Valeh CƏFƏROV,
AMEA-nın müxbir üzvü
Mən 60 ildir ki, kimya elmi sahəsində çalışıram. Amma mətbuata, ədəbiyyatımıza, folklorumuza bağlılığım güclüdür. Klassiklərimizdən, ustadlarımızdan yetərincə bəhrələnməyə çalışmışam.
Dilçi olmasam da, Azərbaycan dilinin qayda-qanunlarına həmişə hörmətlə yanaşıram. Bunu həm də vətəndaşlıq borcu hesab edirəm. Çünki dilimiz minilliklərin yaddaşından süzülərək durulub, saflaşıb, paklaşıb, bu günümüzə qədər gələrək kamilləşib və müdrik bir dilə çevrilib.
Əlbəttə ki, dil hər bir millətin ən dəyərli milli sərvətidir və mənsub olduğu xalqın varolma düsturudur. Bu baxımdan, dilimizin saflığını, incəliyini, zərifliyini və müqəddəsliyini qorumaq hər bir ziyalının, hər bir vətəndaşın, hər bir qələm sahibinin – alimin, yazıçının, şairin, jurnalistin müqəddəs borcudur.
Dilimizin ahəngini və axıcılığını qoruyan bir sıra qaydalar mövcuddur. Bu qaydalar əsrlər boyunca, əsas etibarilə, bütün türk dillərində qorunub və zaman-zaman inkişaf etdirilib. Hətta “Orxon-Yenisey abidələri”ndə (VII–VIII əsrlər) və “Kitabi-Dədə Qorqud” dastanlarında (XI–XII əsrlər) bu qanunun izləri görünməkdədir.
Möhtəşəm ədəbi abidəmiz olan “Kitabi-Dədə Qorqud”un mükəmməl bir sənət nümunəsi olması, məna dolğunluğu, dilinin rəvanlığı, ifadə tərzi, söz zənginliyi onu deməyə əsas verir ki, bu eposa qədər xalqımızın şifahı dili ilə yanaşı, yazılı ədəbi dili də kifayət qədər inkişaf etmişdir. Çünki belə bir kamil, möhtəşəm sənət abidəsini yaratmaq üçün böyük təşəkkül mərhələsi keçmiş zəngin təcrübə və qüdrətli söz bazası olmalı idi.
Əsrlər boyu Azərbaycan dili, eyni zamanda, bütün Qafqazda yaşayan xalqlar arasında əsas ünsiyyət vasitəsi olub. Hələ XIX əsrdə tanınmış rus şairi M.Y.Lermontov Qafqazda olarkən dostu Svyatoslav Rayevskiyə yazırdı ki, Avropada fransız dilini bilmək nə qədər vacibdirsə, Qafqazda da Azərbaycan dilini bilmək bir o qədər əhəmiyyətlidir.
Rəsmi dövlət dilimiz olan Azərbaycan dili ölkəmizdə yaşayan 10 milyondan artıq vətəndaşın, müxtəlif xalqların və etnik qrupların əsas ünsiyyət vasitəsidir. Azərbaycan dili, eyni zamanda, İran İslam Respublikasında yaşayan 30 milyondan artıq soydaşımızın, dünyanın bir çox ölkəsinə səpələnmiş həmyerlilərimizin, İraq dövlətinin ərazilərində yaşayan 200 min Kərkük türkünün və türkmənlərin də ana dilidir. Bu isə o deməkdir ki, Azərbaycan dili dünya azərbaycanlılarının həmrəyliyinin, milli birliyinin təməlinə, rəmzinə çevrilib və qorunmalıdır.
Əlbəttə, ümummilli lider Heydər Əliyevin dilimizin qorunub saxlanmasında əvəzsiz xidmətləri olmuşdur. Unudulmaz dahi şəxsiyyətin bu fikirləri aforizm səviyyəsinə qalxıb: “Hər bir xalqın milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”. Yaxud: “Mən fəxr edirəm ki, türk dillərinə mənsub olan Azərbaycan dili bu qədər zəngindir, bu qədər bədii ifadələrlə doludur və biz həyatın bütün sahələrinə aid olan fikirlərimizi öz ana dilimizdə ifadə edə bilərik”.
