Xalq artisti, dünya şöhrətli muğam ustadı Alim Qasımov Kanada Azərbaycan Evinin qonağı olub. O, icma üzvləri və Azərbaycan Evinin nəzdində fəaliyyət göstərən “Mənim Azərbaycanım” həftəsonu məktəbinin şagirdləri ilə görüşüb.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Kanada Azərbaycan Evinin rəhbəri Lalin Həsənova qonaqları salamlayaraq, Alim Qasımovu və onu müşayiət edən musiqiçiləri Kanadada görməkdən məmnunluğunu ifadə edib. Görüş zamanı Alim Qasımovun Torontoda keçirilən konsertinin son dərəcə möhtəşəm və unudulmaz olduğu vurğulanıb, onu yenidən Kanadada görmək istəkləri dilə gətirilib. Görüş Azərbaycan mədəniyyətinin Kanadada tanıdılması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyıb.
Xatırladaq ki, Alim Qasımov Cənubi Azərbaycan icmasının üzvü Saşar Zariflə birgə təşkil edilən “Mahabbet” konsert proqramı çərçivəsində Kanadada səfərdə olub.
Mustafa Kamal
XQ