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi İctimai Şurasının üzvü, İT üzrə mütəxəssis Fərid Kazımov da təsdiq etdi ki, tibb sahəsində süni intellektin tətbiqi çətinliklərlə müşayiət olunur:

– Ən böyük çətinliklərdən biri "qara qutu" problemidir. Mövcud sistemlər hər hansı bir diaqnoz və ya analiz göstəricisi təqdim etsə də, həmin qənaətə hansı məntiqlə gəlinməsi həm həkimlər, həm də pasiyentlər üçün qeyri-müəyyən qalır. Lakin hazırda bu problemin həlli üçün "Explainable AI" (İzah edilə bilən süni intellekt) texnologiyası sürətlə inkişaf edir.

Bu yeni sistem süni intellektin yalnız nəticə verməsini deyil, həm də həmin nəticəni hansı faktorlara əsaslanaraq çıxardığını şəffaf şəkildə izahını təmin edir. Yaxın illərdə bu texnologiyanın təkmilləşməsi ilə tibbdə süni intellekt daha etibarlı bir alətə çevriləcək və verdiyi qərarların elmi əsaslarını aydın şəkildə təqdim edə biləcək.

Mütəxəssis süni intellektin xətalarına görə məsuliyyət məsələsinə də toxunaraq bildirdi ki, bu sahədə hüquqi tənzimləmə artıq müəyyən dərəcədə reqlamentləşdirilib:

– Süni intellekt köməkçi vasitə olduğu üçün yanlış diaqnoz zamanı əsas cavabdehlik həkimin, klinikanın və müvafiq səhiyyə qurumlarının üzərinə düşür. Hətta sistem səhv məlumat versə belə, həkim həmin göstəricini təsdiqləyirsə, məsuliyyəti məhz o daşıyır. Xəta proqram təminatındakı texniki qüsurlardan qaynaqlanarsa, məsuliyyət həm də texnologiyanı yaradan şirkətin və proqramçıların üzərinə düşür. Avropadakı sərt reqlamentləşmə və ciddi sertifikatlaşdırma təcrübəsi göstərir ki, bu cür sistemli addımların tətbiqi gələcəkdə süni intellekt tərəfindən qoyulan yanlış diaqnoz hallarının qarşısını əhəmiyyətli dərəcədə ala bilər. Tibbi proqram təminatlarına nəzarətin gücləndirilməsi və onların ciddi sınaqlardan keçirilməsi texnologiyanın həm həkimlər, həm də pasiyentlər üçün daha təhlükəsiz və etibarlı alətə çevrilməsinə xidmət edir.

Müsahibimiz qeyd etdi ki, süni intellekt texnologiyalarından istifadə zamanı fərdi məlumatların qorunması amili günümüzün diqqətçəkən problemlərindəndir. Bu məsələ yalnız səhiyyə sahəsini deyil, bütün rəqəmsal ekosistemi əhatə edir:

– Milyonlarla insanın gündəlik paylaşdığı məlumatlar əsasında süni intellekt hər bir istifadəçinin unikal profilini yarada bilir. Xüsusilə tibb sahəsində hətta ad və soyad qeyd olunmasa belə, xəstəlik tarixcəsinin özünəməxsusluğu fərdin rəqəmsal kimliyini müəyyən etməyə imkan verir ki, bu məlumatların üçüncü tərəflərin əlinə keçməsi ciddi risklər yaradır. Bu təhdidlərin qarşısını almaq üçün hazırda bir neçə mühüm texnoloji yanaşma tətbiq olunur.

Bunlardan birincisi süni intellekt alqoritmlərinin proqram təminatında lokal istifadə edilməsidir. Məsələn, hər hansı bir klinikanın daxili serverlərində yerləşdirilən alqoritm pasiyent məlumatlarını mərkəzləşmiş qlobal bazalara ötürmədən yalnız həmin müəssisə daxilində təhlil edir ki, bu da informasiya sızması ehtimalını minimuma endirir. Hazırda dünyada proqram təminatının qlobal "bulud" sistemlərindən yenidən lokal serverlərə qayıdışı tendensiyası müşahidə olunur.

Digər bir perspektivli istiqamət isə pasiyentin xəstəlik profilindəki unikal detalların süni şəkildə "kölgələnməsi" və ya identifikasiya göstəricilərinin qəsdən dumanlandırılmasıdır. Bu zaman xəstəliyin mahiyyəti diaqnoz üçün əlçatan qalsa da, həmin məlumatların konkret şəxslə əlaqələndirilməsi qeyri-mümkün olur.

Lakin ən təsirli həll yolu məlumatların həm klinika, həm də ölkə səviyyəsində lokallaşdırılması hesab olunur. Nəzərə alsaq ki, güclü süni intellekt platformalarının yaradılması milyardlarla dollar investisiya tələb edir, büdcəsi az olan ölkələrin qlobal nəhənglərin alqoritmlərindən istifadə etməsi labüddür. Bu halda ən uğurlu model qlobal alqoritmləri yerli məlumat mərkəzlərinə inteqrasiya etməkdir. Yəni tibbi datanın ölkə sərhədlərindən kənara çıxmadan vahid mərkəzlərdə saxlanılması və emal olunması həm müasir texnologiyalardan geri qalmamağa, həm də vətəndaşların konfidensiallığını tam qorumağa imkan verəcək.