Prezident İlham Əliyev də çıxışlarında, insanlarla olan söhbətlərində, bölgələrdə keçirdiyi görüşlərdə dəfələrlə bu məsələyə toxunub. Hər zaman dövlət rəmzlərinə, o cümlədən Azərbaycan dilinə, əlifbasına, mədəniyyətinə, incəsənətinə, milli adət-ənənələrinə xüsusi ehtiramla yanaşaraq onun fəzilətlərindən söz açıb, qloballaşma prosesinin təsiri ilə mürəkkəb dövr yaşayan ana dilimizin bu gün qorunmağa və möhkəmlənməyə daha çox ehtiyacı olduğunu dilə gətirib.
Düşünürəm ki, möhtərəm Prezidentimizin ötən il noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncağında etdiyi çıxışın məqamlarına dönə-dönə diqqət yetirməkdə fayda var. Dövlət başçımız deyib: “Bizim zəngin dilimiz var və Azərbaycan ədəbiyyatı bunu təsdiqləyir. Ancaq indi dünyada gedən qloballaşma prosesləri, digər proseslər istər-istəməz dilimizə də təsir edir, biz dilimizi xarici təsirlərdən qorumalıyıq. Bizim dilimizə lüzumsuz xarici kəlmələr lazım deyil. Bizim dilimiz o qədər zəngindir ki, istənilən fikri, istənilən məsələni ifadə etmək mümkündür. Ancaq biz görürük ki, bəzi hallarda həm kütləvi informasiya vasitələrində, həm də digər sahələrdə dilimizə yad kəlmələr daxil olur. Bunlar dilimizi zənginləşdirmir, əksinə, bəzən mövcud sözlər yeni sözlərlə əvəzlənir və mən bunun qəti əleyhinəyəm. Bu gün fürsətdən istifadə edərək, bir daha bildirmək istəyirəm ki, hamımız öz dilimizi qorumalıyıq”.
Elm məbədinin yubileyində dövlət başçısının dilimizə münasibətlə bağlı çıxışı, onun saflığının qorunması üçün digər sənət sahibləri ilə bərabər, alimlərə müraciəti məni də çox sevindirdi və bu yazı üzərində işləməyə sövq etdi. Təbii olaraq onun tərəfdarıyam ki, istənilən dil zaman-zaman texniki tərəqqinin, iqtisadiyyatın, texnologiyanın inkişafı ilə bağlı lüğət fonduna yeni sözlər daxil etmək məcburiyyətində qalır. Bu, təbii prosesdir, bütün zamanlarda özünü göstərib. Bununla belə, hər hansı bir sözü lüğət fonduna daxil etməzdən öncə araşdırmaq lazımdır ki, sözün qarşılığı öz dilimizdə var, yoxsa yox. Əlbəttə, ilk növbədə, dilin öz sözündən istifadə etmək lazımdır. Əgər yoxdursa, onda o söz götürülən dildən ya olduğu kimi saxlanılır, ya da dilin qaydalarına uyğunlaşdırılaraq işlədilir.
Tarixi təcrübə də göstərir ki, bu qəbildən olan sözlər zaman keçdikcə dilimizdə vətəndaşlıq hüququ qazanır. Amma yabançı ifadələr ehtiyac yaranmadığı halda bəzi jurnalist, şair, yazıçı, aparıcı və alimlər tərəfindən zorla dilimizə pərçim edilirsə, bu, dilimizi çirkləndirməkdən başqa heç bir işə yaramır. Bununla da dil öz gözəlliyini, incəliyini, zərifliyini itirir, lüğət fondu tikan basmış gülüstana bənzəyir.
Müşahidələr onu deməyə əsas verir ki, indiki dövrdə dilimizə ən böyük zərbəni bəzi özəl televiziya kanalları və reklam agentlikləri, eləcə də bu əsrdə meydana çıxan “internet-media”lar vurur. Bu sahədə fəaliyyət göstərənlər bilməlidirlər ki, 1992-ci ildə müstəqil Azərbaycan Respublikasında dövlət dili haqqında Qanun qəbul edilib. 1995-ci ilin referendumunda qəbul edilən yeni Konstitusiyanın 21-ci maddəsində Azərbaycan dilinin dövlət dili statusu təsbit olunub. Bu tarixlər Azərbaycan dilinin dövlət dili kimi hüquqi və siyasi mövqeyinin formalaşmasında mühüm mərhələləri göstərir.
Ulu öndər Heydər Əliyev Azərbaycan dilinin dövlət dili kimi tətbiqində mövcud olan çatışmazlıqların aradan qaldırılması məqsədilə 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalamışdı. Bu sənəd milli dilin dövlət idarəçiliyində, təhsil sistemində və digər ictimai sahələrdə daha effektiv tətbiqini təmin etmək üçün hüquqi və təşkilati əsasların möhkəmləndirilməsinə yönəlmişdi.