Süni intellektin gələcəkdə həkimləri tamamilə əvəz edib-etməyəcəyi sualına da münasibət bildirən mütəxəssis söylədi ki, bu texnologiyanın insan amilini tamamilə sıradan çıxarması mümkün deyil:

– Həkim və pasiyent arasındakı bağ, sadəcə, müayinədən ibarət deyil, bu münasibətin mərkəzində sağalma prosesində böyük rol oynayan qarşılıqlı inam və canlı ünsiyyət dayanır. Süni intellekt isə bu prosesdə həkimi əvəzləyən deyil, onun fəaliyyətini tamamlayan ən etibarlı köməkçi rolunu oynayacaqdır.

Müasir dünyada tibbi məlumatların və elmi yeniliklərin sürətlə artması səbəbindən bir mütəxəssisin bütün elmi məqalələri və yeni müalicə metodlarını izləməsi qeyri-mümkündür. Bu nöqteyi-nəzərdən saniyələr ərzində milyonlarla datanı təhlil edə bilən süni intellekt həkimi informasiya yükündən azad edən mühüm bir alətə çevrilir. Ona börə də mütəxəssislər süni intellektlə işləməyi öyrənməlidirlər.

Gələcəyin həkimi təkcə dərin tibbi bilikləri ilə deyil, həm də texnologiyadan, süni intellektin imkanlarından düzgün istifadə bacarığı ilə seçiləcəkdır. Süni intellekti rəqib deyil, işin keyfiyyətini və dəqiqliyini artıran bir vasitə kimi qəbul etmək səhiyyə sistemində yeni, daha səmərəli bir dövrün qapılarını açacaqdır.

Azərbaycan Həkimləri İctimai Birliyinin sədr müavini, radioloq Aydın Əliyev də hesab edir ki, süni intellektin radioloji görüntülərin təhlilindəki uğurları nə qədər maraq doğursa da, bu texnologiya hələ peşəkar həkim səviyyəsində deyil:

– Süni intellekt radioloji görüntülərin təhlilində hələ peşəkar həkim səviyyəsinə çatmayıb və fəaliyyətini daha çox standart qaydalar üzərində qurur. Halbuki hər bir pasiyentin vəziyyəti və xəstəlik tarixçəsi unikal olduğu üçün fərdi yanaşma tələb edir. Məhz bu məqamda diaqnozun dəqiqliyi üçün həkimin yüksək peşəkarlığı və insan faktoru həlledici rol oynayır. Təcrübəli mütəxəssislər görüntüləri süni intellektdən qat-qat dəqiq şərh edirlər, bu səbəbdən peşəkar radioloqun yazdığı protokollar daha üstündür.

Müasir texnologiyalar gənc mütəxəssislərin diqqətindən qaçan xırda detalları tapmaqda bəzən daha sürətli olsa da, həkimlərin biliyi və illərlə topladığı təcrübə görüntüləri dərindən anlamağa kömək edir. Çünki təcrübəli radioloq yalnız görüntüyə baxmaqla kifayətlənmir, o, pasiyentin ümumi vəziyyətini, xəstəlik tarixçəsini və laborator analizlərini birləşdirərək yekun qərar verir. Məhz bu səbəbdən, süni intellektin nəticələrinə tam güvənib müalicəyə başlamaq, hələ ki, riskli və yanlış addımdır. Peşəkar radioloqların hazırladığı rəylər bu gün də diaqnostikada ən etibarlı istinad mənbəyi hesab olunur.

Gələcəkdə süni intellektin radioloqların işini tamamilə əvəz edib-etməyəcəyini indidən söyləmək çətindir, çünki bu, həm texnoloji, həm də etik tərəfləri olan mürəkkəb bir prosesdir. Hazırda bu texnologiyanın verdiyi nəticələrə tam etibar etmək məsləhət görülmür. Çünki süni intellekt bir görüntünü eyni anda bir neçə fərqli və ziddiyyətli ehtimalla təhlil edə bilir ki, bu da xəstələrdə ciddi narahatlıq və yanlış təsəvvür yaradır.

Bir sözlə, süni intellekt nə qədər inkişaf etsə də, bugünkü reallıqda o, peşəkar həkimin biliyini və təcrübəsini əvəz edəcək səviyyədə deyil. O, yalnız köməkçi bir vasitə ola bilər, lakin son qərar və məsuliyyət hər zaman mütəxəssisin üzərinə düşür.

Ekspert rəylərindən də göründüyü kimi, süni intellekt tibb sahəsində inqilabi yeniliklər vəd etsə də, rəqəmsal zəkanın insan təfəkkürünü üstələməsi imkansızdır. Çünki ən ağıllı robot belə bir həkimin xəstəsinə verdiyi inamı və şəfqəti əvəz edə bilməz. Müasir diaqnostikada sürət və analiz qabiliyyəti baxımından əvəzsiz olan alqoritmlər, mürəkkəb tibbi qərarların verilməsində hələ də insan təcrübəsinə, intuisiyaya ehtiyac duyur. Süni intellekti həkimə rəqib deyil, onun imkanlarını genişləndirən güclü bir alətdir.

Bir zamanlar dolayı üsullarla müalicə aparanlar “zorən təbib” adlandırılmışdı. Süni intellekti hər bir xəstə ilə fərdi müalicə üsulu quran həkimin canlı fəaliyyəti ilə müqayisə edəsi olsaq, bu texnoloji-informativ vasitəni də çağdaş “zorən təbib” kimi qəbul etməliyik. Təəssüf ki, son vaxtlar özünü süni intellekt reseptləri ilə sağaltmaq istəyənlərin sayı çoxalıb. Unutmaq olmaz ki, belə “zorən təbib”lik ağır nəticələrə səbəb olur.

Elenora HƏSƏNOVA
XQ





Sosial həyat