Dövlət dili haqqında Qanunu vərəqləsək, görərik ki, “Dövlət dilinin televiziya və radio yayımlarında işlənməsi” adlı 6-cı maddəsində deyilir: “Mülkiyyət formasından asılı olmayaraq, Azərbaycan Respublikası ərazisində təsis edilən və fəaliyyət göstərən, dövlət dilində yayımlanan bütün televiziya və radio kanallarının aparıcıları bu dili mükəmməl bilməli və səlis danışıq qabiliyyətinə malik olmalıdırlar”. Qanunun “Dövlət dilinin xidmət sahələrində, reklam və elanlarda işlənməsi” adlı 7-ci maddəsində isə deyilir: “Azərbaycan Respublikası ərazisində bütün xidmət sahələrində, reklam və elanlarda dövlət dili işlənilir. Əcnəbilərə xidmət göstərilməsi ilə bağlı müvafiq xidmət sahələrində dövlət dili ilə yanaşı, digər dillər də tətbiq oluna bilər. Zəruri hallarda elanlarda (lövhələrdə, tablolarda, plakatlarda və sair) dövlət dili ilə yanaşı, digər dillərdən də istifadə oluna bilər”. Təəssüflər olsun ki, mühüm əhəmiyyət daşıyan bu maddələrin tələblərinə bəzi teleradio kanallarında və onların yayımladıqları müvafiq reklam çarxlarında əməl olunmur. Televiziya aparıcıları dilimizi bərbad hala salmaqda sanki bir-biri ilə yarışa giriblər.
Şadlıq sarayları, ticarət mərkəzləri və bu qəbildən olan digər məkanların adları da təəccüb doğurmaya bilməz. Bunlar sanki Avropa ölkələrini xatırladır. Zənnimcə, hər hansı obyektə ad seçilərkən dilçi alimlərlə, bu sahənin mütəxəssisləri ilə razılaşdırılmalı, eyni zamanda, qanunun tələblərinə əməl olunmalıdır. Digər tərəfdən, mətbuatda dilimizə uyuşmayan bəzi sözlərə daha çox yer ayrılır. Məsələn, “diskussiya”, “arqument”, “resurs”, “kvota”, “vakant”, “mental”, “kollokvium”, “eksperiment” və bu qəbildən olan bir çox sözlərin dəb xatirinə işlədilməsinin mənfi təzahürlərini aydınca görməkdəyik.
Prezident qeyd etdi ki, təbii olaraq, biz digər dillərin öyrənilməsinin əleyninə deyilik, əksinə, tərəfdarıyıq. Çünki belə bir deyim var: 1 dil bilirsənsə, 1 adamsan, 5 dil bilirsənsə, 5 adam. Həmçinin getdiyin ölkələrdə yerli dildə danışmağın, yaxud dünyanın tanınmış yazıçı və şairlərinin əsərlərinin əslini oxumağın nəyi pisdir ki?!
Dilimizin saflığına yönəldilən mənfi ünsürlərlə bağlı daha bir məsələyə xüsusi toxunmaq istərdim. Futbol dünyada ən geniş yayılmış və ən çox izləyici kütləsi qazanmış idman növlərindən biridir. Bu baxımdan, futbol yarışlarını şərh edənlərin dilimizə münasibəti narahatedicidir. Baxın, onilliklər boyu işlədilən qapıçı sözünə “qolkiper”, küncdən zərbəyə “korner”, yandan atışlara “tac”, 11 metrlik cərimə zərbəsinə “penalti”, oyun, yarış əvəzinə “matç” deyirik. Halbuki, yuxarıda qeyd etdiyim kimi, bunların hər birinin dilimizdə çox gözəl qarşılığı var. Belə halda, digər sözlərin pərçim edilməsi yolverilməzdir.
Qeyd etdiyim kimi, uzun illərdir ki, kimya sahəsində elmi-tədqiqat işləri ilə məşğul oluram. Bu baxımdan deyə bilərəm ki, kimya sahəsinə aid bir çox sözlərin də dilimizdə dəqiq qarşılığı var, amma yenə də dilimizlə uzlaşmayan: aramatizasiya, utilizasiya, polimerizasiya, neytralizasiya, eterefikasiya, polikondensasiya, vulkanizasiya, adsorbsiya, denaturasiya və s. kimi sözlər işlədilir. Məncə, belə hallara çox həssaslıqla yanaşmaq lazımdır.
Yanvar ayının 5-də möhtərəm Prezidentimiz İlham Əliyevin yerli televiziya kanallarına verdiyi ənənəvi müsahibəsində bir daha dilimizlə bağlı məsələyə qayıtması, bu məsələni sadəcə dilçilik problemi kimi deyil, milli təhlükəsizlik və dövlətçilik məsələsi kimi qiymətləndirməsi bir daha sübut etdi ki, həqiqətən də “...dil o amildir ki, milləti millət edir. Biz bütün dövrlər ərzində dilimizi qorumuşuq və bu gün danışdığımız Azərbaycan dili bizim ulu babalarımızın danışdığı Azərbaycan dilindən fərqlənmir. ...Dilimizi nə qədər çox qorusaq, nə qədər saf, təmiz saxlasaq, o qədər də millətimiz, necə deyərlər, saf olacaq və milli kimliyimiz həmişə bərqərar olacaq”.
Dövlət başçısı Azərbaycan dilinin zənginliyini və axıcılığını, ahəngdarlığını vurğulayaraq bildirdi ki, bu dildə istənilən fikri ifadə etmək, istənilən şeiri yazmaq mümkündür. Ölkə rəhbəri bir çox xarici həmkarlarından da Azərbaycan dilinin gözəlliyi barədə müsbət rəylər eşitdiyini vurğulayıb.
Prezidentimiz Azərbaycan dilini qorumağı hər bir vətəndaşın vəzifəsi hesab edir və hamını bu mübarizəyə dəvət edib, dil məsələsinin dövlətçiliyin mövcudluğu ilə birbaşa əlaqələndirib: “Dil əldən gedəndən sonra, yaxud da ki, pozulandan sonra, ya da başqa dilə tamamilə uyğunlaşandan sonra onda milli kimlik də gedəcək, ondan sonra dövlətçilik də gedəcək, ondan sonra, Allah eləməsin, ölkəmiz də, necə deyərlər, böyük fəlakətlə üzləşə bilər."
Ölkə başçısı xüsusilə jurnalistlərin məsuliyyətini vurğulayıb: “Efir məkanında ən çox danışan jurnalistlərdir və onlardan da xahiş edirəm, xarici kəlmələrdən istifadə etməsinlər”. Həmçinin şair, yazıçı və ziyalıları da bu məsələdə aparıcı mövqe tutmağa çağırıb və onların da bu prosesdə fəal rol oynamasının vacibliyini qeyd edib. Sözsüz ki, Prezidentin bu yanaşması Azərbaycan dilinin qorunması və inkişafı üçün kompleks yanaşmanın zəruriliyini göstərir. Axı xarici sözlərin düşünülməmiş şəkildə gündəlik danışıqda və mediada istifadəsi dilin zənginləşməsi deyil, əksinə, onun tədricən aşınması ilə nəticələnir. Xarici dilləri bilmək də müsbət haldır, lakin bu, ana dilinin hesabına olmamalıdır. Dövlət başçısının fikrincə, dilin qorunması təkcə qanunvericilik və inzibati tədbirlərlə deyil, ictimai məsuliyyət və milli şüur vasitəsilə mümkün ola bilər.
Dövlətimizin başçısı bu məsələni sadəcə dil problemi kimi deyil, milli təhlükəsizlik, dövlətçilik və gələcək nəsillərin milli kimliyi ilə bağlı strateji məsələ kimi qiymətləndirir, bayraq, gerb və himn kimi dövlət rəmzləri sırasında xüsusi yer tutduğunu bildirir. Azərbaycan əsrlər boyu müxtəlif imperiyaların tərkibində yaşamasına baxmayaraq, ana dilini qoruyub saxlaya bilmişdir. Bununla da ölkə rəhbəri sadalanan amilləri xalqın milli iradəsinin, mənəvi gücünün göstəricisi kimi qiymətləndirir və bütün cəmiyyəti bu istiqamətdə səfərbər olmağa səsləyir.
Sonda vurğulamaq istəyirəm ki, Azərbaycan dili çox gözəl dildir, görün, bu dildə kimlər danışıb, kimlər əvəzsiz bədii ədəbiyyat nümunələri yaradıblar! Dilimizi sevək, göz bəbəyi kimi qoruyaq, yad ünsürlərlə çirklənməsinə imkan verməyək, Qoy dilimiz dünya dillərinə meydan oxusun, mən də varam desin!

